Logo
news content

Tehranın qaranlıq planları
Etiraz aksiyalarının təşkilində hakimiyyətin əli olubmu?

İran İslam Respublikasında ötən ay baş vermiş son etiraz aksiyalarının səbəbi və nəticəsi, şübhəsiz, zamanla araşdırılıb, dəyərləndiriləcək. Bu gedişatda ortaya çıxan əsas suallar arasında aşağıdakıların da olacağı istisna edilmir:

-aksiyalara niyə başladı?

-onun əsas tələbləri hansılar idi?

-aksiyaların başlıca sosial bazası kimlərdən ibarət olub?

-etiraz nümayişlərinin lideri və ya rəhbərləri, təşkilatçıları kimlər idi?

-hərəkatı hansı təşkilat keçirirdi?

-aksiyalar hansı məzmunda olub?

-hökumət aksiyaların təşkilatçıları ilə niyə görüşmək istəyirmiş?

-bəzi hakimiyyət nümayəndələri akasiya təşkilatçıları ilə görüşdüyünü iddia edir. Onlar kimlər idi?

-aksiyanın hansı tələbinə əməl olunub?

Və sair...

Əslində 2026-cı il dekabrın 28-də İranda etiraz aksiyalarının başlaması üçün elə güclü emosional mühit mövcud deyildi. Düzdür, ölkədə gündəlik tələbat mallarının qiymətinin, işsizliyin, inflyasiyanın artması, mədəni və milli mədəni sahədə mövcud olan problemlər artmaqda idi. Bundan başqa, ötən ilin yayında 12 günlük müharibədən sonra İranda ictimai, siyasi, iqtisadi sahələrdə, habelə ölkənin həyatı vacib sahələrində vəziyyət günü-gündən ağırlaşırdı. Bununla belə, irimiqyaslı , ümumölkə etiraz aksiyaları keçirmək üçün emosional şərait yox idi. Ancaq müəyyən müddətə, məsələn, iyunun 13-ə, 12 günlük müharibənin bir illiyinədək bu cür aksiyaların keçiriləcəyini gözləmək olardı. Həmin tarixdə vətəndaşların, bütövlükdə İran cəmiyyətinin hakimiyyəti tənqid etməyə, ona qarşı çıxmağa daha çox sözü, əsası olardı. Hətta o müddətə İrana tətbiq edilən sanksiyaların təsiri daha da kəskinləşər, kölgə donanmasının neft tankerlərinın hərəkəti və fəaliyyəti məhdudlaşdırılar, bu faktın ölkə iqtisadiyyatına təsiri daha aydın ortaya çıxardı.

Bu baxımdan, belə qənaətə gəlmək olar ki, bu etiraz aksiyaları sosial sifarişdən deyil, hansısa fərqli mənbənin sifarişindən doğub.

İran hakimiyyəti daxilindəki islahatçı qanadın təmsilçisi, keçmiş deputat Əli Şakuri-Rad “Radio Fərda”yə müsahibəsində məhz bu ehtimal olunan mənbə ilə bağlı sensasiyalı açıqlama verib. O bildirib ki, sosial şəbəkələrdə İrandakı etirazlarla bağlı gizli səsyazısı yayılıb. Onun sözlərinə görə, bu etirazlar əvvəlki narazılıqların cəminin nəticəsində baş verib. Ancaq İranın təhlükəsizlik qüvvələri onu universitet tətilləri ilə eyni vaxta salaraq, idarəolunan etmək istəyiblər. 

Keçmiş deputat bildirib ki, hökumət güc strukturları təmsilçilərinin öldürülməsi faktından istifadə edərək, etirazların güc yolu ilə ört-basdır edilməsi üçün bəhanə əldə edib. Yeni etirazlar dövlət müəssisələrinin təşəbbüsü ilə keçirilib, sonradan isə nəzarətdən çıxıb.

Belə ehtimal olunur ki, hakimiyyət həmin qurama etiraz aksiyalarını sosial, iqtisadi və maliyyə sahələrinə dair istifadə edilən şüarlarla təşkil edib. Bununla da daha böyük, siyasi şüarlarla keçiriləcək ciddi aksiyaların qarşısını almağa yönəlmiş sifarişli nümayiş, mitinq və yürüşlər keçirmək istəyib. Əslində aksiyaların ilk günlərində buna nail olub. Çünki ilk günlərdə İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei, İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) və onun aparıcı fiqurları haqqında sərt şüarlar səsləndirilməmişdi. Ümumiyyətlə, aksiyaların ilk günlərində siyasi şüarlar olmayıb.  

Bir müddət sonra meydanlara Məhəmmədrza şah Pəhləvinin oğlu Rza Pəhləvinin adından müraciət paylandı, tərəfdarları çıxdı. Bunun ardınca Rza Pəhləvi etiraz aksiyasını bütövlükdə mənimsəməyə, iştirakçıların məhz monarxiya tərəfdarları olduğuna dair açıqlama verməyə başladı.

Hadisələrin sonrakı mərhələsində meydanda İran Xalq Mücahidləri Təşkilatının simpatizanlarının da olduğuna dair görüntülər yayıldı.

Bəlucların milli hüquqlarının tapdanmasına etiraz edənlər də bu aksiyada fəallıq nümayiş etdiriblər. Güney Azərbaycan türkləri də prosesdə aktiv olublar. Ancaq onların fəallığı kütləvi olmayıb.

