Logo
news content

Tehran küncə sıxılır
SEPAH terror təşkilatı elan olundu, İran dünyanın hər yerindən qovulur

Dünya siyasətində İran İslam Respublikası ilə münasibətlərin yeni mərhələsini başlanmış saymaq olar. Avropa İttifaqı İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatlarının siyahısına daxil edib. Bu barədə yanvarın 29-da Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

Əslində, bu, gözlənilən bir qərar idi. İllərdir, SEPAH-ın törətdiklərinə beynəlxalq hüquq baxımından qiymət verilməsi məsələsi müxtəlif qlobal çərçivələrdə müzakirə olunurdu. 

Son aylarda isə ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirəcəyi barədə müxtəlif səiyyələrdə, hətta ABŞ Prezidentinin adından açıqlamalar yayılırdı. Ancaq hələ də real addım atılmayıb. Əvəzində Ağ ev İslam Respublikasının neftinin ixracına görə çoxlu sayda gəmi və şirkətə sanksiya tətbiq edib.

Birləşmiş Ştatlar İranla bağlı sanksiya siyahılarına 8 fiziki şəxs və onlarla əlaqəli 9 neft tankerini daxil edib. Məlumatlara əsasən, sanksiyalar Hindistan, Liberiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Seyşel və Marşall Adalarında qeydiyyatdan keçmiş 8 neft-qaz və nəqliyyat şirkətinə tətbiq edilib. 

ABŞ Maliyyə Nazirliyi həmçinin ümumi lisenziya dərc edib ki, ona əsasən, 2026-cı  il fevralın 22-dək məhdudiyyətlər tətbiq edilən neft tankerləri Venesuela, İran və Rusiya limanları istisna olmaqla, istənilən limanlara daxil olmağa və dayanmağa icazə verilir. Bundan başqa, həmin tankerlərin ekipaj üzvlərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək, təmir işləri aparmaq, həmçinin tankerlərin yanvarın 23-dək yüklənmiş və daşınan yükün İran mənşəli olmaması şərti ilə göstərilən limanlarda gəmiləri boşaltmağa icazə verilir.

Sanksiya siyahısına daxil edilənlərin ABŞ-dəki aktivləri dondurulacaq, Ştatların vətəndaşları və şirkətlərinə onlarla ticarət sahəsində istənilən əməkdaşlıq qadağan olunacaq. 

ABŞ Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bildirib ki, sanksiya siyahısına 

daxil edilən şirkətlər aşağıdakılardır: 

- “Ait Ship Management Company” (Hindistan);

- “Benville Shipping Company” (Liberiya);

- “Black Rock Oil and Gas Company” (Oman);

-“Galran Services Company” (Seyşel adaları);

- “Horizon Harvest Shipping Company” (BƏƏ – Dubay);

-“Longitude Shipping Company Limited” (Marşal adaları);

- “Odyssey Marine Company”;

- “Trade Bridge Global Company”.

Nəzarət İdarəsinin məlumatına görə, sanksiyaya məruz qalan 9 tanker və gəmi Palau, Panama və Komor adaları bayraqları altında üzüb,  İran neftinin daşınmasında istifadə olunub. 

Belə görünür, ABŞ İrana qarşı çəkindiricilik taktikasını seçib. 

Yanvarın 28-də ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı ciddi hərbi addımlar atıldığını açıqlayıb. O, Ayova ştatındakı tərəfdarları qarşısında çıxışında bildirib ki, hazırda ölkəsinin “böyük hərbi qüvvələri İrana doğru hərəkət edir”: “Daha  böyük, gözəl armada hazırda İrana doğru irəliləyir. Ümid edirəm ki, razılığa gələcəklər”. 

Donald Tramp bu təzyiqlə İran hakimiyyətinin danışıqla bağlı razılığa gələcəyinə ümid edir. O, xatırladıb ki, 2025-ci ilin iyun ayında İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə zərbə endirilməsəydi, Tehran bir ay sonra nüvə silahına sahib olacaqdı. ABŞ lideri İranla bağlı vəziyyəti “dəyişkən” adlandıraraq, diplomatiya ilə razılıq əldə olunmasının vacibliyini vurğulayıb. 

İranın xarici işlər naziri Abbas Əraqçı isə bildirib ki, son bir neçə gündə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofla heç bir əlaqə saxlamayıb. Nazir eyni zamanda region ölkələrinin Tehran və Vaşinqton arasında vasitəçilik cəhdləri ilə bağlı yayılan məlumatları təsdiqləyib. Onun sözlərinə görə, İran məsləhətləşmələr aparan və vasitəçi kimi çıxış etməyə çalışan bir sıra ölkələrlə əlaqə saxlayır.

