Eşqbaz qəhrəman, əyyaşlıqdan dönüş, sonuncu uçuş - GERÇƏK HEKAYƏT – I YAZI
Yuri Qaqarin haqqında miflər və həqiqətlər
10 Aprel 2026
65 il əvvəl, 1961-ci il aprelin 12-də bəşəriyyət ilk dəfə kosmosa uçdu. 106 dəqiqə sürən uçuş sovet vətəndaşı Yuri Qaqarini planetin ən populyar adamına çevirdi. Cəmi 7 il sonra isə o, aviaqəzada həlak oldu.
Qaqarinin uçuşdan sonrakı həyatı haqqında Azərbaycan dilində məlumatlar çox deyil. Özü, uçuşdan sonrakı davranışı haqqında müxtəlif miflər dolaşır. Bu məqalə ilk kosmonavt, onun faciəli ölümü haqqında boşluğu doldurmaq məqsədilə yazılır.
***
Yuri Qaqarin kosmosa uçandan sonra özünün əsas peşəsi - təyyarə pilotluğu ilə bir müddət vidalaşmalı oldu. Əvəzində sərnişin kimi çox uçurdu. Təkcə 1961-ci ilin sonuna kimi o, Çexoslovakiyaya, Bolqarıstana, Finlandiyada, Böyük Britaniyaya, Polşaya, Kanadaya, Kubaya, Braziliyaya, Macarıstana, Hindistana, Şri-Lankaya və Əfqanıstana səfər etdi. Xarici səfərlər bir qədər az intensivliklə olsa da, 1965-ci ilə qədər davam etdi.
Onlardan əlavə, ölkənin müxtəlif yerlərində də görüşlər keçirilirdi. SSRİ-yə gələn xarici qonaqlarla da görüşmək lazım idi - məsələn, 1961-ci ilin iyulunda Moskva Beynəlxalq Film Festivalına gələn qonaqlarla.

Həmin görüş zamanı məşhur İtaliya aktrisası Cina Lollobricidanın Qaqarini öpdüyü zaman çəkilən şəkil bütün dünya mətbuatını dolaşdı.
Kosmosa baş leytenant kimi uçan və Xruşşovun təkidi ilə Yerə mayor kimi enən Qaqarin Sovet İttifaqının, Çexoslovakiyanın, Bolqarıstanın, Vyetnamın Qəhrəman adına, xeyli ölkənin ordenlərinə layiq görüldü. SSRİ Ali Sovetinin deputatı, komsomolun Mərkəzi Komitəsinin üzvü, SSRİ-Kuba dostluq cəmiyyətinin sədri oldu. Bütün bunlar onun vaxtını alır və uçuşlarla məşğul olmasına imkan vermirdi. Üstəlik, daha bir mənfi hal vardı: alkoqol.
İstər daxildə, istər xaricdə görüşlərin çoxu ziyafətlə yekunlaşırdı. Nəticədə Qaqarin alkoqolikə çevrilməsə də, onda içkiyə həvəs yaranır. Bu isə kosmosa uçuşundan cəmi 6 ay sonra onun üçün faciəli nəticələnə bilərdi.
1961-ci ilin sentyabrın 14-də Qaqarin və ailəsi, HHQ baş komandanının kosmos üzrə müavini Nikolay Kamanin, “kosmonavt №2” German Titov və başqaları Krıma istirahətə yollanırlar. Burada onlar Forosda, vaxtilə Maksim Qorkiyə məxsus olan “Tesseli” adlı malikanədə qalırlar. Qonaqlara xidmət üçün ayrılan personaldan Anna adlı tibb bacısına Qaqarinin gözü düşür. Qız isə ona qarşılıq vermir, yəqin ki, rəhbərlikdən aldığı təlimata görə.
Oktyabrın 3-də xeyli içmiş Qaqarin yoldaşlarının əyləndiyi qonaq otağında kart oynayan arvadı Valentinaya yatmağa getdiyini deyir. Amma bir qədər sonra Valentinaya xəbər verirlər ki, Yura tibb bacısı Annanın otağına girib. Valya qaçaraq həmin otağın qapısını döyməyə başlayır.
Anna hadisəni belə təsvir edir: “Növbəni təhvil verəndən otağımda uzanıb kitab oxuyurdum. Birdən qapının açılıb örtüldüyünü, sonra da açarla bağlandığını eşitdim. Qaqarin idi. Gəlib məni qucaqlamağa, öpməyə çalışdı. Bu zaman qapı möhkəm döyüldü və arvadı Valentinanın səsi eşidildi. Qaqarin qorxusundan balkona çıxaraq özünü aşağı atdı”.
