Logo
news content

Ərəfənin lideri: 60-dan çox hücrə, ABŞ sanksiyası, sirli yüksəliş...
Əlirza Ərafi kimdir, siyasi olimpə necə gəlib çıxdı?

Ayətullah Seyid Əli Xameneinin ölümündən sonra İran İslam Respublikasına yeni rəhbərin kim olacağı müxtəlif səviyyələrdə müzakirə olunur. İlk günlərdə Müctəba Xameneinin bu posta seçildiyi barədə xəbər yayılsa da, sonradan təkzib olundu. Başqa tərəfdən, ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin liderliyini qəbul etməyəcəyini, onun “zəif fiqur olduğunu”, yeni liderin seçilməsində özünün də rəy sahibi olduğunu, bu prosesdə “iştirak etmək istədiyini” dilə gətirib. Beləliklə, İtanın yeni rəhbərinin seçkisi getdikcə daha çox maraq obyektinə çevrilir. 

Martın 6-da İran Rəhbərlik Şurasının dördüncü iclası keçirilib. “Tasnim” agentliyinin məlumatına görə, Şuranın iclasında ABŞ və İsrailin İrana hərbi əməliyyatının vəziyyətinə dair hesabat dinlənilib. Şura silahlı qüvvələrin gücləndirilməsi barədə qərar qəbul edib. Rəhbərlik Şurası Dini Ekspertlər Məclisinin təşkili və gələcək rəhbərin təqdim edilməsi üçün planlaşdırma aparıb. 

İran konstitusiyasına əsasən, Rəhbərlik Şurasına Prezident (Məsud Pezeşkian), Ali Məhkəmənin sədri (Qulamhüseyn Möhsüni-Ejei) və Nəzarət Şurası üzvlərindən biri - Əlirza Ərafi daxildir. Sonuncu hazırda İranın Ali rəhbərinin səlahiyyətlərini icra edir.

Əlirza Ərafi İranın Yəzd əyalətinin Meybud rayonunda 1959-cu ildə (bəzi mənbələr 1955-ci il təvəllüdlü yazır) doğulub. Atası Məhəmməd İbrahim Ərafi dövrünün tanınmış din xadimi, İran islam inqilabının lideri ayətullah Ruhullah Xomeyninin yaxın dostu olub. İran İnqilabından illər əvvəl o, İranda cümə namazı qılır və silahla moizə oxuyurdu. Onun tərcümeyi-halı haqqında bir neçə kitab yazılıb. Əlirza Ərafinin anası da İranın tanınmış din xadimi Şeyx Kazım Malik Əfzəli-Ərdəkaninin qızı olub. 

Əlirza Ərafi uşaqlığında atasından və digər müəllimlərdən Quran oxumaq, ədəbiyyat və dini hüquq (fiqh) daxil olmaqla ilkin dini təhsilini alıb. 1960-cı ildə Quma köçüb, 1977-ci ildə ibtidai məktəbi bitirdikdən sonra dini seminara daxil olub. 1977-ci ildə giriş kurslarını başa vurduqdan sonra hüquqşünaslıqla bağlı olmayan dərslərə qatılmağa başlayıb. İranın tanınmış din xadimləri - ayətullah Mürtəza Haeri, ayətullah Məhəmməd Fazil Lənkərani, ayətullah Hüseyn Vahid Xorasani, ayətullah Cavad Təbrizi, ayətullah Əli Meşkini və ayətullah Həsən Həsənzadə Amoli kimi ailmlərdən dərs alıb. O, həm də ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin fəlsəfə dərslərini ziyarət edib.

Əlirza Ərafi pedaqoji təcrübəyə də malikdir. O, Əllamə Təbətəbai və Tərbiyət Müdərris kimi seminarlarda, universitetlərdə dərs verib. Elmi rəhbər qismində çoxsaylı dissertasiyalara rəhbərlik edib.

Əlirza Aarafi gəncliyindən siyasi fəallıq göstərərək, atasının Məhəmmədrza Pəhləvi rejiminə qarşı mübarizəsinə qoşulub. 16 yaşında həbs edilib və bir müddət həbsxanada saxlanıb.

1979-cu il fevral inqilabından sonra həmin Qum dini-ideoloji mərkəzində xarici tələbələrin təhsilini təşkil etmək üçün “Xarici tələbələrə nəzarət şurası” adlı təşkilat yaradılıb. 1986-cı ildə bu qrup strukturunu dəyişdirdikdən və fəaliyyətini genişləndirdikdən sonra ona “İslam Elmləri Ümumdünya Mərkəzi” adı verildi. 

