Logo
news content

Kassa çekindəki geosiyasət, yaxud, supermarketdəki dünya siyasəti
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?..

İnsanların çoxu düşünür ki, geosiyasət çox uzaqlarda baş verən şeydir.

Haradasa prezidentlər mübahisə edir, nazirlər ciddi görkəm alır, ekspertlər xəritə üzərində ox çəkir, televiziya aparıcıları isə narahat səslə “eskalasiya” və ya “yeni təhlükəsizlik arxitekturası” kimi ifadələr işlədirlər.

İnsan Süveyş kanalının və ya Hörmüz boğazının harada yerləşdiyini ümumiyyətlə bilməyə də bilər. Amma o, bir gün yenə də onlarla qarşılaşır – supermarketin kassası qarşısında.

Görünür, XXI əsrdə geosiyasət artıq diplomatlar və politoloqlar üçün nəzərdə tutulmuş məşğuliyyət olmaqdan çıxıb. Bu gün birdən-birə yumurta, qəhvə, aviabiletlər və ya dollar bahalaşır və məlum olur ki, dünya siyasəti insanların cibinə yol tapmağı çox yaxşı bacarır.

Bir çoxları geosiyasətə bir növ televiziya janrı kimi yanaşırdı: kimi futbolu sevir, kimi serialları, kimi də beynəlxalq münaqişələri müzakirə etməyi. Lakin zaman keçdikcə aydın oldu ki, bu, şou deyil, qiymətlərə, gəlirlərə və gündəlik həyata getdikcə daha çox təsir göstərən sistemdir.

Uzaq münaqişələr bizim cibimizə necə təsir edir?

Bu gün dünya iqtisadiyyatı demək olar ki, vahid mexanizm kimi fəaliyyət göstərir.

Nəhəng yemək çatdırılması sistemini təsəvvürünüzə gətirin. Əgər bir kuryer tıxaca düşərsə, yalnız bir sifariş gecikəcək. Amma şəhərin əsas körpüsü bağlanarsa, problemlər eyni anda çoxlu sayda sifarişə təsir edəcək.

Müasir dünya iqtisadiyyatı da təxminən bu cür qurulub.

Neft bir regionda hasil edilir, başqa bir regionda emal olunur, konteynerlər üçüncü ölkələrdən keçir, mallar isə artıq dördüncü qitədə satılır. Və haradasa münaqişə yaranan kimi, bütün zəncir pozulmağa başlayır.

Ən sadə nümunə neftdir. Ciddi gərginlik yaranan kimi bazarlar internet kəsintisi zamanı sosial şəbəkə istifadəçilərinin təşvişə düşməsindən də sürətlə reaksiya verir. İnvestorlar tədarükün pozulacağından ehtiyat edir, neftin qiyməti yüksəlir, onun ardınca isə nəqliyyat xərcləri artır.

Nəqliyyat bahalaşanda isə demək olar ki, hər şey bahalaşır. Çünki müasir dünyada hətta “yerli” pomidorlar belə bəzən bəzi turistlərin məzuniyyət ərzində qət etdiyindən daha çox yol qət edir.

Bu, xüsusilə Ukraynada müharibə başlayandan sonra aydın görünməyə başladı. Ukrayna və Rusiya dünya taxıl və gübrə bazarında mühüm yer tutduğundan, istənilən fasilə və ya pozuntu qısa müddətdə onlarla ölkədə qiymətlərə təsir göstərdi. Nəticədə, münaqişə ilə birbaşa əlaqəsi olmayan dövlətlər də ərzaq məhsullarının bahalaşmasını hiss etdilər.

Lakin geosiyasət insanların həyatına təkcə neft və taxıl vasitəsilə daxil olmur. Bəzən o, daha sadə formada özünü göstərir: internet mağazasından verilən sifariş qəfil iki həftəyə deyil, iki aya çatır; hər gün içdiyiniz qəhvə sanki içinə qızıl qatılmış kimi bahalaşır; aviabiletlər isə bəzən kriptovalyuta kimi davranır – bu gün bir qiymətədir, sabah isə tamam başqa qiymətə.

Digər parlaq nümunə isə 2021-ci ildə Ever Given konteyner gəmisinin Süveyş kanalında ilişib qalmasıdır. İlk baxışda bu, sadəcə bir gəmi ilə baş verən hadisəsi kimi görünə bilərdi. Lakin bir neçə gün ərzində dünya qlobal ticarətin nə qədər həssas hala gəldiyini anladı. Çünki dünya ticarətinin təxminən 12 faizi Süveyş kanalından keçir və marşrutun müvəqqəti bağlanması bütün dünyada tədarük zəncirində gecikmələrə səbəb oldu.

Demək olar ki, komik vəziyyət yaranmışdı: bəzən dünya qiymətlərinə prezidentlər və generallardan daha çox, kanalın ortasında uğursuz şəkildə ilişib qalmış bir gəmi təsir göstərir.

Sanksiyalar: ölkələr, yoxsa insanlar üçün cəza?

Bu gün sanksiyalar dünya siyasətində ən çox istifadə olunan alətlərdən birinə çevrilib. Tankların yerini banklara, ticarətə, texnologiyalara və maliyyə əməliyyatlarına qoyulan məhdudiyyətlər tutub.

Kağız üzərində hər şey məntiqli görünür: iqtisadi təzyiq hakimiyyətləri davranışlarını dəyişməyə məcbur etməlidir.