Balkon isə yerdən 2 metr hündürlükdə idi. Üstəlik Yurinin ayağı üzüm tənəyinə ilişdi və başı üstə yıxıldı. Dostları onu tapanda huşsuz vəziyyətdə və tamamilə qan içində idi. Alınan xəsarət o qədər ciddi idi ki, birinci kosmonavta 20 günlük yataq rejimi təyin olundu və o, Kommunist Partiyasının oktyabrın 17-də başlayan XXII qurultayının birinci yarısında iştirak edə bilmədi. Bu isə xarici mətbuatda müxtəlif şayiələrin yayılmasına səbəb oldu.
Halbuki həm Qaqarinin, həm də 1961-ci ilin avqustunda kosmosa uçan ikinci sovet vətəndaşı Titovun qurultayın rəyasətinə seçiləcəyi planlaşdırılırdı. Qaqarin iştirak etmədikdə, onun yoxluğunu qabartmamaq üçün Titov da seçilmədi. Yuri oktyabrın 24-dən başlayaraq qurultayda göründü və bəzi şayiələr - məsələn, onun siyasi etimadı itirməsi haqqındakılar - ortadan qalxdı.
Bu hadisədən sonra Qaqarin içməyi azaltsa da tam tərgitmədi. General Kamanin öz gündəliyində yazırdı: “Hətta Krımda baş verən hadisədən sonra belə içkidən tam imtina etmədi. Yarım ay ərzində cəmi iki-üç dəfə içirdi, özü də yalnız bir-iki qədəh. Amma xoşagəlməz olan odur ki, açıq-aşkar həzz alaraq içir və uyğun mühitdə asanlıqla həddi aşa bilər. Peyğəmbərlik etmək istəmirəm, amma mənə elə gəlir ki, zaman keçdikcə o, içəcək — həm də möhkəm”.
Belə rejim, üstəlik, idmanla məşğul olmaması Qaqarinin fiziki formasına təsir edirdi: çəkisi 8-9 kq artmışdı. Uçuş vərdişlərindən isə danışmağa dəyməzdi. O, 1961-ci il yanvarın 1-dən 1964-cü ilin sonlarına qədər pilot kimi cəmi 7 saat havada olmuşdu.
Bununla belə, Kamaninin bədbin proqnozu özünü doğrultmadı. Qaqarin dönüş etməyi bacardı və general artıq 1962-ci il iyulun 14-də gündəliyində yazırdı: “Qaqarin gəldi, yeni podpolkovnik rütbəsində özünü təqdim etdi. Yuraya əhsən, o, heç bir rütbəni utandırmaz. İndiyədək heç bir insanın payına düşməmiş təbrik və heyranlıq selinin 15 aylıq sınağından şərəflə çıxdı. Forosdakı kiçik səhvini düzgün qiymətləndirdi və mən ona inanıram — ondan kosmosun mənimsənilməsi uğrunda mübarizədə yaxşı rəhbər çıxacaq”.
Ümumiyyətlə, dolaşan miflərə rəğmən, Qaqarin alkoqolikə çevrilməyib, heç zaman da özünü kobud və təkəbbürlü aparmayıb. German Titov bu baxımdan daha çox başağrısı yaradırdı. O, hətta bir dəfə sərxoş halda avtoqəza törətməklə avtomobilindəki qadın sərnişinin ölümünə səbəb oldu. Qaqarinin isə ən böyük neqativi məhz Krımdakı hadisə oldu.
***
Tədricən səfərlər və görüşlər minimuma endi, ictimai işlər azaldı və Qaqarin bilavasitə öz peşəsi ilə məşğul olmağa başladı. O, 1964-cü ildə Kosmonavtların Hazırlıq Mərkəzinin (KHM) rəis müavini təyin olundu. Növbəti ildən isə daha çox uçmağa başladı. Hərçənd, uçuş saatları (1965-ci ildə 40,5 saat, 1966-cı ildə 46 saat, 1967-ci ildə 24 saat) yüksək səviyyəli pilotluq üçün az idi. Üstəlik, ona tək uçmağa icazə vermədilər: bütün uçuşlar ikinəfərlik təyyarələrdə təlimatçı ilə həyata keçirilirdi.

