Logo
news content

Hicabsızlaşan rejim
Teokratik hakimiyyətlə cəmiyyət arasındakı həya pərdəsi yırtılıb

Hicab - müsəlman qadınların geyim formasıdır. Mənası arakəsmə, pərdə, örtük deməkdir. Çadra, niqab, parəncə də bu geyimlərdəndir. 

Müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Müxtəlif növləri vardır: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s. İslamiyyətdə mühafizəkar cərəyanlar hicabı müsəlman etikasının zəruri ünsürlərindən biri adlandırırlar, ancaq hazırda müsəlman ölkələrində ən çox yayılan hicabın sadələşdirilmiş variantıdır. Bu, baş örtüyü, həmçinin qolları və boynu örtən paltardır. Hicab müsəlman aləmində əsasən şəhərlərdə yayılıb. Kəndli qadınlar və köçəri qəbilələrin qadınları çox vaxt hicaba əməl etməyiblər.  

Hicab qadının öz seçimi və ya onu təhsil, ictimai həyatda iştirakı, işləmək kimi şəxsi hüquq və azadlıqlarından məhrum edən məcburi bir tətbiq də ola bilər. Bəzi islam cəmiyyətlərində qadınlar din tərəfindən təsdiqlənmiş geyimləri ilə belə, təkbaşına bazara gedə bilməzlər. Qadınlarla ancaq pərdə və ya qəfəs arxasında danışmaq olar.

Geyimlə bağlı məlum olan ən qədim hüquqi tənzimləmə, Hammurapi və Orta Assuriya qanunlarında da yer alırdı. 

İslamdan əvvəl, ərəb qadınlar müharibəyə getdikdə, döyüşərkən və ya kişiləri döyüşə təşviq etmək üçün sinələrini açarmış. 

Hicab “utanma” və ya “həya” mənasını da verir.  Həya islamda əsas xarakter, xüsusiyyətdir. 

Heç bir ənənəvi fiqh sistemi qadınların örtünməsini tələb etmirdi. Bəzi mənbələrə görə, geyimlə bağlı təlimat (hicab) yalnız Məhəmməd peyğəmbərin həyat yoldaşlarına aid sayılırdı. Bununla belə, bütün ortodoks şəriət məktəbləri ictimai yerlərdə bədənin, xüsusən də boyun, topuq və dirsəklərin örtülməsini əmr edir.

İran və Əfqanıstanda qadınların hicab taxması qanunla tələb olunur.

İslam Respublikasında 1983-cü ildə qüvvəyə minən Cinayət Məcəlləsi ilə hicab qaydalarını pozan qadınlara “74 şallaq zərbəsi” cəzası verilirdi.

Hicabla bağlı qeydlərimiz dinşünasların yazdıqlarına, çıxışlarına əsaslanır. 

Az-çox bu qaydaların bir çoxu 47 ildir İranda sərt şəkildə qadınlara tətbiq edilir. Tehran hakimiyyətinin tətbiq etdiyi hicab qaydalarına etirazlar da olub. İslam Respublikası hakimiyyəti bu qaydanı 1979-ci il fevralın 11-də baş vermiş inqilabdan iki ay sonra məcburi olaraq tətbiq etməyə başlayıb. 

1979-ci il aprelin 1-də keçirilmiş referendumda iştirak etmiş seçicilərin çoxu ölkənin islam qaydalarına uyğun idarə edilməsinə səs vermişdilər. 

Həmin tarixdən başlayaraq, qadınların hicaba məcburi əməl etməsi tələb olunub. Zərif cinsin nümayəndələri bu qaydalara əməl etməmək üçün bir ilə yaxın müqavimət göstəriblər. Çox sayda etirazçı həbs edilib, cəzalanıb, müxtəlif zorakılığa məruz qalıblar. 

2022-ci ilin payızında İranda hicab qaydalarına “Qadın, Həyat, Azadlıq!” şüarı altında etiraz aksiyaları keçirilib. Bu etirazlar bir ildən artıq davam edib. 

Tehran hakimiyyəti cəmiyyətin bu sosial tələbinə məhəl qoymadı. Əksinə, bu istiqamətdə tələblər sərtləşdi, parlament yeni qanun qəbul etdi. Ancaq Prezident Məsud Pezeşkian onun icrasını dəyişikliklər edilənə, daha uyğun sənəd qəbul olunanadək təxirə salıb. 

