Logo
news content

İranın qara yanvarı
Tələblər yerinə yetirildikdən, İran yeniləndikdən sonra bu tarixə baxış dəyişəcək

Yanvar son 121 ildə qanlı qırğınları ilə daha çox yadda qalıb. Məsələn, 1905-ci il yanvarın 9-da çar Rusiyasında fəhlələr ölkədəki ağır sosial-iqtisadi vəziyyətə, korrupsiya və bürokratik süründürməçiliyə etiraz olaraq Sankt-Peterburqda etiraz aksiyası keçirib. Onlar çar I Nikolayın ədalətli olduğuna inanaraq, ona imzalı müraciət göndərmiş, “Allah, çarı qoru!” mahnısını oxuyaraq Qış sarayına yürüş etmişdilər. Ancaq elə “ədalətli çarın” göstərişi ilə də fəhlələrin dinc nümayişi gülləbaran edilmişdi. Rəsmi mənbələrə əsasən, həmin hadisələr nəticəsində 139-dan çox nümayiş iştirakçısı ölmüşdü. Bəzi mənbələr rəqəmin daha böyük olduğunu bildirir. Bu hadisə bazar günü baş verdiyindən ona tarixdə “qanlı bazar günü” adı verilib. 

Sonra bu hadisəni birinci rus inqilabı olaraq adlandırdılar. “Qanlı bazar günü” Rusiyada çara qarşı hərəkata, inqilaba təkan verdi. 

Keçmiş SSRİ-də də yanvar ayı müttəfiq respublikalar üçün qan və faciəli hadisələrlə yadda qalıb. 1990-cı il yanvarın 20-də və başqa günlərində Azərbaycanın Bakı, Neftçala, Cəlilabad və Lənkəran, 1991-ci ilin bu ayında Litvanın Vilnüs və Latviyanın Riqa şəhərlərində də qanlı hadisələr yaşanıb. 

Həmin tarixdə müttəfiq respublikaların əhalisi SSRİ-nin onlara vətən olmadığına, kommunist partiyası başçılarının isə cəlladlığına əmin oldular. Yanvar hadisələrindən sonra SSRİ-nin çökməsi prosesi sürətləndi. Kommunistləri maskası yırtıldı, onun “velikorus” mahiyyət ifşa olundu. 

Yanvarda baş vermiş belə hadisələrə dair çoxlu sayda örnəklər göstərmək olar. 

Bunlardan biri də 2026-ci il yanvarın 10-dan İranın Tehran, Təbriz, Urmiya, Ərdəbil, Şiraz, Zahidan və başqa şəhərlərində etiraz aksiyalarının qanla boğulmasıdır. Bu aksiyaların iştirakçıları hakimiyyətin təhlükəsizlik, polis, hərbi qüvvələri, SEPAH və onun əsas kadr bazası sayılan yarımhərbi bəsic təşkilatının üzvləri tərəfindən gülləbaran edilib, bəziləri hətta soyuq silahla qətlə yetiriliblər. 

İran hakimiyyəti etiraz aksiyalarını yatırmaqda özünü Çinə oxşadıb. 1989-cu il aprelin 15-dən iyunun 4-ə qədər keçirilən etiraz aksiyalarının əsas tələbləri demokratik islahatlar, Çin Kommunist Partiyasındakı korrupsiyaya qarşı mübarizə, söz və mətbuat azadlığı, iqtisadi islahatların aparılması olub. Güc strukturları Pekinin Tyananmen meydanında və başqa ərazilərdə 10 min 454 etirazçı öldürüldüyünü etiraf edir. Ancaq qətlə yetirilən dinc aksiya iştirakçılarının sayının bundan çox olduğu da istisna olunmur. 

İran hakimiyyətinin də aksiya iştirakçılarına qarşı rəsmi Pekin kimi davrandığını müşahidələr təsdiqləyir.

Britaniyada çıxan “Sunday Times” qəzetinin yaydığı məlumata əsasən İranda baş verən etirazları zamanı ölənlərin sayı azı 16 500 nəfərdir. Yaralananların sayının isə təxminən 330 000 nəfərə çatdığı iddia olunur. Qəzet həmçinin qeyd edib ki, proqnozlara görə, etirazların yatırılması zamanı 8 000-dən çox insan görmə qabiliyyətini itirib.

Hadisə şahidlərindən birinin dediklərini diqqətinizə çatdırmaq istəyirik. Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyadan olan şahid bildirib: “Çoxlu sayda insanı öldürdülər və həbs etdilər”. Urmiyanın başqa bir sakininin dediyinə görə, son günlərdə şəhərdəki vəziyyət misli görünməmiş repressiya, geniş miqyaslı həbslər və vətəndaşların yoxa çıxması ilə xarakterizə edilir: “Aksiyaya gələnlərin sayı gözlədiyimizdən daha çox idi”. Şahid bildirib ki, şənbə günündən etibarən həbslər və qətliamlar dalğası başladı: “Bir çox insan həbs edildi və bir çoxu öldürüldü. Mənim dostumu da aparıblar. Biz qaça bildik, amma ondan hələ də bir xəbər yoxdur".