Qaqarin həm də yenidən kosmosa uçmaq arzusunda idi. SSRİ-nin baş konstruktoru Sergey Korolyov onu yenidən kosmosa göndərəcəyinə söz vermişdi. Yuranın “Soyuz-1” gəmisində kosmosa uçması ehtimalı vardı. Lakin Korolyov 1966-cı ilin yanvarında öldü. “Soyuz-1”-in əsas pilotu isə Vladimir Komarov seçildi, Qaqarin isə yalnız əvəzedici (dublyor) oldu.
Yeni yaradılmış “Soyuz” gəmisinin 1967-ci il aprelin 23-24-də baş tutan uçuşu texniki nasazlıqlar üzündən yarımçıq qaldı. Vaxtından əvvəl Yerə qayıdan gəminin eniş kapsulunun paraşütü açılmadı və yerə çırpılan Komarov həlak oldu. Bilavasitə kosmik uçuş zamanı baş verən bu ilk faciə Qaqarinin ikinci uçuş arzusunun üzərindən xətt çəkdi. Sovet hökuməti birinci kosmonavtın həyatı ilə risk etmək istəmirdi.
General Kamanin 1967-ci il avqustun 8-də gündəliyində yazır: “Qaqarin... uçuşlara və paraşütlə tullanmağa çox can atır. Paraşüt və kosmik uçuşlar ona artıq qadağan edilib, təyyarə ilə uçmağa isə yalnız təlimatçı ilə birlikdə icazə verilir. Mən belə ifrat sığortalanmanın və 33 yaşlı Qaqarinin “muzey eksponatı”na çevrilməsinin əleyhinəyəm, lakin uçuşlarda daha çox sərbəstlik əldə etməsi üçün cəhdlərimiz hələlik nəticə verməyib. Mən Yuranın qarşısına başlıca vəzifə qoydum: 1968-ci il mayın 1-ə qədər Jukovski adına akademiyanı bitirmək, mühəndis diplomu almaq və bundan sonra tam şəkildə kosmonavtların pilotlu kosmik uçuşlara hazırlanmasına keçmək”.
Generalın 30 noyabr tarixli yazısında isə artıq özü Qaqarinin müstəqil uçuşunun əleyhinə çıxır: “Yuri Qaqarin zəng etdi — o, artıq üçüncü gündür Çkalov aerodromunda oturub və MiQ-17 ilə müstəqil uçuş üçün “hava tutmağa” çalışır. Prinsipcə, mən kosmonavtların təyyarələrdə müstəqil uçuşlarının əleyhinə deyiləm (təlim-məşq alayı formalaşdırıldıqdan sonra belə imkanlar yaranıb), lakin bu uçuşlar çox diqqətlə və düşünülmüş şəkildə təşkil edilməlidir. Qaqarin artıq yeddi ildir müstəqil uçmur, alay komandiri polkovnik V. S. Seryogin və Kosmonavtların Hazırlıq Mərkəzinin rəisi general Kuznetsov isə Qaqarinin təzyiqinə boyun əyərək onun müstəqil uçuşa buraxılmasında israr edirlər. Yoxlama göstərdi ki, bu il ərzində Qaqarin təlimatçı ilə cəmi 8 saat uçub və onu noyabrın pis hava şəraitində (güclü qar, görünüş məsafəsi 1–2 km və daha az) tək uçuşa buraxmaq demək olar ki, cinayətdir. Mən Qaqarinə müstəqil uçuşu qadağan etdim”.
Əlacsız qalan Qaqarin diqqətini hələ 1961-ci ildə daxil olduğu Jukovski adına Hərbi-Hava Mühəndislik Akademiyasını bitirməyə yönəltdi. O, dekabrın 2-də yazdığı ərizədə Kosmonavtların Hazırlıq Mərkəzinin rəis müavini vəzifəsindən 1968-ci il mayın 1-ə qədər məzuniyyət istədi: “Göstərilən müddət professor N. E. Jukovski adına akademiyada son imtahan sessiyasını vermək, diplom işi üzərində çalışmaq və onu müdafiə etmək üçün lazımdır”. O (və Titov), 1968-ci il fevralın 17-də diplomunu uğurla müdafiə etdi. Bundan sonra uçuşlara daha çox vaxt ayırmaq olardı.
Yuri sınaq uçuşlarını MiQ-15 qırıcısının təlim üçün nəzərdə tutulmuş modelində (UTİ) həyata keçirirdi. MiQ-15-lər iki yerlik idi. Ön kabinədə təcrübəçi, arxada isə təlimatçı otururdu. Əgər təlimatçıların rəyi müsbət olardısa, Qaqarin bir nəfərlik MiQ-17 qırıcısında uçmaq icazəsi alacaqdı.