1993-cü ilə qədər bu qurum mərkəzləşdirilmiş qaydada idarə olunmurdu. Həmin ildən etibarən İslam Respublikası ali rəhbərinin (o vaxt ayətullah Xamenei idi) birbaşa nəzarətinə keçib. Əvvəlki idarəetmə dövrlərindən sonra 2002-ci ildə Seyid Əli Xamenei mərkəzin rəhbərliyinə Əlirza Ərafini təyin etmişdi. 

2008-ci il aprelin 7-də bu mərkəzin və xaricdəki məktəblər təşkilatının birləşməsi nəticəsində “Əl-Mustafa Əl-Aləmiyyə Cəmiyyəti” adlı yeni qurum yaradılıb. Ərafi 2008-ci ilədək bu quruma rəhbərlik edib.

O,  2011-ci ildən Mədəni İnqilab Ali Şurasının fəal üzvüdür, 2016-cı ildə isə Qumdakı dini-ideoloji mərkəzin direktoru və ölkə üzrə seminariyaların direktoru seçilib.

O, Qum Seminariyası Müəllimləri Assosiasiyasının üzvüdür, həmçinin Meybudda bacı-qardaşlar üçün seminariyaların direktorudur. Ərafi 2015-ci ildə Tehran seçki dairəsindən Dini Ekspertlər Məclisinə seçkilərdə namizəd olub, ancaq lazımi səs toplaya bilməmişdi.

O, 2023-cü ildə Tehran əyalətindən Din Ekspertlər Məclisinə növbədənkənar seçkilərdə üzv seçilib. 

88 din xadimindən formalaşan bu qurum İranın ali rəhbərini seçir. 

Ali rəhbər Xameneinin fərmanı ilə o, 2019-cu il iyulun 14-də Konstitusiya Keşikçiləri Şurasının üzvü təyin edilmişdi. 

Bir neçə il əvvəl Əlirza Ərafi haqqında çox az məlumat yayılmışdı. 

Ancaq 2023-cü ilin martında, Dini Ekspertlər Şurasına altıncı seçkilər zamanı, onun Tehran seçki dairəsində Məhəmməd Əli Möhvəd Kərmani kimi xadimləri qabaqlayaraq qələbə qazanandan sonra adı məşhurlaşmağa başlayıb. 

Əlirza Ərafi ali rəhbər Seyid Əli Xameneinin ən yaxın əhatəsinə daxil olub. Bu isə ona vəzifə karyerası formalaşdırmaqda yardım edib. 

Dini Ekspertlər Şurasının üzvləri, həm də onun tərkibində Ali rəhbər postuna namizədləri müəyyən edən Komissiyanın üzvləri əsasən Xameneinin adamları idi. 

Hazırda bu komissiyanın əsas üzvləri bunlardır:

1. Əhməd Hüseyni Xorasani (Konstitusiya Keşikçiləri Şurasının üzvü);

2. Əlirza Ərafi (Konstitusiya Keşikçiləri Şurasının üzvü, İslam İnqilabı Keşikçiləri Korpusu üçün kəşfiyyat məlumatı toplamaq və Keşikçiləri Korpusu ilə əlaqəli silahlı qruplara adam cəlb etmək ittihamı ilə ABŞ sanksiyaları altında olan Əl-Mustafa Cəmiyyətinin rəhbəri);

3. Məhəmməd Rza Müdərrəsi Yəzdi (Konstitusiya Keşikçiləri Şurasının üzvü, qadınların hicab taxması, bəhailər və dini azlıqlar barəsində sərt fikirlər ifadə etmişdir);

4. Haşem Hüseyni Buşehri (Ekspertlər Məclisinin sədr müavini, Qum Seminariyası Müəllimləri Assosiasiyasının rəhbəri).

5. Möhsün Məhəmmədi Əraki (Dinlərin Yaxınlaşması üzrə Ümumdünya Forumunun keçmiş baş direktoru, inqilabdan sonra ilk illərdə Abadan və Xorrəmşəhrin, sonra isə Xuzestanın İnqilab Məhkəməsinin rəhbəri, “Bədr” korpusunun qurucusu, ayətullah Xameneinin Avropadakı keçmiş nümayəndəsi);

6. Əbülhəsən Məhdəvi (İsfahanın müvəqqəti cümə imamı)

