Robot işləyir, insanlar borca girir...
İnsanın əlindən alınması mümkün olmayan yeganə peşə – alıcıdır
06 İyul 2026
Hələ yaxın vaxtlara qədər robotlar fantastik filmlərin qəhrəmanları idi. Bu gün isə onlar getdikcə daha çox müəssisələrin əməkdaşlarına çevrilirlər. Söhbət artıq zavodların hasarlanmış ərazilərində çalışan iri həcmli mexanizmlərdən deyil, əvvəllər insanların iştirakı tələb olunan çoxsaylı vəzifələri yerinə yetirməyə qadir olan yeni nəsil insanabənzər robotlardan gedir.
İlk baxışdan bu, əsl texnoloji zəfər təsiri bağışlayır. Məhsuldarlıq artır, xərclər azalır, mallar ucuzlaşır. Lakin bu cəlbedici mənzərənin arxasında iqtisadçıların getdikcə daha tez-tez müzakirə etdikləri sual dayanır: əgər robotlar insanların böyük əksəriyyətindən daha sürətli, daha keyfiyyətli və daha ucuz işləməyə başlasalar, nə baş verəcək?
Əməkhaqqı həddindən artıq bahalı olanda
Hər bir sahibkar xərclərini azaltmağa çalışır. Əgər robot sutkanın 24 saatı işləyə bilirsə, məzuniyyət, xəstəlik vərəqəsi və pensiya ayırmaları tələb etmirsə, gec-tez sadə bir sual yaranır: eyni vəzifələri maşın daha yaxşı yerinə yetirə bildiyi halda, nə üçün işə insan götürüb ona əməkhaqqı ödənilməlidir?
Texnologiyalar təkmilləşdikcə avtomatlaşdırmanın dəyəri də azalır. Əgər əvvəllər robotlaşdırma əsasən yalnız ən iri korporasiyalar üçün əlçatan idisə, indi o, tədricən orta biznesə də nüfuz edir. Artıq bu gün avtomatlaşdırılmış anbarlar milyonlarla sifarişi emal edir, özünəxidmət kassaları isə mağazalarda işçi heyətinin bir hissəsini əvəz edir.
Görünür, robotların hələlik insanın əlindən ala bilmədiyi yeganə peşə “alıcı” peşəsidir.
Müasir iqtisadiyyatın maraqlı paradoksu məhz bunda gizlənir. Şirkətlər əməkdaşlarını robotlarla əvəz etməyə çalışırlar, lakin eyni zamanda istehlakçıların insan olaraq qalacağına ümid edirlər. Beləliklə, alıcı tədricən avtomatlaşdırmanın hələlik aradan qaldıra bilmədiyi sonuncu peşəyə çevrilir.
Qəribə vəziyyət yaranır. Robot avtomobili yığa bilər. Robot onu anbara apara bilər. Robot hətta onu internet mağazası vasitəsilə sata da bilər. Ancaq hələ heç kim öz zövqü üçün həmin avtomobili almaq məqsədilə istehlak krediti götürəcək robot ixtira etməyib.
Kreditləri kim ödəyəcək?
Müasir iqtisadiyyat yalnız istehsal üzərində deyil, həm də kreditlər üzərində qurulub. İnsanlar mənzilləri ipoteka ilə alır, avtomobilləri kredit hesabına əldə edir, təhsil və digər iri xərcləri borc vəsaitləri hesabına ödəyirlər. Banklar sadə məntiqə əsaslanaraq vəsait ayırırlar: borcalan gəlir əldə edəcək və tədricən borcunu qaytaracaq.
Son yüz il ərzində iqtisadiyyat velosipedə bənzəyib. Bir təkəri istehsal, digərini isə istehlak fırladıb, işçilərin əməkhaqqı isə onları bir-birinə bağlayan halqa rolunu oynayıb.
Avtomatlaşdırma birinci təkəri getdikcə daha güclü edir. Lakin ikinci təkər daha yavaş fırlanmağa başlasa, problem zavodda deyil, bazarda yaranacaq. Məhz burada avtomatlaşdırma işsizlikdən qat-qat az danışılan problem yarada bilər.
Əgər milyonlarla insan sabit gəlirdən məhrum olsa, banklar ya kreditləşməni azaltmağa, ya da daha böyük risklər götürməyə məcbur qalacaq. Halbuki, mənzil, avtomobil və uzunmüddətli istifadə üçün nəzərdə tutulan bir çox digər malların satışını məhz kredit dəstəkləyir.
