Anım günü: 102 illik savaşın ədalətli yekunu
27 sentyabrı yeni Cənubi Qafqazın yaranmasının başlanğıcı saymaq olar
27 Sentyabr 2025
Bu gün Azərbaycanın milli dövlətçilik tarixində mühüm, əhəmiyyətli günlərdəndir. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi, Vətən Müharibəsinin başlayıb. Həmin gün Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası uğurunda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri "Dəmir yumruq" əməliyyatına başladı.
Bu savaş 1918-1920-ci, 1988-1994-cü illərdə ərazi bütövlüyü və suverenliyin bərpası yolunda mübarizənin uğurlu davam idi. Rəsmi Bakı yarımçıq qalmış 102 illik savaşı qaldığı yerdən davam etdirərək, 44 gündə əraziləri işğaldan, işğalçıdan və onların havadarlarından təmizlədi.
Azərbaycan 1994-cü ildə Ermənistanla əldə olunmuş atəşkəs rejiminə sadıq qalaraq, münaqişənin dinc, sülh yolu ilə həllini istəyib, bu istiqamətdə bütün müzakirələrə, danışıqlara açıq olub.
Məsələnin həlli üzrə ATƏT-in Minsk qrupu, onun ABŞ, Fransa və Rusiyadan ibarət həmsədrlər qurumunun yaradılmasına razılıq verdi.
SSRİ, Rusiya, Fransa, İranın və başqalarının dəstəyi, siyasi, təbliğat, hərbi baxımdan yardımı nəticəsində Azərbaycan ərazisinin 20 faizi 30 ildən artıq işğal altında saxlanıldı. ABŞ, Fransa, Avropa İttifaqındakı "çirkli pullar"la işğala xidmət edən erməni lobbisi bu cinayətdə təcavüzkar ilə əlbir fəaliyyət göstərib. Onların "birgə əməkdaşlığı" Azərbaycana çox baha başa gəlib. Bir milyon azərbaycanlı Qarabağ və ətraf rayonlardan məcburi köçkün vəziyyətinə düşüb. İşğal edilmiş ərazilər xarabazarlığa çevrilib, daşı-daş üstə qalmayıb. Mədəni, dini abidələr, sosial, inzibati binalar dağıdılıb, daşları belə ərazilərdən qanunsuz yolla daşınıb.
Ermənilər bölgədə, o cümlədən Xocalı, Ağdaban, Bağanıs Ayrım, Cəmilli, Meşəli qətliamlarını törədiblər.
İşğalçılar Azərbaycan ərazisində terror fəaliyyəti ilə də məşğul olublar. 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycanın hərbi helikopteri vurulub. Bu cinayət nəticəsində dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstanın daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də daxil olmaqla 22 nəfər həlak olub.
1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində onların törətdikləri terror aktları nəticəsində ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycanının xalq artisti Rafiq Babayev də olub. Ermənistanın terrorçu dəstəsi Bakıda 20 Yanvar metro stansiyası ilə yanaşı, Bakının Nizami kinoteatrında, Heydər Əliyev sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıbmışlar.
1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı törədilib. "28 May" metrostansiyasından "Gənclik" metrostansiyası istiqamətində hərəkət edən qatardakı partlayış nəticəsində 13 nəfər həlak olmuş və 58 nəfər isə yaralanmışdı.
Erməni terroru bunlarla bitməyib. Onlar 1994-cü il martın 17-də İrana məxsus "C-130" hərbi-nəqliyyat təyyarəsini Xankəndi şəhəri yaxınlığında vurublar. Bu qanlı hadisə nəticəsində 9-u uşaq olmaqla, 19 sərnişin və 13 ekipaj üzvü həlak olub.
1988-1991-ci illərdə Ermənistandan 300 minə yaxın qərbi azərbaycanlının qovulması faktını yada salmaq da ədalətli olar. Ermənilərin, sovetlər, Rusiya və Fransa başda olmaqla havadaralarının Azərbaycana və azərbaycanlılara qarşı son 32 ildə törətdiyi cinayətləri sadalamaqla bitməz.
Bütün bu cinayətlərə görə beynəlxalq ictimaiyyət Ermənistanı cəzalandırmadı. İran terror olunmuş vətəndaşlarına görə işğalçıya sanksiya tətbiq etmədi, yaxud, kompensasiya istəmədi. Beynəlxalq qurumlar işğalçılıq və terror fəaliyyətinə görə Ermənistanı tənbeh etmədi. Onun terror mərkəzlərindən biri olduğu heç yerdə qeyd edilmədi.
44 günlük İkinci Qarabağ müharibəsi zamanı da Ermənistan separatçı dəstəsi ilə birlikdə döyüş bölgəsinə aidiyyəti olmayan Gəncə, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Xırdalan, Xızı şəhər və rayonları raket hücumuna məruz qoydu.