7. Abbas Qaabi (hüquqşünas, beşinci dəfə Konstitusiya Keşikçiləri Şurasının üzvü, 1980-ci illərdə bir müddət Livanda olmuş və "Hizbullah"ın yaradılmasında rol oynamışdır. Məcburi hicab haqqında qanunun dayandırılmasından sonra bu dayandırmanı kəskin tənqid etmişdir);

8. Həsən Ameli (Ərdəbilin cümə imamı, üç dövr Ekspertlər Məclisinin üzvü);

9. Əhməd Danışzadə Mömən (beşinci tur ekspertlərin nümayəndəsi);

10. Əbülqasim Vəfi (birinci və ikinci dövrdə İslam Məşvərət Məclisinin nümayəndəsi);

11. Qurbanəli Dari Nəcəfabadi (Ali Rəhbərin Mərkəzi əyalətindəki nümayəndəsi, keçmiş baş prokuror və keçmiş kəşfiyyat naziri, nazirlik agentlərinin silsilə qətllərdəki rolunun üzə çıxmasından sonra istefa verməyə məcbur olmuşdur).

Bu komissiya əvvəllər gizli olub. 2015-ci ilin dekabrında, Xamenei prostat vəzisindən əməliyyat olunandan təxminən bir il sonra Dini Ekspertlər Şurası belə bir qrup yaratdığını bəyan etdi. O vaxt bu məlumatı ilk dəfə Haşimi Rəfsəncani açıqlamışdı. 

Bu komissiyanın fəaliyyəti şəffaf deyil və onun hesabatları gizli saxlanılır. 

Bir neçə ay sonra 2016-cı ilin iyununda Rəfsəncani açıqlamışdı ki, namizədi lazım olduqda ekspertlərin müzakirəsinə çıxarıla bilmək üçün iki və ya üç ekspert məsələni araşdırır, qiymətləndirir. 

Ərafinin müvəqqəti təyin edildiyi bildirilib. Ayətullah Ruhullah Xomeyninin də ölümünün (1989-cu il iyunun 4-də) ertəsi gün səhər varisi seçmək üçün Ekspertlər Şurasının iclası keçirildi, qərar bir neçə saat ərzində qəbul olundu. Onda o qədər də nüfuza sahib olmayan Seyid Əli Xamenei ali rəhbər vəzifəsinə müvəqqəti seçilmişdi və 37 ildən çox dövlətə başçılıq etdi. 

Əlirza Ərafi bütün çıxışlarında əsas istiqamət olaraq Xameneinin çıxışlarına istinad edir, onun ideyalarını nəzəri yanaşma çərçivəsində izah etməyə çalışıb. 

O, bir qayda olaraq, qərb rasionalizminə qarşı müqavimətdən danışıb. Eyni zamanda Xaməneinin xarici siyasət və daxili siyasət məsələləri üzrə mövqeyini müdafiə edib. O, ABŞ-nin mövqelərinə zərbə endirməyin zəruriliyini və əhali artımı ilə bağlı siyasəti vurğulayıb. 

Keçmiş Prezident Məhəmməd Xatəminin 2016-cı ilin aprelində irəli sürdüyü “milli barışıq” çağırışına cavab olaraq hökumət tənqidçilərini “tövbə etməyə və bağışlanma istəməyə” çağırış etmişdi. 2017-ci ilin iyulunda Qumdakı cümə namazı zamanı o, Birləşmiş Ştatları dünyada “insan hüquqları pozuntularının oxu” adlandırmışdı. 

Əlirza Ərafinin vəzifə piramidasında irəliləməsi onun İslam Respublikasının dini-siyasi strukturunda ən nüfuzlu simalardan birinə çevrilməsinin göstəricisidir. 

Seminarlarda, beynəlxalq təhsil müəssisələrində və Dini Ekspertlər Şurasında ona həvalə edilən vəzifələrin məcmusu, eləcə də Xameneinin etibarı onun adının potensial namizədlər siyahısında hallanmasına səbəb olub. 

Belə hesab etmək olar ki, əslində Xamənei onu özünə varis hazırlayırmış. Əslində bunu onun karyerası, habelə Xomeyni ilə ailəsinin yaxınlığı da isbatlayır. 

Əlirza Ərafi İtaliyaya səfəri zamanı Vatikanda Roma Papası Fransisk ilə görüşüb. Tərəflər dinlər arasında qarşılıqlı əlaqənin saxlanmasının, eləcə də dünyada məzlum insanlara qarşı zülm və cinayətin pislənməsinin vacibliyini söyləmişdi. 