Problem ayrı-ayrı peşələrin yoxa çıxmasında deyil. Əsas problem ondadır ki, maliyyə sistemi özünün əsas istinad nöqtəsini – gəlirlərini proqnozlaşdırmaq mümkün olan borcalanı itirə bilər. İyirmi illik ipoteka o halda etibarlı görünür ki, insanın daimi işi və müntəzəm əməkhaqqısı olsun. Əgər gəlirlər qeyri-müntəzəm xarakter alarsa, insanın ödəmə qabiliyyətini qiymətləndirmək xeyli çətinləşəcək və ənənəvi kredit modeli işləməyəcək.
Robodeflyasiya: mallar ucuzlaşır, insanlar isə yoxsullaşır
Bəzi iqtisadçılar bu prosesi robodeflyasiya adlandırırlar – avtomatlaşdırmanın təsiri nəticəsində qiymətlərin enməsi.
Bu, ilk baxışdan yaxşı xəbər kimi görünür: daha ucuz mallar daha yüksək həyat səviyyəsi deməkdir. Ancaq təsəvvür edin ki, kiçik bir şəhərdə iri zavod fəaliyyət göstərir və min nəfər əməkhaqqı alır. Onlar ərzaq alır, kafelərə gedir, ipoteka götürür, övladlarının təhsil haqqını ödəyir və mənzillərində təmir işləri aparırlar.
Sonra zavod avtomatlaşdırılır. Min işçidən cəmi yüzdən az mühəndis və iyirmiyə yaxın operator qalır. Zavod daha çox məhsul istehsal edir və daha çox mənfəət götürür. Lakin şəhər üçün problem yaranır: robotlar mağazalara getmir, mənzil almır və kredit götürmür.
Bu, zavod üçün uğurdur. Yerli iqtisadiyyat üçün isə artıq uğur deyil. Əgər məhsuldarlıq əhalinin gəlirlərindən daha sürətlə artarsa, qeyri-adi vəziyyət yaranar: mal istehsal etmək asanlaşar, alıcı tapmaq isə çətinləşər.
Əlbəttə, avtomatlaşdırma müxtəlif sahələrə fərqli təsir göstərəcək. Ən həssas sahələr istehsalat müəssisələri, logistika mərkəzləri, anbarlar və çoxlu sayda təkrarlanan əməliyyatların yerinə yetirildiyi digər fəaliyyət sahələridir.
Müəllimin, psixoloqun, bələdçinin, musiqiçinin, dizaynerin, peşəkar aşpazın və ya kiçik emalatxana sahibinin işini avtomatlaşdırmaq isə xeyli çətindir. Süni intellekt onlara da kömək edəcək, lakin insan ünsiyyətini, yaradıcı yanaşmanı və fərdi xidməti tam əvəz etmək qat-qat mürəkkəbdir.
Ümumdünya İqtisadi Forumun məlumatına görə, 2030-cu ilədək dünyada mövcud iş yerlərinin təxminən 22 faizi transformasiyaya uğrayacaq.
İqtisadiyyat çevikləşib, hesablar isə yox
Əmək bazarı artıq dəyişir.
Getdikcə daha çox insan frilanser, məsləhətçi, platforma kuryeri, kontent yaradıcısı kimi çalışır və ya eyni vaxtda bir neçə gəlir mənbəyini birləşdirir. Bu gün insan müxtəlif mənbələrdən az-az da olsa gəlir əldə edə bilir.
Bu peşələrin bir çoxu məhz avtomatlaşdırılması daha çətin olan sahələrə aiddir. İş var, amma maliyyə sisteminin bu cür çalışan insanlara münasibəti çox vaxt əvvəlki kimi qalır.
Banklar, sığorta şirkətləri və ev sahibləri hələ də hər ay sabit əməkhaqqı alan müştərilərə üstünlük verirlər. İnsan ofis işçisindən daha çox qazansa belə, ipoteka rəsmiləşdirərkən böyük ehtimalla ona imtina cavabı veriləcək.
Maraqlı vəziyyət yaranır. İqtisadiyyat çeviklik tələb edir, maliyyə sistemi isə proqnozlaşdırılma sabitliyi.
Cəmiyyət insana deyir: “Yeni bacarıqlar mənimsə, peşəni dəyiş, çevik ol”. Lakin o, kredit almaq üçün banka müraciət etdikdə, əslində ona belə cavab verilir: “Bu, çox gözəldir. İndi isə zəhmət olmasa, son bir neçə il ərzində sabit əməkhaqqı aldığını təsdiqləyən arayışı təqdim edin”.
