Logo
news content
User
Kateqoriyalar

Xəbər

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycandan deportasiya edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşları ötən il avqustun 17-də Bakıda Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək qeyri-etik videolar çəkməkdə ittiham olunublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb və hər üç şəxs həbs olunublar.

Daha sonra Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dünən Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirib, cəza iki ildən 6 aya endirilib. Onların həbs müddəti bu gün başa çatıb.

Əcnəbilər barəsində məhkəmə hökmü ilə tətbiq edilmiş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının icrası məqsədilə həmin şəxslər 18.02.2026-cı il tarixində Dövlət Miqrasiya Xidmətinə təhvil verilib, eyni gündə onların ölkə hüdudlarından kənara çıxarılması və qanunla müəyyən edilmiş müddətdə ölkəyə girişlərinin məhdudlaşdırılması təmin edilib.