O, Moskva yaxınlığındakı Ulduz şəhərciyinin (KHM də burada yerləşirdi) Çkalov adına aerodromunda martın 13-22-də 9 saat uçdu. Rəylər müsbət idi və birinci kosmonavta müstəqil uçuş icazəsi verilmək üzrə idi. Lakin son anda məsələyə Qaqarinin bilavasitə rəisi, KHM-nin rəhbəri general-mayor Nikolay Kuznetsov qarışdı.
Kamaninin gündəliyindən: “26 mart... General Kuznetsov mənə məruzə etdi ki, sabah Yuri Qaqarinin MiQ-17 təyyarəsi ilə müstəqil uçuşa buraxılması planlaşdırılır. Kuznetsov xahiş etdi ki, Qaqarinin müstəqil uçuşa hazırlığını yoxlamaq üçün UTİ MiQ-15 təyyarəsində şəxsən özü yoxlama uçuşu həyata keçirsin. Qaqarinin Kuznetsovla birgə uçuşunu qadağan etdim və sonuncuya açıq şəkildə bildirdim ki, o, artıq çoxdan təlimatçı-pilot vərdişlərini itirib. Alay komandiri V. S. Seryoginə sabah Qaqarinin pilotaj texnikasını yoxlamağa icazə verdim, general Kuznetsova isə Qaqarinin uçuşa buraxılmasının təşkilini şəxsən yoxlamağı, hava şəraitini və meteoroloji vəziyyəti təhlil edib mənə məruzə etməyi tapşırdım. Qaqarinin müstəqil uçuşuna icazə vermək hüququnu özümdə saxladım”.

Polkovnik Vladimir Seryogin HHQ-nin ən usta pilotlarından sayılırdı. İkinci Dünya müharibəsi zamanı döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adını alan Seryogin 1967-ci ilin martında KHM yanında təlim-məşq alayının komandiri təyin olunmuşdu. Bu alay sıradan hərbi hissə deyildi - kosmonavtların təyyarələrdə uçuş təlimləri üçün nəzərdə tutulmuşdu.
Birlikdə sınaq uçuşu həyata keçirəcəklərindən martın 27-də səhər xəbər tutanda nə Qaqarin, nə Seryogin məmnun oldu. Yuri həmin gün uzun fasilədən sonra tək uçacağını düşünürdü. Seryogin isə özü heç vaxt Qaqarinlə uçmamışdı: tabeliyindəki zabitləri təlimatçı təyin etmişdi. İndi özünün uçmalı olması əmri, həm planlaşdırdığı başqa işlərə mane olurdu, həm də onun rəhbərlik bacarığının şübhə altına alırdı. Üstəlik, general Kuznetsov hansısa səbəbdən Seryogini danlayaraq uçuş öncəsi gərginlik yaratdı.
Birgə uçuş əvvəldən nəzərdə tutulmadığından indi uçuşlara cəlb olunmamış ikinəfərlik UTİ MiQ-15 axtarıldı. Texniki-istismar hissəsində tapılan 18 saylı qırıcının qanadlarının altında hər biri 260 litr yanacaq tutan əlavə asma çənlər vardı. Bu çənlər təyyarənin aerodinamik imkanlarını ciddi məhdudlaşdırırdı. Lakin uçuş vaxtına az qaldığından, üstəlik, Qaqarinin sadə tapşırıqlar yerinə yetirəcəyindən çənlər çıxarılmadı.
Hava proqnozuna görə, səmada yerdən 900 metr hündürlükdə başlayan və 4000 metr hündürlüyə qədər davam edən sıx buludluluq müşahidə olunurdu. İdeal hava şəraiti deyildi, amma çox pis də sayılmazdı. Təlim uçuşunun əsas hissəsi 4000 metrdən yüksəklikdə baş tutacaqdı.
Qaqarin və Seryoginin olduğu UTİ MiQ-15 saat 10:08-də mühərriki işə saldı, 10:15-də uçuş zolağına çıxdı və qalxmaq üçün icazə istədi — lakin rədd cavabı aldı, çünki başqa təyyarə yerə enirdi. Saat 10:17-də “hava kəşfiyyatçısı” — An-24 yerə endi. Qaydalara görə, onun məlumatları deşifrə olunana qədər uçuşlar başlamamalı idi. Amma qaydalara əməl olunmadı. Saat 10:18:45-də uçuşa icazə verildi. 10:19-da Qaqarin sonuncu dəfə havaya qalxdı.
Bir qədər sonra isə buludluluğun aşağı qatı daha da enərək, yerin 400 metrliyinə çatmışdı...
(Davamı olacaq)