Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hər beş avropalıdan biri diktaturaya üstünlük verə biləcəyini deyir

Hər beş avropalıdan biri deyir ki, bəzi hallarda diktatura demokratiyadan üstün ola bilər. "POLITICO" bunu bir sorğuya istinadla yazır.

Sorğunu "AboutPeople" tədqiqat şirkəti "Progressive Lab" analitik mərkəzinin sifarişi ilə beş ölkədə - Yunanıstan, Fransa, İsveç, Böyük Britaniya və Rumıniyada keçirib.

Üzə çıxan odur ki, qitədə əhəmiyyətli azlığın parlament əleyhinə baxışları var, ifrat sağçı qüvvələri demokratiyaya təhlükə saymır.

Noyabrın 25-dən dekabrın 16-dək aparılan sorğunu ilk dəfə POLITICO dərc edib. Araşdırmaya görə, geniş yayılmış narazılıq demokratiyanın özündən çox, onun praktikada necə işləməsi ilə bağlıdır. Yunanıstanda respondentlərin 76 faizi ölkələrində demokratiyanın necə işləməsindən narazılıq bildirib. Bu göstərici Fransada 68, Rumıniyada 66, Böyük Britaniyada 42, İsveçdə 32 faiz olub.

Araşdırma fonunda Avropada populist və millətçi qüvvələrə dəstək artır, Almaniya, Fransa və Böyük Britaniyada ifrat sağçı partiyalar seçkilərdə yüksək nəticələr göstərirlər.

Mançester Universitetinin siyasi elmlər professoru Dimitris Papadimitriu Avropa ölkələri arasındakı ənənəvi bölgülərin aradan qalxdığını, mənzərənin daha da mürəkkəbləşdiyini deyir. Məsələn, son illər sürətli iqtisadi artım yaşayan Rumıniya kimi ölkələrdə liberal demokratiyaya inam artmır: "İsveç kimi varlı ölkələrdə demokratik institutlar təzyiq altındadır, vətəndaşların onlara inamı azalır. Fransa, qismən də Böyük Britaniya dərin böhran içindədir".

Respondentlərin 22 faizi - hər 5 nəfərdən biri müəyyən hallarda diktaturaya üstünlük verə biləcəyini deyib. 26 faiz isə bu fikirlə razılaşdığını dilə gətirib.

Amma sorğu avtoritar idarəçiliyə qarşı müqavimətin də hələ güclü olduğunu üzə çıxarıb, respondentlərin 69 faizi bu təklifi rədd edib.