BMT Təhlükəsizlik Şurası isə hələ 90-cı illərdə Azərbaycan torpaqlarının işğaldan azad etməsi haqqında dörd qətnamə qəbul etməklə işini bitmiş saydı. ATƏT-in Minsk qrupu və həmsədrlər də bu cinayətlər qarşısında susdular.
Beynəlxalq güclər rəsmi Bakıya təzyiq edərək, ondan güzəştə getməyi, yəni Şuşa daxil olmaqla Qarabağ bölgəsini Ermənistana verməyi istəyirdilər.
Beynəlxalq ictimaiyyət Azərbaycana münasibətdə ədalət anlayışını sanki unutmuşdu. Hətta yeni müstəqil olmuş, demokratik inkişaf yolunu tutan Azərbaycana qarşı "Azadlığı müdafiə" aktı çərçivəsində "907 saylı düzəliş"lə sanksiya da tətbiq olunmuşdu. Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasındakı çıxışı zamanı bununla bağlı vurğulayıb ki, ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, ölkəmizin qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.
Başqa sözlə, Vətən müharibəsi başlayan günədək Azərbaycan beynəlxalq ictmaiyyətin haqsızlıqları ilə üzləşib.
Dövlət başçısı İlham Əliyev iki gün əvvəl - sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı beynəlxalq ictimaiyyəti ədalətli olmağa, bu məsələdə ayrı-seçkilik etməməyə çağırıb: "Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq".
Azərbaycan daim ədalətsizliyə məruz qalıb, bu davranış indi də davam edir. Bu açıqlama bir dövlətin liderinin beynəlxalq ictimaiyyəti ikili standartlardan əl çəkməyə çağırışıdır. Hadisələr deməyə əsas verir ki, bütün münaqişələr belə yanaşmalar səbəbindən həll edilmir.
Azərbaycanın sentyabrın 27-də başlamış müharibənin noyabrın 10-da başa çatmasına, atəşkəsə dair bəyanatın imzalanmasına razılıq verməsi rəsmi Bakının sülhsevər siyasətini bir daha təsdiqlədi.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasındakı çıxışı zamanı bu məsələni vurğulayıb: "Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq".
Sentyabrın 27-də başlamış hərbi əməliyyat, hərəkat Azərbaycanın müstəqilliyinə uzanan 102 illik dillərin, əllərin kəsilməsinin başlanğıcı idi. Bu hadisələrdən sonra "Qarabağ Ermənistandır, nöqtə!" çığıran Ermənistan liderləri anım günün qəhrəmanlarının savaşı sayəsində "Qarabağ Azərbaycandır", "Ararat dağı" (Ağrı dağ) Ermənistanın deyil, Türkiyənindir" deməklə erməni cəmiyyəti xülyadan, yuxudan ayıltdı, rəsmi İrəvanın qondarma erməni soyqırımını beynəlxalq miqyasda təbliğ etməsindən əl çəkdi.
Bununla da qələbə ilə bitmiş "Dəmir yumruq" əməliyyatı nəticəsində Ermənistan konstitusiyasına bir daha nəzər yetirməyə başlayıb.
Sentyabrın 27-də başlayan əməliyyat Cənubi Qafqazda yen geosiyasi vəziyyət yaratdı. Bəzi qonşu dövlətlər Azərbaycana münasibətdə hikkəli yanaşdıqlarına görə, hələ də vəziyyəti normallaşdırmaqda çətinliklərlə üzləşir.
44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələri bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı, illər uzunu bağlı yolları, o cümlədən Zəngəzur dəhlizi (Tramp yolu) ideyasının reallaşmasına ümidləri artırıb.
Bu gün 102 il ərzində Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü, suverenliyi uğurunda mübarizə aparmış insanların, 20 Yanvar qırğınının, qətliamların qurbanlarının, didərgin və məcburi köçkün həyatı yaşamağa vadar olmuş azərbaycanlıların qisasının alındığı tarixin başlandığı gündür. Bu tarix Azərbaycanın dostlarının tanındığı və düşmənlərinin ifşa olunduğu gündür. Bu gün Azərbaycana beynəlxalq inam, etibar da artırıb. Ölkəmiz beynəlxalq enerji təhlükəsizliyi, nəqliyyat və başqa iqtisadi layihələrin reallaşmasında aparıcı mövqelərdədir.
Anım günü Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan, Azərbaycan-İsrail, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çin münasibətlərinin sınaqdan çıxdığı gündür. Bu günün qəhrəmanları "Şuşa Bəyannaməsi"nin yazılmasına, başqaları ilə strateji tərəfdaşlığın gücləndirilməsinə də nail olublar.
Odur ki, Anım gününü yeni Azərbaycan, yeni Cənub Qafqazın yaranmasının başlanğıcı saymaq tamamilə yerinə düşür.