Bununla belə, İranda de-fakto xanımlar hicabla bağlı müəyyən azadlıq əldə etmiş də sayılırlar. 

Baş vermiş bu hadisə ilə teokratik rejimlə cəmiyyət arasındakı hicabın yırtılmasının ilk mərhələsi başladı. Düzdür, son 20 ildə İranda çoxlu sayda etiraz aksiyaları olub. 2006-cı ilin mayında türklərin aşağılanmasına qarşı Güney Azərbaycanın bütün şəhərlərində, habelə Tehranda etiraz yürüşləri keçirilib. Onda hakimiyyət dinc, haqlı aksiya iştirakçılarına odlu silahdan atəş açmaqla öz acizliyini nümayiş etdirmişdi. 

Ondan sonrakı illərdə baş verən etirazları da İslam Respublikası zorakılıq yolu ilə yatırdıb. 

Həmin illərdən başlayaraq, ölkədə keçirilən aksiyalarda İranın ali rəhbərinə, hakimiyyətə, SEPAH-a, onun “Qüds” qoşunlarının komandanına qarşı şüarlar səslənib. 

Bununla da hakimiyyətlə cəmiyyət arasında hicabın, həya pərdəsinin yırtığı genişlənməyə başladı. 

Hakimiyyət cəmiyyətin tələblərinə məhəl qoymadıqca ictimaiyyətin İslam Respublikasına inamı azaldı. Ölkədə artıq rejim və cəmiyyət olaraq iki tərəf yarandı. Bu qütbləşmə 2025-ci ilin dekabrından 2026-cı ilin yanvarın ortalarınadək davam etmiş etiraz aksiyalarında daha aydın göstərməyə başladı. 

Hələ 2025-ci ilin yayında ABŞ və İsrailin İslam Respublikasına qarşı birgə hərbi əməliyyatın gedişində “düşmən tərəfə casusluq etmək”də ittiham olunan çoxlu sayda İran vətəndaşı həbs olundu. Tehran hakimiyyətinin “klassik” məhkəmələrində onların bəziləri barəsində edam hökmü çıxararaq, icra ediblər. Aprelin 2-də beşinci etirazçı edam olunub. Məlumatlara əsasən, yüz minədək etirazçı ya həbs edilib, ya da təqib olunur. 

İran şəraitindən “casus”, “agent” ittihamlarına birmənalı baxmaq doğru sayılmaz. Bunun bir neçə yönü var:

-Cəmiyyət İslam Respublikasından bezib, gücü çatmadığı üçün ona qarşı “satqınlıq” edir;

-müxtəlif qruplar bununla hakimiyyətdən qisas alır;

-sosial vəziyyəti ağır olduğundan əhali problemlərini bu yolla həll etməyə səy göstərir;

-hakimiyyəti zəiflədir;

-xaricə qaçmaq üçün bir yol olaraq görür;

-dövlətinə xəyanət saymır, bunu İslam Respublikası hakimiyyətinə qarşı aksiya sayır;

-bu əməllərinə görə hakimiyyətdən və cəmiyyətdən utanmır və s. 

Bu hadisələr hakimiyyətlə cəmiyyət arasında hicabsızlaşmanın göstəricisidir. 

47 il cəmiyyətə özünün islamçı hicab qaydasını sırıyan Tehran hakimiyyəti ilə vətəndaşlar artıq bir-birindən utanmır. İslam Respublikası rəhbərliyi onlara yalan danışır, vəd verir, etirazçı vətəndaşlarını bilərəkdən öldürür, saxta ittihamlarla həbs və edam edir. 

İran cəmiyyəti onu idarə edənlərə artıq inanmır. Çünki İslam Respublikası 47 ildə onlara çoxlu zülmlər edib. İraqla müharibədən tutmuş, ABŞ və İsrailin İrana hücumuna qədər baş verənlərin əsas məsuliyyəti rəsmi Tehranın üzərinə düşür. Bu rejim 47 ildir Yaxın Şərqdə - İraq, Suriya, Livan, Yəmən, Sudan, Misir, Fələstin, Liviya, habelə yaxın uzaq xaricdə müxtəlif proksi qüvvələr yaratmaqla ölkə əhalisinin pullarını göyə sovurur. Odur ki, cəmiyyət belə hakimiyyətə qarşı hicab etikası gözləmir. Çünki bu pərdəni yalan və saxtakarlığı ilə Tehran rejimi aradan qaldırıb, yırtıb.