Əraqçı əlavə edib ki, hazırda heç bir konkret qərar qəbul edilməyib və İran tərəfindən rəsmi tələb irəli sürülməyib.

ABŞ SEPAH-ın Latın Amerikasında da terrorçu qruplaşma kimi tanınmasını istəyir.

“Reuters”in məlumatına əsasən, Vaşinqton Latın Amerikası ölkələrində “Hizbullah” və SEPAH-ın fəaliyyətindən narahatdır. ABŞ rəsmiləri bildirib ki, bu qurumlar uzun illərdir regionda mövcuddur və orada daimi şəbəkə formalaşdırıblar.

“Reuters”in məlumatına görə, ABŞ İrana casusluq etməkdə şübhəli bilinənlərin ölkədən çıxarılmasını və İslam İnqilabı Keşikçiləri qvardiyasının (SEPAH) terrorçu qrup kimi tanınmasını tələb edir. 

Agentliyin məlumatına görə, ABŞ eləcə də rəsmi Boliviya hökumətindən “Hizbullah” və HƏMAS-ın terrorçu təşkilatlar kimi tanınmasını tələb edib. 

Bu, Vaşinqtonun Tehranı Latın Amerikasından çıxarmaq üçün daha geniş strategiyasının bir hissəsidir.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yüksək vəzifəli rəsmisi Rik de la Torpe bildirib ki, Boliviyanın Tehran üçün dəyəri onun əlverişli siyasi atmosferindədir: “İran və “Hizbullah” ən liberal yurisdiksiyalardan mərkəz kimi istifadə edir. Sonra səssizcə təsirlərini yaxınlıqdakı daha əhəmiyyətli dövlətlərə genişləndirirlər”.

Ötən ilin oktyabrında mərkəzçi Rodrigo Pazın seçilməsi ölkədə iyirmi il davam edən solçu hakimiyyətə son qoyub. Yeni hökumət ABŞ ilə əlaqələri bərpa etməyə və investisiya cəlb etməyə çalışır. 

Vaşinqton Maduronun devrilməsindən sonra Venesuelanın müvəqqəti hökumətinə də oxşar təzyiq göstərərək, İranla əməkdaşlığı azaltmağı tələb etdi.

Yeri gəlmişkən, ABŞ-nin bu istiqamətdə səyləri fayda verir. Ekvador ötən ilin sentyabrında SEPAH, HƏMAS və “Hizbullah”ı terror təşkilatları olaraq tanıyıb, 

Argentina ötən həftə SEPAH-ı sanksiya siyahısına əlavə edib. Ağ ev Çili, Peru və Panama ilə də bu istiqamətdə danışıqlar aparır. 

Bu ay ABŞ Dövlət Departamenti və kəşfiyyat nümayəndə heyəti İranın regiondakı mövcudluğuna qarşı konkret tədbirləri müzakirə etmək üçün La Paza səfər edib.

Belə qənaətə gəlmək olar ki, İrana qarşı hərbi əməliyyatlar indiki şəraitdə əlavə maliyyə vəsaitinin xərclənməsi, siyasi-diplomatik və başqa problemlər yaradar. 

Daha optimal alət sanksiyalardır. Bu artıq tətbiq edilir. Onun tətbiqi İran iqtisadiyyatını zəiflədib. Başqa bir üsul İranın “kölgə donanmaları”nın “qara bazar”a xam neft çıxarmasının qarşısını almaqdır. ABŞ bu istiqamətdə də Tehranın fəaliyyətinin məhdudlaşdırır. Venesuelada hakimiyyət dəyişikliyi və onun sahillərində qaçaq neft daşıyan tankerlərin ələ keçirilməsi ilə bu reallaşır. 

Daha bir vasitə proksi qüvvələrin sıradan çıxarılması, yaxud zəiflədilməsidir. Qəzza zolağı, Livandakı əməliyyat, Suriyada Bəşər Əsəd rejiminin süqutu bunu təsdiqləyir. 

İran hakimiyyətinin içərilərinə doğru qovulması, bölgələrdən çıxarılması hərbi əməliyyatlarla müqayisədə daha faydalı sayıla bilər. Bu, İran hakimiyyətinin perspektivdə öz içərisindən çürüməsinə yola açar…