O həmçinin qeyd edib ki, bir neçə gündür atəş səsləri eşidilir, ancaq neçə nəfərin öldürüldüyünü bilmirlər.

Şahid əlavə edib ki, təhlükəsizlik qüvvələri bəzi hallarda insanları birbaşa evlərindən aparıblar: "Dostumun əmisinə zəng edib, evdən özləri ilə apardılar. Növbəti gün zəng edib dedilər: “Gəlin cəsədini götürün”. Bir çoxlarını belə apardılar və sonra cəsədlərini geri qaytardılar".

Şahid deyib ki, Urmiya hərbi şəhərə çevrilib: "Bu, Tehran qədər böyük deyil. Bütün şəhər silahlı hərbi qüvvələrlə doludur - hər yerdə zabitlər və bəsic var. Hətta insanları qorxutmaq üçün xüsusi geyimli uşaq bəsic gətirib çıxarıblar".

Şahid həmçinin ciddi nəzarət və yoxlamaların mövcudluğunu qeyd edib: "Axşam saat 10-dan sonra maşınları saxlayıb yoxlayırlar. Şəhər faktiki olaraq yazılmamış, elan edilməmiş hərbi qanunlarla idarə olunur".

O bildirib ki, sərt repressiyalara baxmayaraq, hakim qüvvələr özlərinin hər gün təhlükə altında olduğunu anlayırlar: "Onlar da bilirlər ki, vaxt keçdikcə vəziyyət daha təhlükəli olur”.

Dostunun hələ də itkin düşdüyünü deyən şahid vurğulayıb: "Biz onun ailəsi ilə bütün polis məntəqələrinə, həbsxanalara, məhkəmələrə getdik. O heç yerdə deyildi. Biz sadəcə kiçik bir məntəqəyə getdik və orada təxminən yüz başqa ailə var idi, hamısı öz uşaqlarını axtarırdı".

O, əlavə edib: "Məmurlar hamıya “o burada deyil' deyirdilər. Onların həqiqətən doğru dedikləri, yoxsa ailələrə əziyyət vermək üçün qəsdən yalan dedikləri aydın deyildi". Şahid itkin düşənlərin sayının yüksək olduğunu vurğulayıb: “Bir çox insan bu cür yoxa çıxıb. Həqiqətən çoxdur. Onların harada saxlanıldıqlarını təsəvvür edə bilmirəm”.

Şahidlərin iddiasına əsasən, Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə, Qərbi Azərbaycanın mərkəzi Urmiyada və Ərdəbil vilayətinin Ərdəbil və Meşkinşəhr şəhərlərində bəsic qüvvələri yaralı etirazçıları xəstəxanalarda öldürürlər.

Yayılan bu videoda Tehranda hərbi və təhlükəsizlik qüvvələri etirazçılara – tamamilə silahsız və əlləri boş olan vətəndaşlara – birbaşa atəş açdığını da görmək olar. 

Şahid ifadəsinə əsasən, etirazçıların silahı olmayıb və silahlı təhlükə yaratmayıblar. Onun sözlərinə görə, buna baxmayaraq, hərbiçilər, yaxud hakimiyyətin əli silahlı qüvvələri onlar birbaşa atəş açıb.

ABŞ Dövlət Departamenti İranda 19 yaşlı gəncin edama məhkum edilməsini qınayıb. Qurum bu barədə fars dilində “X” səhifəsində bildirib: “19 yaşlı Əmirhüseyn Qadirzadənin dinc etiraza çıxdığına görə edama məhkum edilməsi İran rejiminin öz xalqının səsini boğmaq üçün nə qədər irəli getdiyini göstərir. Əhalisinin təqribən 50%-i 30 yaşdan aşağı olan bir ölkədə rejim öz gənclərini edam etməyi onları dinləməkdən üstün tutur. Gənclərə rəhm etməyən rejim bir şeyi aşkar formada göstərir: İranda heç kim bu rejimin zorakılığından sığortalanmayıb. Biz İran rəsmilərindən təcili surətdə Əmirhüseyn Qadirzadənin edam hökmünü dayandırmağı, dinc etiraza çıxdıqlarına görə həbs olunan bütün insanların azadlığa buraxılmasını və İran xalqının fundamental haqlarına riayət edilməsini istəyirik”.

İranda davam edən etiraz aksiyaları zamanı daha bir gəncin həlak olduğu bildirilib. Tehran Universitetinin italyan dili ixtisası üzrə tələbə Rəha (Zəhra) Bəhlulpur İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülüb. Məlumata görə, Qaşqay türklərindən olan Rəha Bəhlulpur yanvarın 9-da birbaşa hədəfə alınıb. Açılan atəş nəticəsində güllə onun ağciyərinə dəyib. O, aldığı ağır güllə yarasından həyatını itirib.

