Logo
news content

Komendant saatında toy, ermənilərlə “oyun”a etiraz, qeyri-adi vəsiyyət... - II YAZI
Türkiyə siyasətinin “Bəy əfəndisi” nəyi “demokratiyanın ayıbı” adlandırmışdı?

Əvvəli: Burada

Hüsamettin Cindoruk 1960 çevrilişindən sonra həbs edilən DP üzvlərini müdafiə edərkən keçmiş maliyyə naziri Hasan Polatkanın baldızı qızı Diləklə tanış olmuşdu. Onlar 1962-ci ilin noyabrın 30-da nikah bağladılar, amma toyu bahara saxladılar və sonrakı hadisələr göstərdi, bu qərar uğurlu olmayıb. 

 “25 Mayıs 1963’te evlendik, fakat orada da kazık yedik. Talat Aydemir, 21 Mayıs hareketini yaptı ve sıkıyönetim ilan edildi. Düğünümüz sokağa çıkma yasaklarına denk geldi. Askerler beni düğünüme kadar takip etti! Buna rağmen İlham Gencer geldi çaldı, Ajda Pekkan şarkı söyledi”, - Cindoruk müsahibələrinin birində deyirdi.

Məqalənin birinci hissəsində dediyim kimi, yerliçiliyin Türkiyə seçkilərində önəmli rol oynadığı halda, İzmirdə doğulub Ankarada böyüyən Hüsamettin bəyin “məmləkətim” deyəcək yeri yox idi. Bilmirəm, türklərdə “Haralısan? Hələ evlənməmişəm” məsəli var, ya yox, amma Polatkan ailəsinin Əskişəhərdən olduğunu nəzərə alan Cindoruk 1991-ci il seçkilərində buradan namizəd olmağı qərara aldı. 

Səsvermə günü oktyabrın 20-də olan seçkilər əvvəlki qaydada keçirilirdi: ölkə üzrə 10 faizlik baraj + çevrə barajı, “kontenjan namizəd”, partiya siyahısında konkret namizədlərin seçilib səs verilməsi. Əskişəhərdə 5 deputat seçiləcəkdi və çevrə barajı 20% idi. Əvvəlcə onu deyim ki, yerli baraj sosial-demokratlarla çox pis zarafat etdi. SHP 19,6% səs topladı və barajı keçməyə 0,4% səsi çatmadı. 

Çevrə barajını iki partiya keçdi: DYP (34,14%) və ANAP (22,65%). Nəticədə, DYP 3, ANAP 2 mandat qazandı Cindorukun seçimi özünü doğrultdu: əskişəhərlilər məmnuniyyətlə “enişte”yə səs verdilər və o, bütün namizədlərdən çox səs topladı.

DYP ölkə üzrə də birinci oldu: 27,03% səs və 178 mandat. Turgut Özal prezident olduqdan sonra Mesut Yılmazın başqanlıq etdiyi ANAP-ın səsi əvvəlki seçki ilə müqayisədə 1/3 azaldı: 24,01% səs və 115 mandat. SHP-nin də səsi və mandatları azaldı: 20,75% səs və 88 mandat. Əvəzində Refah Partiyası səslərini artıraraq barajı keçdi və parlamentə düşən dördüncü partiya oldu: 16,87% səs və 62 mandat. Nəhayət, Bülent Ecevitin Demokratik Sol Partiyası (DSP) ölkə barajını çətinliklə keçərək (10,75%) 7 mandat qazandı. 

19-cu çağırış TBMM 1991-ci il noyabrın 6-da işinə qalmaqalla başladı. 

***

1990-cı il iyunun 7-də kürd kökənli Türkiyə siyasətçiləri Xalqın Əmək Partiyasını (HEP) yaratdılar. Ölkə barajını adlamağın mümkünsüzlüyünü anlayan partiya rəhbərliyi 1991-ci il seçkilərində SHP-nin siyahısında iştirak etdilər və 18 mandat qazandılar. İlk iclasdakı qalmaqal da onlarla bağlı idi. 

Türkiyə konstitusiyasına görə, ilk iclasda millət vəkilləri and içməlidirlər. Andın mətni də konstitusiyada əks olunub. Yeni heyətin ən yaşlı deputatı  Ali Rıza Septioğlunun idarə etdiyi iclasda HEP üzvlərindən tribunaya birinci Hatip Dicle çıxdı. O, andın mətnini oxumazdan əvvəl “Ben ve arkadaşlarım bu metni anayasanın baskısı altında okuyoruz” söylədi. Bu qeyd xüsusilə DYP və ANAP sıralarında güclü etiraz doğurdu və iki partiyanın nümayəndələri əllərini stola vuraraq, Diclenin andiçməsini obstruksiya etdilər. 