O, Katolik kilsəsi ilə qarşılıqlı əməkdaşlığa hazır olduqlarını da vurğulamışdı. 

Əlirza Ərafi 2020-ci ilin oktyabrında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar xüsusi bəyanatında Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməsinin vacibliyini bildirmişdi. 

İranın indiki müvəqqəti ali rəhbərinin adı daha çox Əl-Mustafa adına Beynəlxalq Universitetlə bağlıdır. Bu, məzhəbçi, humanitar və sosial elmlərin təhsili, tədqiqatı və inkişafı məqsədilə yaradılmış dini istiqamətli beynəlxalq universitetdir. 122 dövlətdən olan 50 000-dən çox kişi və qadın tələbəsi var. Onların 25 000-dən çoxu təhsilini artıq başa vurub. Filialları 60-dan çox ölkədə, Cənubi Afrika Respublikasında, Albaniya, Almaniya, Əfqanıstan, İndoneziya, İngiltərə, Uqanda, Braziliya, Bolqarıstan, Banqladeş, Burkina-Faso, Bosniya və Herseqovina, Benin, Pakistan, Tanzaniya, Tailand, Toqo, Danimarka, Yaponiya, Kot-d'İvuar, İsveç, Seneqal, Suriya, Syerra-Leone, İraq, Qana, Filippin, Qırğızıstan, Qazaxıstan, Kamerun, Kosovo, Konqo Respublikası, Komor Adaları, Qambiya, Gürcüstan, Qayana, Qvineya, Livan, Madaqaskar, Malavi, Malayziya, Mali, Myanma, Norveç, Niger, Nigeriya, Hindistan və s. yerləşir. 

2024-cü ildə  ABŞ  bu universitetə qarşı sanksiyalar tətbiq etmişdi. Bu ali təhsil müəssisəsi İslam İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) ilə əlaqədə ittiham olunurdu. Universitet şəbəkədəki tələbələri hərbi birləşmələrə, o cümlədən Suriyada fəaliyyət göstərənlərə cəlb etmək üçün istifadə etməkdə günahlandırılırdı. ABŞ universitetin bu addımının regional sabitliyi sarsıdığını vurğulamışdı. ABŞ Maliyyə Nazirliyi bildirmişdi ki, Əl-Mustafa universiteti SEPAH tərəfindən kəşfiyyat məqsədi, o cümlədən xarici tələbələr arasında döyüş əməliyyatlarında iştiraka cəlb üçün istifadə olunub.

Bu, ABŞ-nin SEPAH tərəfindən Yaxın Şərqdə güc proyeksiyası üçün istifadə edilən İranın maliyyə və ideoloji şəbəkəsinə qarşı yönəlmiş daha geniş sanksiyalarının bir hissəsidir. Sanksiyalar universitetin ABŞ yurisdiksiyası altında olan bütün bank hesablarını dondurur, Ştatların vətəndaşlarına və şirkətlərə onunla biznes aparmağı qadağan edir.

Almaniyanın xüsusi xidmət orqanları isə Berlindəki universiteti filialı ilə əlaqəsi olan 700-ə yaxın şəxsi İranın xeyrinə casusluq fəaliyyətində yoxlayır. 

Başqa sözlə, bu universitet SEPAH üçün ixtisaslı kadr hazırlayan təhsil ocağı kimi də təqdim olunur. Əlirza Ərafi isə Qvardiyanın, Tehran hakimiyyətinin, Xameneinin etibarlı adamı olaraq Universitetə rəhbərlik edib. 

Bu baxımdan, onu SEPAH-ın dəstəklədiyi də istisna edilmir. Belə vəziyyət isə onun da Xameneinin tutduğu sərt xətti davam etdirəcəyi ehtimalını artırır. Bu, həm də Əlirza Ərafinin SEPAH daxilində nüfuzunun göstəricisi sayılır. 

Ancaq İranda yeni liderlər özlərindən əvvəlkilərdən güclü deyil. Bu isə İslam Respublikasını idarə edən perspektivdə beynəlxalq təzyiqlərə davam gətirəcəyi ehtimalını azaldır. Ona görə yaxın gələcəkdə, məsələn, Xameneinin həlak olmasının 40 günündən sonra vəziyyətin dəyişəcəyinə ümidi artırır. Vəziyyət İranın hərbi gücündən, Məsud Pezeşkianın təşəbbüsü ələ almasından, hakimiyyətin başqa güc strukturlarının və İran cəmiyyətinin onu müdafiəsindən daha çox asılıdır.