Azərbaycanın ümumi ticarət dövriyyəsi azalsa da, Çinlə artır
19 Fevral 2026
Çin və Azərbaycanın ticarət əlaqələri güclənir. Bu ilin yanvarında bu iki ölkə arasında ticarət əməliyyatlarının həcmi 417.8 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 38.3 milyon ABŞ dolları və ya 10.1 faiz çoxdur.
Hesabat dövründə Çin ilə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11.81 faizi həcmində olub. Sözügedən ölkə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında üçüncü pillədə qərarlaşıb.
Bu ilin yanvarında Azərbaycandan Çinə 10.2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 9.065 milyon ABŞ dolları və ya 9.2 dəfə çoxdur.
Çindən Azərbaycana isə 407.7 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. Bu da 29.2 milyon ABŞ dolları və ya 7.7 faiz artım deməkdir.
Bu ilin yanvarında Azərbaycan xarici ölkələrlə 3.538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1.5 milyard dollar və ya 30.5 faiz azdır.
Xarici ticarət dövriyyəsinin 2.236 milyard ABŞ dolları ixracın, 1.302 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 802 milyon dollar (26.4 faiz), idxal isə 750 milyon dollar (36.5 faiz) azalıb.
Yekunda xarici ticarətdə 933.6 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 52.4 milyon dollar və ya 5.3 faiz azdır.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə edilir. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Ötən il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.
Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib. Amma Azərbaycan müxalifəti hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri inkişaf etdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.
Üstəlik, onlar hesab edirlər ki, Çinlə yaxınlaşma ABŞ ilə güclənən əməkdaşlığa xələl gətirə bilər.