44 günə kapitulyasiya, Bakını vurmaq planı, 22 il çəkən qisas
Generalın müqaviməti və qaşıdakı qanlı döyüş
18 May 2026
86 il əvvəl, 1940-cı il mayın 10-da nasist Almaniyası Qərb cəbhəsində fəal hərbi əməliyyatlara başladı. O zaman dünyanın superdövlətlərindən sayılan Fransa heç kəsin gözləmədiyi halda qısa müddətdə darmadağın edildi. Hərbi əməliyyatların başlamasından cəmi 44 gün sonra, iyunun 22-də Kompyen meşəsində təslim aktı imzalandı.
“Alman generallar Qərbdə qələbəyə inanmırdılar”
1939-cu il sentyabrın 3-də Fransa və Böyük Britaniya, Varşavaya yardım haqqında müqavilələrə uyğun olaraq, iki gün əvvəl Polşaya hücum etmiş Almaniyaya (təcavüzdə Slovakiya hissələri də iştirak edirdi) müharibə elan etdilər və İkinci dünya müharibəsi başladı.
Sentyabrın 7-də Fransa qoşunları Saar əməliyyatına başladılar və bir həftə ərzində almanların demək olar döyüşsüz tərk etdikləri on iki yaşayış məntəqəsini ələ keçirdilər. Lakin vermaxtın əks-hücumlarından sonra sentyabrın 16-da hücum tükəndi — ölü, yaralı və itkin olaraq iki min itki vermiş fransızlar geri çəkildilər.
Oktyabrın 6-da son Polşa hissələri silahı yerə qoydu və Polşa Almaniya ilə SSRİ arasında bölüşdürüldü (bəzi ərazilər Litva və Slovakiyaya verildi).
Bundan sonra 1940-cı ilin yazınadək Qərb cəbhəsində tərəflər öz müdafiə istehkamlarının — fransızların Majino xəttinin (uzunluğu təxminən 400 kilometr, dərinliyi 22 kilometrədək) və almanların Ziqfrid xəttinin (uzunluğu təxminən 630 kilometr, dərinliyi 100 kilometrədək) müdafiəsi altında bir-birinə qarşı nadir və kiçik həmlələr həyata keçirirdilər. Mətbuat bu hərbi əməliyyatları “Qəribə müharibə” adlandırdı.
Fransızlar və ingilislər yeni dünya müharibəsi istəmirdilər
1939–1940-cı illər sovet-fin müharibəsində Helsinkinin tərəfində iştirak məsələsi Paris və Londonu daha çox maraqlandırırdı: hər iki paytaxtda Skandinaviya ölkələri vasitəsilə Finlandiyaya 100 min ingilis və 35 min fransız əsgərinin göndərilməsi ciddi şəkildə müzakirə olunurdu. Bundan başqa, ingilislər “Operation Pike” çərçivəsində Qafqazın neft rayonlarına (Bakı və Qroznıya) aviazərbələr endirməyi planlaşdırırdılar.
Polşanın darmadağın edilməsindən sonra Berlin qarşısında sual yarandı: sonra nə etmək lazımdır? Fransızlar və britaniyalılar fəal hərəkət etmirdilər, amma danışıqlara da getmirdilər, gələcək həlledici hücum üçün Qərb cəbhəsində qüvvə toplayırdılar, yəni vaxt onların xeyrinə işləyirdi.
Belə şəraitdə Hitler Niderland, Lüksemburq və Belçikanın neytrallığını pozaraq Fransaya hücum etmək qərarına gəldi və 1939-cu il sentyabrın 27-də Gelb (“Sarı”) planının hazırlanması barədə əmr verdi. Vermaxtın quru qoşunlarının ali komandanlığı — OKH (Oberkommando des Heeres) əsas kimi alman general-feldmarşalı Alfred fon Şliffenin 1914-cü il planını götürdü. Lakin yeni variant Flandriyada qələbəni deyil, Somma çayı boyunca mövqe cəbhəsinin yaradılmasını nəzərdə tuturdu.
Alman generallar Birinci dünya müharibəsinin qanlı “ət maşınını” çox yaxşı xatırlayır və fransız ordusunu son dərəcə ciddi rəqib hesab edirdilər. Buna görə də onlar Hitlerin Qərbdə hərbi əməliyyatlara dərhal, hələ 1939-cu ilin payızında başlamaq cəhdlərinə hər vasitə ilə müqavimət göstərirdilər.
