Altay Göyüşova qiyabi 6 il həbs verilib
19 Fevral 2026
Fevralın 18-də hazırda xaricidə olan tarixçi Altay Göyüşovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, A.Göyüşovun 7 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Məhkəmədə müşavirədən sonra qiyabi hökm oxunub. Hökmə əsasən, A.Göyüşov 6 il müddətinə azadlıqdan məhrum edilib.
A.Göyüşov Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Hökmə onun münasibəti bəlli deyil.
Tarix elmləri namizədi A.Göyüşov Azərbaycan hakimiyyətinin tənqidçilərindəndir. Bakı Dövlət Universiteti və Siyasi Araşdırmalar İnstitutunda çalışıb. Müsavat Partiyasında, ReAL Hərəkatında təmsil olunub, hər iki qurumu tərk edib. A.Göyüşov hazırda Parisdəki "Sciences-Po" Universitetində elmi işçi kimi çalışır.