HEP-çilərdən növbəti and içən Leyla Zana oldu. Başına kürd rənglərini (sarı, qırmızı, yaşıl) əks etdirən lent taxmış Zana and mətnini bitirdikdən sonra kürdcə bir cümlə əlavə etdi: “Ez vê sondê li ser navê gelê kurd û tirk dixwîm” (“Mən bu andı kürd və türk xalqlarının qardaşlığı üçün içdim”).

Türkiyə parlamentinin tribunasından kürdcə nitqin səslənməsi - bu nitq bir cümləlik və xoş məzmunlu olsa da - görünməmiş hadisə idi. Yenə etraz səsləri qalxdı. Özü zaza olan Septioğlu Leyla Zananı yenidən kürsüyə dəvət edərək, andı təkrar oxumasını istədi. “Yemin krizi” adını alan bu qalmaqalın sədası bir neçə il çəkdi ki, barəsində daha sonra bəhs edəcəyəm. 

*** 

DYP-SHP koalisiyası Məclis başqanlığına Hüsamettin Cindorukun, ANAP Mehmet Vehbi Dinçerlerin, Refah isə Şevket Kazanın namizədliyini irəli sürdü. Reqlamentə görə, 1 və 2-ci turlarda qalib gəlmək üçün Məclis üzvlərinin 2/3-nin səsi toplanmalı idi. Bu, mümkün olmazdısa, üçüncü turda üzvlərin yarısından çoxunun səsi yetərli idi. 

Noyabrın 16-da keçirilən seçkilərin iki turunda qalib müəyyən olunmadı. Üçüncü turda isə Hüsamettin Cindoruk 286 səs toplayaraq, TBMM-in 17-ci başqanı seçildi. Maraqlıdır ki, DYP-SHP koalisiyasının 266 mandatı olduğu halda, Cindoruk 20 səs artıq toplamışdı, yəni rəqib partiyaların nümayəndələrindən də ona səs verən olmuşdu. Bu da Cindorukun siyasi mədəniyyəti, etik davranışı sayəsində rəqiblərinin də hörmətini qazanması ilə izah olunmalıdır. 

Beləliklə, 4 il əvvəl sıravi deputat seçilməyən bir siyasətçi indi dövlət protokolunda ikinci şəxsə çevrilirdi. Baş nazir isə Süleyman Demirel oldu. 

Onu da qeyd edim ki, Mesut Yılmazın baş nazir olduğu əvvəlki hökumət istefaya getməzdən əvvəl, noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıdı.

Hüsamettin Cindoruk TBMM sədri seçiləndən iki ay sonra, 1992-ci il yanvarın 12-14-də Azərbaycana səfər etdi. Bu, onun TBMM sədri kimi ilk xarici səfəri idi və o zamana qədər müstəqil Azərbaycana gələn ən yüksək ranqlı Türkiyə siyasətçisi idi. 

*** 

Turgut Özal 1993-cü il aprelin 17-də qəflətən vəfat etdikdə, Konstitusiyaya uyğun olaraq TBMM sədri onun səlahiyyətlərini icra etməyə başladı. Yeni prezident seçkiləri 8-16 may tarixlərində keçirildi. Hakim DYP-SHP koalisiyasının namizədi Süleyman Demirel ilk iki turda səslərin 2/3-ni toplaya bilmədi. Sadə səs çoxluğu tələb olunan üçüncü turda isə 244 səs toplayaraq, Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti seçildi. Elə həmin gün keçirilən andiçmədən sonra Cindoruk 29 gün icra etdiyi səlahiyyətləri təhvil verdi. 

Demirelin prezident olması ilə yeni DYP sədrinin və baş nazirin kim olacağı sualı qalxdı. Nəzərlər ilk növbədə Hüsamettin Cindoruka yönəldi ki, bu da təsadüfi deyildi. O, Demirelden sonra partiyada ikinci adam sayılırdı və 1985-1987-ci illərdə artıq başqan olmuşdu. 