General-feldmarşal Erix fon Manşteyn (o zaman general-leytenant idi) öz xatirələrində yazırdı: “Aydın idi ki, OKH rəhbərləri, eləcə də quru qoşunlarının baş komandanı almanların Qərbdə hücuma keçməsi fikrinə tamamilə mənfi yanaşırlar. Onlar hesab edirdilər ki, belə plan müharibəni başa çatdırmaq üçün düzgün yol deyil. Bundan əlavə, onların fikirlərindən belə nəticəyə gəlmək olardı ki, alman ordusunun Qərbdə həlledici qələbə qazana biləcəyinə inanmırlar”.
Düşməni Belçikaya çəkmək və mühasirəyə almaq
Alman hərbi rəhbərliyinin bəxtindən hava uzun müddət pis keçdi və hücumun vaxtı dəfələrlə təxirə salındı. Bu isə gələcək hücum kampaniyasına fayda verdi — fransızlar və ingilislər almanların Şliffen planını təkrarlayacağını gözləyərək, əsas qüvvələrini şimalda, Belçika sərhədləri yaxınlığında cəmləşdirməyə hazırlaşırdılar.
Manşteyn planı

Erix fon Manşteyn bu gözləntidən istifadə etməyi təklif etdi: əsas zərbəni cənubdan, düşmənin iri zirehli qüvvələr üçün keçilməz hesab etdiyi Ardenn dağlarından tank hissələri ilə endirmək, daha sonra Sedan yaxınlığında Maas çayını keçərək sürətli manevrlə La-Manş sahillərinə çıxmaq və bununla da düşmənin şimal qruplaşmasını əsas qüvvələrdən ayırmaq.
OKH Manşteynin təklifini həddindən artıq riskli hesab etdi, lakin plan Adolf Hitlerin xoşuna gəldi və qəbul olundu.
Döyüş əməliyyatlarının başlanğıcına qədər müttəfiq qüvvələrin — Niderland və Belçika hissələri də daxil olmaqla — ümumi sayı 3,3 milyon əsgər və zabitdən (146 diviziya), 4456 tank və 4469 təyyarədən, həmçinin təxminən 14 min top və minaatandan ibarət idi. Fransa ordusuna general Moris Qüstav Qamelen başçılıq edirdi; onun rəhbərliyi altında Majino xətti tikilmiş, Üçüncü Respublikanın silahlı qüvvələrinin modernləşdirilməsi həyata keçirilmişdi.
General Valter fon Brauxiçin komandanlığı altındakı alman işğal qüvvələri (ümumi rəhbərliyi Adolf Hitler həyata keçirirdi) 3,35 milyon hərbçidən, 2909 tank və hücum topundan, 2589 təyyarədən, 7378 top və minaatandan ibarət idi.
1940-cı il mayın 10-da saat 05:30-da vermaxt Qərb cəbhəsində ümumi hücuma başladı. Hücumda (şimaldan cənuba doğru) general Fyodor fon Bokun “B”, general Gerd fon Rundştedtin “A” və general Vilhelm Yozef fon Leebin “C” ordu qrupları iştirak edirdi (1941-ci ilin iyununda SSRİ-yə hücuma da məhz bu üç hərbçi başçılıq edəcək).
Müttəfiqlərin artilleriya, zirehli texnika (fransızlardan fərqli olaraq almanların ağır tankları yox idi, orta tankların da sayı az idi) və aviasiyada ümumi üstünlüyünə baxmayaraq, vermaxt daha enerjili hərəkət edirdi. Almanlar Polşa kampaniyasında sınaqdan çıxardıqları ildırımsürətli müharibə taktikasını tətbiq etdilər: luftvaffenin hava dəstəyi ilə tank hissələrinin sürətli irəliləməsi.
Alman qoşunları Niderland, Lüksemburq və Belçika sərhədlərini keçdilər, bundan sonra Berlin müharibə elanına dair notasına həmin ölkələrin hökumətlərini neytrallığı kobud şəkildə pozmaqda və fransızlarla ingilislərə yardım göstərməkdə ittiham etdi.
Qüvvələr qeyri-bərabər idi: mayın 11-də Lüksemburq tam işğal olundu, mayın 14-ü axşam isə Niderland hökuməti kapitulyasiya danışıqlarına başlamaq qərarı verdi (bundan əvvəl alman paraşütçüləri strateji əhəmiyyətli holland qalalarını ələ keçirmiş və tank hissələri yaxınlaşanadək onları əldə saxlamışdılar). Fransız və Britaniya qoşunlarının dəstəklədiyi Belçika ordusu isə daha uzun müddət müqavimət göstərdi.
“Ya qələbə, ya ölüm — biz qalib gəlməliyik!”