Yanvarın 11-də İran Prezidenti Məsud Pezeşkian aksiyaçıların nümayəndələri ilə görüşüb.

Bax, elə etirazların təşkilində Tehranın əlinin olduğuna şübhəli məqam burada başlayır. Çünki nümayiş və yürüşlərin təşkilini heç bir müxalif qrup və təşkilat öz üzərinə götürməyib. Səbəb sadədir – belə bir bəyanat həbsxanada yerini qarantiya etmək deməkdir. Bu səbəbdən də siyasi müxalifət repressiyadan yayınmaq məqsədi ilə özünü mümkün qədər gizlətməyə çalışdı.

Onda hökumət başçısı nümayəndə adı altında kimlərlə görüşüb? Belə ehtimal etmək olar ki, bu görüş ya heç olmayıb, ya da hakimiyyətin aksiyalardakı təmsilçiləri, öz adamları ilə danışıqlar aparıblar. Çünki həmin tədbirlə bağlı məlumat ictimaiyyətdə elə də geniş təbliğ edilmədi.

Təsəvvür edin ki, görüşdə müxalifət düşərgəsinin nümayəndəsi, yaxud müstəqil etirazçı iştirak etsə idi, hakimiyyət indi onu “Osman köynəyi” kimi informasiya vasitələrində təbliğ edirdi.

Bəlkə elə buna görə Xamənei və hakimiyyətin başqa təmsilçiləri aksiyada iştirak edənlərin qəribə bir təsnifatını verirdilər. Onlara görə, iki növ etirazçı olub: birinci qrup maliyyə və iqtisadi problemlərə görə aksiyaya qoşulanlar, ikinci qrup isə iğtişaşçılar kimi təqdim olunmuşdu.

Hakimiyyətin təhlükəsizlik və güc strukturları aksiya iştirakçılarına atəş açarkən onları görəsən necə ayırıblar?! Bu da başqa bir məqam.

Başqa bir sual: etiraz aksiyası rəsmi Tehranın nəyinə lazım idi?

Bu səbəbləri aşağıdakı kimi sıralamaq olar:

-hökumət islahatları həyata keçirməkdə gücsüzdür. Ehtimal etmək olar ki, rəqiblər və mane olan qüvvələri sıradan çıxarmaq, zəiflətmək, neytrallaşdırmaq məqsədi ilə ictimaiyyətin etiraz aksiyasından faydalanmaq istəyib. Ona görə də aksiyalar keçirilən zaman hökumət inflyasiyanın qarşısını almaq, bahalıq və işsizliyi aradan qaldırmaq üçün bir sıra planlar açıqladı, məsələn, dövlət müəssisələrinin özəlləşdirilməsi, maliyyə bazarına intervensiya, qənaət rejimini gücləndirmək və başqaları.

-hakimiyyət Rza Pəhləvinin gücünü müəyyənləşdirmək istəyib;

-fars olmayan milli hərəkatlara aid yeni şəxsləri aşkarlamaq imkanı əldə edib;

-ABŞ, İsrail və başqalarına qara yaxmaq, 12 günlük müharibədən sonra guya onlara bağlı olan yeni qüvvələri “müəyyənləşdirib”;

-hakimiyyət daxilində Xameneiyə, SEPAH-a qarşı çıxanları cəzalandırmaq fürsəti qazanıb;

-hakimiyyət daxilindəki qrupların sədaqət səviyyəsini qüvvələri müəyyənləşdirib və s.

Yeri gəlmişkən, 2022-ci ilin sentyabrında başlamış etiraz aksiyalarının təşkilində də hakimiyyətin əli olduğu ehtimal edilir. Çünki bir ildən artıq davam etmiş bu aksiyaların nəticəsi kimi İranda hicabın tətbiqində, ona nəzarətdə müəyyən loyallıq yarandı. Belə qənaətə gəlmək olar ki, hakimiyyət cəmiyyətin hicaba qarşı etirazının qarşısını almaq, habelə bu sosial-mədəni sahədə islahat aparmaq üçün maneələri aradan qaldırmaq məqsədi ilə anti-hicab aksiyası təşkil edib.

Son dörd ildə baş vermiş hər iki aksiyada öldürülənlər, edam olunanlar, yaralananlar, həbs edilənlər, mühacirət edənlər olub. Onların məsuliyyəti hələ hakimiyyətin üzərində qalır.

Hicab aksiyaları ərəfəsində də ölkədə etiraz ovqatı hiss olunmurdu. O da gözlənilmədən başladı. Onun da təşkilatçısı və təşkilatçıları hələ də tapılmayıb.

Hakimiyyət bu aksiyalar zamanı da cəmiyyətin fəal insanlarını müxtəlif yolla neytrallaşdırıb: öldürüb, həbs edib və s.

Belə qənaətə gəlmək olar ki, hakimiyyət bu aksiyaları real hərəkatların baş verməsini önləmək, qarşısını almaq “hərəkatdan qabaq hərəkat yaratmaq” üçün keçirib.

Ona görə də bu aksiyalar cəmiyyətin tələbatını ödəməkdən daha çox hakimiyyətin yerinin möhkəmlənməsinə xidmət edib.