Hüsamettin bey də başqanlığa və dolayısı ilə baş nazirliyə iddialı idi və xeyir-dua almaq üçün Demirele müraciət etdi. Amma prezident gözlənilmədən razılıq vermədi və Cindoruka TBMM başqanı qalmağı məsləhət gördü. Demirel prezident olduğuna görə daha partiya üzvü deyildi, amma təşkilatda mənəvi nüfuzu vardı. Cindoruk da onun istəyinin ziddinə getməyərək, namizədliyini irəli sürmədi. 

Demirelin belə qərar verməsinin səbəbi yəqin ki, partiyanın başına daha asılı və daha idarəolunan birisini gətirib DYP-nin öz nəzarətindən çıxmasına imkan verməmək idi. O, partiya daxilindəki seçkilərə rəsmən qarışmasa da İsmet Sezginin seçilməsini istəyirdi. Amma iyunun 13-də keçirilən partiya qurultayında Tansu Çiller başqan seçildi. Yenə də SHP ilə koalisiyada qurulan 50-ci Cümhuriyyət hökuməti iyunun 25-də TBMM-dən etimad aldı və Çiller baş nazir oldu.

Çillerin qələbəsi olduqca gözlənilməz idi. O, cəmi 3 il idi ki, partiyaya üzv olmuşdu. Son vaxtlar Demirelle münasibətlərinin soyuması sirr deyildi. Bununla belə qalib gəldi. Bir çoxunun fikrincə bu, onun qadın olması ilə əlaqədar idi.

Müsəlman ölkəsində yetərincə gənc (47 yaşlı), müasir görünüşlü, gözəl gülüşlü, sarışın, ingilis dilində sərbəst danışan qadın baş nazir - Atatürkün qurduğu respublikanın 70-ci ildönümü üçün bundan əlamətdar nə ola bilərdi? Həm də cəmi 13 il əvvəl hərbi çevriliş yaşamış ölkənin beynəlxalq imicini yaxşılaşdırmağa böyük töhfə verərdi!

Üstəlik, iqtisadiyyat professoru idi. İqtisadiyyat isə Türkiyənin ən zəif yeri idi. Atatürk də başqa sahələrdəki bütün dühasına baxmayaraq, iqtisadi sahədə xüsusi uğuru ilə öyünə bilməzdi. İkinci dünya müharibəsindən sonra bir çox ölkələr Marşall planı sayəsində iqtisadi yüksəliş yaşarkən, Menderes hökuməti həmin yardımdan o qədər fərasətsiz yararlandı ki, Türkiyə 1958-ci ildə defolta qədər çökdü. Yalnız Turqut Özal bu cəhətdən istisna idi və baş nazir olduğu 1983-1989-cu illərdə Türkiyə iqtisadiyyatını xeyli modernləşdirmişdi.

Süleyman Demirel, Bülent Ecevit, Erdal İnönü, Alparslan Türkeş, Necmettin Erbakan kimi siyasi liderlərdən fərqli olaraq, Tansu Çiller İkinci dünya müharibəsindən sonra anadan olmuş, ağlı kəsən vaxtdan Türkiyədə çoxpartiyalılıq, siyasi rəqabət, azad seçkilər görmüşdü. Düşünülürdü ki, bunun da təsiri olacaq və Türkiyə demokratiya sahəsində də sıçrayış edəcək, insan hüquq və azadlıqları daha yaxşı təmin olunacaq. 

Amma hər şey əksinə oldu. Tansu Çillerin baş nazir olduğu 2 il 8 ay 10 gün Türkiyə tarixinin ən uğursuz dövrü oldu. Yeni Türkiyənin simvolu olacağı gözlənilən qadın ölkəni də, partiyasını da, liberal sağı da, sekulyar dəyərləri də çökdürdü. İqtisadiyyat dərin böhrana girdi. İnflyasiya artdı.

1994-cü ilin martında keçiriləcək bələdiyyə seçkiləri öncəsi inflyasiyanı dayandırmağa çalışan baş nazir ilin ilk üç ayı ərzində ölkənin valyuta ehtiyatının yarısından çoxunu hərraca çıxardı. Əvəzində seçkidən sonra inflyasiya dördnala çapdı. Çiller baş nazir olarkən 11 min lirədən aşağı olan dolların qiyməti 1994-cü ilin sonunda 40 min lirəyə yaxınlaşırdı. Çillerin öz postunu tərk etdiyi 1996-cı ilin martında isə 66,5 min lirəyə idi. İqtisadi tənəzzül yüzminlərlə insanı işsiz qoydu.