Müttəfiqlərin əsas qüvvələri mayın 12-dək Belçikada cəmləşdiyi vaxt almanlar Ardenlərdən keçərək və Majino xəttini şimaldan dolanaraq, düşmən üçün gözlənilmədən Fransa ərazisinə girdilər və general Evald fon Kleystin tank qrupu ilə son dərəcə güclü zərbə endirdilər. Əslində bu, dünyadakı ilk tank ordusu idi və onun önündə panservaffenin yaradıcısı general Haynts Quderianın 19-cu korpusu gedirdi.

Quderian xatırlayırdı: “Məni təəccübləndirən o oldu ki, Majino xəttindəki fransız uzaqmənzilli artilleriyası bizim qoşunların başlanğıc mövqelərdə cəmləşməsini çox zəif və səmərəsiz şəkildə atəşə tuturdu. Sonradan Majino xəttinə baş çəkəndə hücumumuzun uğuru mənə sadəcə möcüzə kimi göründü”.
Mayın 13-də alman tankçıları öz aviasiyalarının fəal dəstəyi ilə Fransanın Monterme şəhəri yaxınlığında Maas çayını keçdilər. General Andre Jorj Korapın Namürlə Sedan arasında yerləşən 9-cu Fransa ordusu mayın 15-dək tam darmadağın edildi və sürətlə qərbə çəkilməyə başladı.
Sedanın cənubunda yerləşən general Şarl Yunçerin 2-ci Fransa ordusu vermaxtın irəliləyən hissələrinə əks-hücum etməyə çalışdı, lakin Quderianın təcili olaraq döyüşə daxil etdiyi 10-cu tank diviziyasının mətanətli müdafiəsi bu cəhdləri puça çıxardı.
Mayın 19-da Qameleni baş komandan postunda general Maksim Veyqan əvəz etdi. Müdafiə xarakterli mövqe müharibəsinə köklənmiş bürokratik hərbi maşının fəaliyyəti onun dövründə daha qətiyyətli olmadı.
Britaniyalı hərbi tarixçi Bəzil Henri Liddel Hart qeyd edirdi: “Fransızların əks-tədbirləri nəticəsiz qalırdı, çünki onlar adətən gecikirdilər və sürətlə dəyişən vəziyyətə uyğunlaşa bilmirdilər. Bu onunla izah olunurdu ki, alman qoşunlarının avanqardı nəinki fransız, hətta alman komandanlığının güman etdiyindən də daha sürətlə irəliləyirdi”.
İstisnalar da vardı ki, ümumi qaydanı inkar etmirdi. Mayın 17–19-da Monkorn döyüşündə polkovnik Şarl de Qollun 58 ağır “Char B1” tankına malik 4-cü tank diviziyası uğurlu hücum edərək bir neçə yerdə alman müdafiəsini yardı.
De Qoll xatırlayırdı: “Hər yerdə yüzlərlə öldürülmüş alman əsgərini və çoxlu yanmış düşmən maşınını görmək olardı. Biz 130 əsir götürdük. İtkilərimiz 200 nəfərə belə çatmırdı. Arxa yollarda qaçqın axını dayandı. Hətta bu bədbəxtlərin bəziləri geri qayıtmağa başladılar, çünki aralarında fransız qoşunlarının irəlilədiyi barədə xəbər yayılmışdı”.
Quderian de Qollun əks-hücumu barədə yazırdı: “Mayın 18-də onun diviziyasından bir neçə tank mənim Olnon meşəsində yerləşən, cəmi bir neçə 20 millimetrlik zenit topu ilə qorunan ön komanda məntəqəmə iki kilometrədək yaxınlaşdı. Bu qorxulu qonaqlar geri dönənədək mən bir neçə saat ağır məchulluq içində yaşadım”.
“Hitlerin əmri bizim nüfuzumuza zərbə vurur”
Havadan müdafiənin və digər birləşmələrin dəstəyinin olmaması səbəbindən 4-cü tank diviziyası ilkin mövqelərinə geri çəkilməyə məcbur oldu. De Qoll sonralar da qətiyyətlə hərəkət edirdi, mükafat olaraq briqada generalı rütbəsi və müdafiə nazirinin müavini vəzifəsini aldı, lakin onun fəaliyyəti almanların ümumi hücumu fonunda dənizdə damla idi.
Bununla belə, ağır fransız tankları çox təhlükəli rəqib idi. Fransa kampaniyasının iştirakçısı olan alman mayor Eqid Gering “Abvil” kitabında yazırdı: “Bizim tank əleyhinə bölmələr qəhrəmancasına döyüşürdülər. Lakin onların zərbələrinin effekti fransız zirehinin möhkəmliyi səbəbindən xeyli azalırdı. Tank hücumu qorxusu əsgərləri bürümüşdü. İtkilər ağır idi, yaxın silahdaşını itirməmiş bircə əsgər də yox idi”.