Bəzən sanksiyalar həqiqətən də siyasi məqsədlərə nail olmağa kömək edir. Lakin onların iqtisadi nəticələri nadir hallarda yalnız hədəf seçilən tərəflərlə məhdudlaşır. Adətən onlar qonşu ölkələrə, ticarət tərəfdaşlarına və nəticə etibarilə adi istehlakçılara da təsir edir.

Əgər ənənəvi tədarük marşrutlarından biri bağlanırsa, mallar daha uzun yollarla daşınmağa başlayır. Bu, evə gedən zaman adət etdiyiniz yolun bağlanmasına bənzəyir: alternativ marşrutla hərəkət etməli, daha çox vaxt və yanacaq sərf etməli olursunuz. Dünya iqtisadiyyatında da həmin əlavə xərcin hesabını sonda istehlakçı ödəyir.

Marşrutlar yenidən qurulur, logistika bahalaşır, yeni vasitəçilər meydana çıxır, xərclər artır – bütün bunlar isə tədricən qiymətlərdə öz əksini tapır.

Bəzən vəziyyət geosiyasi serialı xatırladır: bir tərəf sanksiyalar tətbiq edir, digər tərəf onların ətrafından keçməyə kömək edir, üçüncü tərəf isə yeni tədarük sxemlərindən uğurla gəlir əldə edir. Adi insan isə hələ dünən kərə yağının niyə bir qiymətə satıldığını, bu gün isə tamam başqa qiymətə təklif olunduğunu anlamağa çalışır.

Əslində, müasir geosiyasət getdikcə daha çox gizli vergi kimi işləyir: onu nə parlament təsdiqləyib, nə də dövlət rəsmi şəkildə tətbiq edib. Amma insanlar yenə də onun əvəzini ödəyirlər – qiymətlər, tariflər və valyuta məzənnəsi vasitəsilə.

Əvvəllər insanlar əsasən pis havadan ehtiyat edirdilər. İndi isə dünənə qədər adını belə eşitmədikləri regionlardan gələn pis xəbərlərdən də narahat olurlar.

Böyük siyasət və kiçik bazarlar: əlaqə haradadır?

Böyük iqtisadiyyatlar adətən qlobal sarsıntılara daha asan tab gətirirlər. Onların daha çox ehtiyatları, daha geniş daxili bazarları və zərbələrin təsirini yumşaltmaq üçün daha çox imkanları var.

Kiçik iqtisadiyyatlar üçün isə vəziyyət daha mürəkkəbdir, xüsusən də idxaldan, beynəlxalq ticarətdən və nəqliyyat marşrutlarından ciddi şəkildə asılı olan ölkələr üçün.

Azərbaycan kiçik bazarın necə böyük qlobal oyunun bir hissəsinə çevrildiyini göstərən yaxşı nümunədir. Bir tərəfdən, neftin bahalaşması ölkəyə əlavə gəlirlər gətirə bilər. Digər tərəfdən isə həmin qlobal qeyri-sabitlik idxalın, daşınmaların və bir çox malların qiymətini artırır.

Məsələn, beynəlxalq logistikanın bahalaşması və ya ərzaq məhsullarının dünya bazarlarında qiymətlərinin yüksəlməsi daxili bazarda da kifayət qədər sürətlə hiss olunur. Hətta məhsul ölkə daxilində istehsal olunsa belə, onun maya dəyəri idxal olunan gübrələrdən, qablaşdırma materiallarından, avadanlıqlardan və ya nəqliyyat xərclərindən asılı ola bilər. Nəticədə minlərlə kilometr uzaqda baş verən hadisələr bəzən gözlənilmədən adi ərzaq səbətinin qiymətinə təsir göstərir.

Müasir istehlakçı isə artıq çoxdan qlobal mağazada yaşayır. Telefon bir neçə ölkədə istehsal olunan komponentlərdən istifadə edilməklə Çində yığıla bilər, geyim Türkiyə üzərindən gətirilə bilər, texnika Asiyadan tədarük olunan mikroçiplərdən asılı ola bilər, ərzaq məhsullarının qiyməti isə dünya taxıl və gübrə bazarlarındakı dəyişikliklərlə müəyyənləşə bilər.

Güman edilirdi ki, qloballaşma sərhədlərin əhəmiyyətini azaldacaq. Lakin nəticə tam əksinə oldu: coğrafiya yenidən taleyə çevrildi. Sadəcə indi bu, ordular üçün deyil, qiymətlər, tədarük zəncirləri və insanların cibinə təsir edən amillər üçün keçərlidir.

İroniya ondadır ki, bir çox insanlar heç vaxt geosiyasətlə maraqlanmaya bilər. Amma geosiyasət mütəmadi olaraq onlarla maraqlanmağa davam edir.

Benzinin qiyməti vasitəsilə.

Ərzaq məhsullarının bahalaşması vasitəsilə.

Çatdırılma tarifləri vasitəsilə.

Kredit faizləri və bir çox başqa amillər vasitəsilə.

Final

Dünyadakı bağlar bir-biri ilə o qədər sıxlaşıb ki, geosiyasət çoxdan diplomatların kabinetləri və analitik hesabatların səhifələri ilə məhdudlaşmır.

Bəlkə də XXI əsrin əsas paradoksu məhz bundadır: insan dünya siyasəti ilə ümumiyyətlə maraqlanmaya bilər, amma dünya siyasəti ona özünü mütəmadi şəkildə xatırlatmağı bacarır.

Üstəlik, bu xatırlatma xəbərlər vasitəsilə deyil, market kassasındakı çek vasitəsilə edir.