İnsan hüquq və azadlıqları sahəsində isə vəziyyət lap acınacaqlı oldu. Əvvəllər də baş verən “faili meçhul” (üstü açılmayan) qətllər Çiller dövründə lap vüsət aldı. PKK ilə mübarizə adı altında insan hüquqları gözardı edildi. Dövlətin müəyyən qurumlarına bağlı, amma qeyri-leqal JİTEM və digər təşkilatlar məhkəməsiz həbslər, işgəncələr, qətllər həyata keçirirdi. İstənilən narazılıq təzahürü az qala terrora dəstək kimi yozulurdu. Polisin həbs etdiyi adamların üzərində işgəncə izləri olan cəsədləri küçədə, yol kənarında, meşədə tapılırdı. 

İşgəncələr hətta yeniyetmələrdən vaz keçmədi. 1995-ci il dekabrın 26-da Manisada bir vaqona sadəcə “Paralı eğitime hayır” yazdıqlarına görə oğlanlı-qızlı 16 yeniyetmə həbs olundu. Dəhşətli işgəncələr altında onlardan gizli təşkilata üzv olmaları, Molotov kokteyli atmaları barədə ifadələr alındı. Gənclər yalnız Çiller iqtidarından sonra, 1997-ci ildə bəraət aldılar.

Beləcə, gənc, müasir görünüşlü, gözəl gülüşlü, ingilis dilində sərbəst danışan, intellektual təəssüratı yaradan qadın Türkiyəni qorxu səltənətinə çevirdi.

Hüsamettin Cindoruk Çillerin DYP başqanı seçilməsindən əvvəldən narazı idi. Söylədiyi “DYP Kongresi şeftali şenliğine benziyor. Orada şeftali güzeli seçildi” fikri ilə Çillerin siyasi cəhətlərinə görə deyil, cinsinə və xarici görünüşünə görə seçildiyini qabartdı. Onu da deyim ki, daim kübar davranışı ilə seçilən və “bəy əfəndi” deyilən Cindorukun belə sərt ifadə işlətməsi narazılığının çox böyük olmasının göstəricisi sayılmalıdır. 

Zaman keçdikcə TBMM sədri ilə baş nazir arasında ixtilaf dərinləşirdi. Bürokratik ənənələrə, Məclis protokoluna və dövlət nəzakətinə həddindən artıq önəm verən hüquqçu Cindoruk üçün Çillerin idarəçiliyi qəbulolunmaz idi və bu idarəçiliyi “dövlət ciddiyyətinə əks” hesab edirdi. Yuxarıdan bəhs etdiyim “yemin krizi”nə münasibət də dövlətin ikinci və üçüncü şəxsləri arasında münasibətləri pisləşdirən amillərdən biri oldu. 

Dövlət Təhlükəsizlik Məhkəməsinin (Devlet Güvenlik Mahkemesi, DGM) kürd deputatların toxunulmazlığını qaldırmaq tələbi Məclis başqanı tərəfindən müzakirəyə çıxarılmadan rədd edilmişdi. Cindoruk bildirirdi ki, Konstitusiyaya görə, deputatlar parlamentdə çıxış zamanı söylədikləri fikirlərə görə məsuliyyət daşımırlar, baş verənlər də “kürsü toxunulmazlığı” deyilən bu immunitetə daxildir. 

Sonralar Mehmet Ali Birandın “32. gün. 28 şubat” tədqiqat verilişinə müsahibə verən  Cindoruk bildirirdi ki, məsələnin siyasi həllinə nail olmaq lazım idi. Siyasi həll də ondan ibarət olmalı idi ki, növbəti seçkilərdə SHP ilə ittifaq qura bilməyəcək kürd siyasətçilər barajın altında qalacaqdılar. Doğrudan da, qapadılan HEP və DEP-in əvəzinə yaradılar HADEP (Xalqın Demokratiya Partiyası) 1995-ci il seçkilərində 4,17% səs toplayacaqdı. 

Lakin Tansu Çiller kürd deputatların mütləq hüquq vasitəsilə cəzalandırılmasını tələb edirdi. Cindoruk ABŞ-da müalicə olunarkən DGM-nin müraciəti parlamentin müzakirəsinə çıxarıldı və 8 kürd deputatın toxunulmazlığı qaldırıldı. Onlar elə parlamentin foyesində həbs olundular və Cindoruk bunu “demokratiyanın böyük ayıbı” adlandırdı. 