Rəha Bəhlulpur 2002-ci il dekabrın 21-də doğulub. O, ailənin ikinci övladı olub. Yaxınları bildirib ki, öldürülməzdən az öncə sosial mediada paylaşdığı qısa mesajda “əbədi azadlıq” arzusunu ifadə edib. Məlumata əsasən, Rəhanın dəfn mərasimi doğulduğu Firuzabad şəhərində keçirilib. 

İranda etirazçılara atəş açmaqdan imtina edən hərbçi də edama məhkum edilib.

İran məhkəməsi İsfahan şəhərində kütləvi etirazlar zamanı nümayişçilərə atəş açmaq əmrinə tabe olmayan Cavid Xales adlı əsgər barəsində edam hökmü çıxarıb. Məlumatı insan haqları təşkilatları yayıb. Bildirilib ki, əsgər etirazçılara qarşı silah işlətmək əmrinə qarşı çıxdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və xüsusi təcridxanaya aparılıb. Məlumata görə, Cavid Xales qısa müddət ərzində məhkəmə qarşısına çıxarılıb və onun barəsində ölüm hökmü verilib. Ancaq hərbçiyə elan olunmuş konkret ittihamlar haqqında rəsmi məlumat yoxdur.

Təbrizdə tanınmış həkim döyülərək saxlanılıb. Təbriz Tibb Elmləri Universitetinin müəllimi, ginekoloq Şəmsi Abbasəlizadə aksiyalar zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən döyülüb. Məlumata görə, o, aldığı zərbələr nəticəsində beyin zədəsi alıb və daha sonra saxlanılaraq naməlum yerə aparılıb. Hadisə ilə bağlı məlumatı güney azərbaycanlı vəkil və insan hüquq müdafiəçisi fəalı Qasım B. “X” hesabında paylaşıb. Həkimin saxlanıldığı yer və hazırkı durumu ilə bağlı rəsmi məlumat verilməyib. 

Qeyd edək ki, Abbasəlizadə daha öncə də – 2022-ci il etirazları zamanı həbs olunmuşdu. O, təbrizli gənc qadın həkim Aylar Həqqinin öldürülməsinə etiraz edən tələbə toplantılarına qatıldıqdan sonra bütün təhsil və tibbi fəaliyyətlərdən kənarlaşdırılmışdı.

Bunlar İran hakimiyyətin qanlı yanvarda törətdiyi çoxsaylı hadisələrdən nümunələrdir. 

Ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei başda olmaqla bütün məmurlar etirazçıların tələblərinə əməl edib ölkədəki ağrı vəziyyətdən çıxmaq yerinə, xaricdə və daxildəki hər kəsi günahlandırmaq yolunu seçiblər. 

Niyə hakimiyyətə qarşı etiraz edilir? Tehran hakimiyyəti niyə vəziyyəti bu yerə çatdırıb? Bu kimi çox saylı suallara cavab vermək, onu yaradan səbəbləri aradan qaldırmaqdansa, etiraz aksiyalarına divan tutulur, iştirakçıları zalımcasına öldürür, həbs edib, işgəncə verirlər. 

İranın daxili işlər naziri, ölkə polisinin rəisi, general Əhmədrza Radan “iğtişaş” zamanı cinayətkar fəaliyyətə aldananların hamısına cəzalarının azaldılması müqabilində könüllü olaraq polisə təslim olmağı təklif edib: “Təxribatçılar tərəfindən aldadılanlar üç gün ərzində təslim olsalar, cəzalarının əhəmiyyətli dərəcədə azaldılacağına ümid edə bilərlər”.

Tehranın yaranmış vəziyyətdən tapdığı çıxış yolu belə olur. Hakimiyyət bununla etiraz aksiyalarını ləkələyib, öldürdüklərinin qanını batırmaq istəyir...

İran cəmiyyətinin də yadında və tarixində yanvar qanlı qaldı. Ayətullah Seyid Əli Xameneinin Ərdəbildəki nümayəndəsi, şəhərin cümə imamı Həsən Amoli “Səhər Azəri” telekanalının “Kompas” verilişindəki çıxışında Bakıda 20 Yanvar hadisələrini şərh edərkən bu günü “Dünya Müsəlman Azərbaycanlılarının Birliyi Günü” kimi təqdim edib. Qulluq etdiyi rejimin mahiyyətindən doğan saxtakarlığa da yol verib: “Bu hadisələrdə ABŞ Sovet qüvvələrinə dəstək verib”.

Amoli dekabrın 31-i Dünya Azərbaycanlılarının həmrəylik gününü ört-basdır etmək üçün 20 Yanvarı belə adlandırır. Bundan başqa, əlinə imkan düşmüşkən ABŞ-ni də qaralamağı unutmur. 

Amoli və başqalarının dəyərləndirməsindən asılı olmayaraq, yanvar İran cəmiyyəti üçün qara, qanlı, faciəli olaraq yadda qalacaq. Aksiyaların tələbləri təmin olunduqdan, İran yeniləndikdən spnra bu tarixə baxış da dəyişəcək…