Bəs bu dəfə hər şey daha sürətlə baş versə?
Texnoloji tərəqqinin tərəfdarları adətən xatırladırlar ki, buna bənzər narahatlıqlar əvvəllər də mövcud olub.
Traktorlar meydana çıxanda kənd təsərrüfatında milyonlarla iş yeri yox oldu, lakin sənayedə yeni peşələr yarandı. Bankomatlar istifadəyə veriləndə isə çoxları bank işçilərinin peşəsinin yox olacağını gözləyirdi. Ancaq bu peşə yox olmadı, sadəcə dəyişdi.
Böyük ehtimalla, indi də yeni iş yerləri yaranacaq. Sual başqadır – bu, nə dərəcədə sürətlə baş verəcək?
Əvvəlki texnoloji inqilablar onilliklər ərzində baş verirdi. Bu gün isə süni intellekt, robototexnika və avtomatlaşdırma eyni vaxtda inkişaf edir və bir-birini gücləndirir.
Düşünün: əgər beş ildən sonra hazırkı peşəniz mövcudluğunu itirsə, artıq bu gün onun əvəzinə nə ilə məşğul olacağınızı söyləməyə hazırsınızmı?
Əgər dəyişikliklər təhsil sisteminin, qanunvericiliyin, bank sisteminin və dövlət idarəçiliyinin uyğunlaşa bildiyindən daha sürətlə baş versə, bu, ciddi sosial və iqtisadi sarsıntılara gətirib çıxara bilər.
İnsan əməyinin lüksə çevrildiyi vaxt
Əgər avtomatlaşdırma indiki sürətlə inkişafını davam etdirsə, daha bir gözlənilməz nəticə ortaya çıxa bilər.
Bu gün əl əməyi ilə hazırlanmış məhsullar yüksək qiymətləndirildiyi kimi, sabah insan tərəfindən görülən iş də eyni dərəcədə dəyərli ola bilər. Restoran robotlaşdırılmış mətbəxi deyil, əsl aşpazı reklam edəcək. Mağaza alqoritmi deyil, canlı məsləhətçini ön plana çıxaracaq. Təhsil müəssisəsi isə rəqəmsal köməkçiləri deyil, müəllimləri ilə öyünəcək.
Ola bilsin ki, on il sonra “Xidmət insan tərəfindən göstərilir” lövhəsi bugünkü “Əllə hazırlanıb” yazısı qədər nüfuzlu qəbul olunsun. Beləliklə, insan iştirakı istehsal zərurətindən çox, prestij elementinə çevrilmək riski ilə üz-üzə qalacaq.
Yeni sosial modelin axtarışı
Tarix göstərir ki, texnologiyalar adətən qanunvericilikdən, bank sistemindən və dövlət institutlarından daha sürətlə inkişaf edir. Robotlar nazirliklərin təlimatları yenidən yazmasını, universitetlərin tədris proqramlarını yeniləməsini və parlamentlərin yeni qanunlar qəbul etməsini gözləməyəcək.
Ötən əsrin iqtisadiyyatı mal qıtlığı problemini həll edirdi. Gələcəyin iqtisadiyyatı isə əks problemlə – alıcı qıtlığı ilə üzləşə bilər. Əsas sual artıq neçə peşənin yox olacağında deyil, insan əməyi və ondan əldə olunan gəlirlər üzərində qurulmuş iqtisadiyyatın işlərin əhəmiyyətli hissəsinin maşınlar tərəfindən görüldüyü bir dünyada mövcud olub-olmayacağındadır.
Artıq bu gün bəzi ölkələr avtomatlaşdırmanın əmək ilə gəlir arasındakı ənənəvi əlaqəni tədricən qırdığını anlayaraq “baza gəliri”nin tətbiqini müzakirə edir. Eyni zamanda, işəgötürəndən asılı olmayan sosial təminatlara və qeyri-sabit gəlirləri olan insanlara kredit verilməsinin yeni qaydalarına ehtiyac yaranır.
Ola bilsin ki, qarşıdakı onilliklərin əsas çağırışı robotların insanları iş yerlərində əvəz edib-edə bilməyəcəyi deyil, cəmiyyətin təkcə malların deyil, həm də alıcıların qorunub saxlanacağı iqtisadi model yaradıb-yarada bilməyəcəyidir.