Toxunulmazlıqları ləğv edilən deputatlardan Leyla Zana, Hatip Dicle, Orhan Doğan və Selim Sadak "terror təşkilatına üzv olmaq" ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edildilər. Təxminən 10 il həbsdə qaldıqdan sonra, 2004-cü ildə azad edildilər. Digərləri isə bir müddət həbsdə qaldıqdan sonra bəraət aldılar. 

1994-cü il iyunun 17-də “Milliyet” qəzetində çap olunan məqalə Türkiyə siyasətində zəlzələ doğurdu.  Məqalədə Tansu Çillerin və əri Özer Çillerin ABŞ-da dəyəri milyonlarla dollarla ölçülən daşınmaz əmlaka sahib olduqları yazılırdı. Çillerin bu əmlakın anasından qalma mirasdan uğurlu sərmayə kimi yararlanması nəticəsində əldə etməsi arqumenti müxalifət və cəmiyyət tərəfindən kinayə ilə qarşılandı. Üstəlik, belə “halal” əmlakın gəlir bəyannaməsində niyə əksini tapmaması sualı cavabsız qaldı.

1995-ci il dekabrın 24-də keçirilən parlament seçkiləri ərəfəsində artan ictimai təzyiqlər qarşısında Çiller canlı yayımda bu əmlakını "Zübeyde Hanım Şehit Anaları Vakfı"na bağışlayacağını vəd etdi. Lakin seçkilərdən sonra bu vəd yerinə yetirilmədi və mülklərin bir hissəsinin gizli şəkildə satıldığı iddia olundu.

Bu zaman Cindoruk DYP-dən artıq ayrılmışdı və seçkilərdə namizəd olmadı. Tansu Çillerin Refah Partiyası ilə koalisiyaya getməsi bəzi deputatların DYP-dən ayrılmasına səbəb oldu. Aralarında İsmet Sezginin də olduğu bu deputatlar Hüsamettin Cindorukun rəhbərliyi altında 1997-ci ildə Demokrat Türkiyə Partiyasını yaratdı. Partiya üzvləri hərbçilərin “28 şubat postmodern darbe” adını alacaq müdaxiləsindən sonra Mesut Yılmazın qurduğu 55-ci Cümhuriyyət hökumətində yer aldılar.

DTP 1999-cu il seçkilərində 0,5% kimi çox aşağı nəticə göstərdikdə, Hüsamettin bəy başqanlıqdan istefa verdi, yerinə İsmet Sezgin keçdi. 2009-2011-ci  illərdə Demokrat Partiyanın başqanı postunda da uğur qazana bilmədi. Ümumiyyətlə, Tansu Çillerin hakimiyyət illərində baş verən hadisələr, mərkəz sağın iki partiyasının lideri - Tansu Çiller və Mesut Yılmaz arasında barışmaz ədavət aid olduqları düşərgəyə sarsılmaz zərbə vurdu. 

Cindoruk 2009-cu ildə Türkiyə-Ermənistan münasibətlərindəki “futbol diplomatiyası”nın Azərbaycanla münasibətlərə xələl gətirməsinə etiraz edirdi: “Dilimiz, dinimiz, soy ağacımız eyni olan Azərbaycanı incidirik. Azərbaycan bizim can və qan qardaşımızdır. Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini işğal edib. Bakının bəzi yerlərində Qarabağda şəhid olanların məzarları var. Azərbaycanın bir qismini işğal etmiş Ermənistanın prezidenti Bursadakı matçı izləməyə gəlməklə nə baş verəcək? Gəlməz olsun. Buna görə Azərbaycanı incitməyə dəyərmi?”

2011-ci ildə DP başqanlığından ayrılan Hüsamettin Cindoruk 69 illik siyasi karyerasına son verdi və istirahətə çəkildi. Türkiyə demokratiyasının “vicdan səsi” kimi qalmağa davam etdi. 

O, 2026-cı il aprelin 11-də İstanbulda vəfat edərkən də son vəsiyyəti ilə fərqləndi: özü üçün dövlət mərasiminin keçirilməməsini və dövlət məzarlığında dəfn olunmamasını istədi. Aprelin 13-də hər kəsin hörmət bəslədiyi bu İYİ Partiya başqanı Müsavat Dervişoğlunun “Türkiyə demokratiyasının böyük müdafiəçisi” adlandırdığı “bəyəfəndi” Zəncirliquyu məzarlığında dəfn edildi.