Fəal döyüş əməliyyatlarına hazır olmamaqdan əlavə, müttəfiqlərə vahid hərbi rəhbərliyin olmaması da son dərəcə mane olurdu. Veyqan öz planlarına uyğun hərəkət edirdi, qitədəki Britaniya ekspedisiya qüvvələrinin komandanı feldmarşal Con Stendiş Qort isə öz planlarına görə: ingilislər bəzi fransız hissələri ilə birlikdə əsas fransız qüvvələrindən təcrid olunaraq Fransanın şimalında dənizə sıxışdırılmışdılar.
Komandiri general Ervin Rommel olan 7-ci alman tank diviziyası mayın 20-də Arras şəhərinə çıxdı. Ertəsi gün Arras döyüşü başladı. Döyüş zamanı ingilislərin tank briqadası iki piyada taborunun dəstəyi ilə alman mövqelərinə hücum etdi və onları yararaq təhlükəli şəkildə Rommelin qərargahına yaxınlaşdı.
Gələcək Afrika korpusunun komandanını ölümdən təcili döyüş bölgəsinə gətirilmiş 88 millimetrlik zenit topları xilas etdi — onlar Britaniya tanklarını dayandırdılar (Rommel sonralar Şimali Afrikada ingilislərə qarşı bu üsulu dəfələrlə təkrarlayacaq).
Almanların hücumu yenidən başlamaq cəhdi fransızların 3-cü yüngül mexanikləşdirilmiş diviziyasının tankçıları tərəfindən dəf edildi; onlar təxminən 400 düşmən əsgərini əsir götürdülər. Rommelə rəqibin öhdəsindən gəlməkdə yalnız luftvaffenin fəal dəstəyi kömək etdi. Qort Dünkerk limanına çəkilmək, sonra isə qoşunları dəniz yolu ilə İngiltərəyə təxliyə etmək qərarı verdi.
Vermaxtın La-Manş sahili boyunca irəliləyən tank diviziyaları mayın 24-də Hitlerin əmrini aldılar: tutduqları mövqelərdə dayanmaq və Dünkerkə 10 kilometrdən artıq yaxınlaşmamaq.
Hitler hücumu niyə dayandırdı?
Bu “stop” əmri bu günədək həm peşəkar tarixçilər, həm də tarix həvəskarları arasında qızğın mübahisə mövzusu olaraq qalır. Bir versiyaya görə, fürer Böyük Britaniya ilə atəşkəs bağlamaq istəyirdi və buna görə ingilislərə “simasını qorumağa” imkan vermək qərarına gəlmişdi. Başqa versiyaya əsasən isə Adolf Hitleri həmin anda daha çox Paris istiqamətindən müttəfiqlərin mümkün zərbəsi narahat edirdi; onların sayı 500 min əsgər və zabit olaraq qiymətləndirilirdi.
Vermaxtın Quru qoşunlarının Baş qərargah rəisi Frants Halder gündəliyində qeyd edirdi: Tank və motorlaşdırılmış hissələr ali əmrlə Betün və Sent-Omer arasındakı yüksəkliklərdə yerə mıxlanmış kimi dayanıblar; onlara hücuma keçmək qadağan edilib. Buna görə də mühasirəyə alınmış düşmən qüvvələrinin məhv edilməsi daha bir neçə həftə davam edə bilər. Bu, bizim nüfuzumuza və gələcək planlarımıza böyük zərbə vurur.
Mayın 26-da “stop” əmri ləğv edildi, lakin tank diviziyaları motorlaşdırılmış hissələrlə əvəz olundu. Luftvaffenin təxliyəyə mane olmaq cəhdləri kral hərbi hava qüvvələrinin pilotları tərəfindən dəf edildi (vurulmuş 107 Britaniya təyyarəsinə qarşılıq almanlar 140 təyyarə itirdilər).
“Operation Dynamo” zamanı ingilis dənizçiləri mayın 26-dan iyunun 4-dək Dünkerkdən Britaniya adalarına 338 min ingilis, fransız və belçikalı əsgəri təxliyə etdilər.
Belə şəraitdə Belçika kralı III Leopold ölkəsinin silahlı qüvvələrinin kapitulyasiya aktını imzaladı; sənəd mayın 28-i saat 04:00-da qüvvəyə mindi.
“Ağır yük onun qabiliyyəti xaricində idi”
Britaniyalı və belçikalı müttəfiqlərin itirilməsi Fransa komandanlığına nikbinlik əlavə etmədi. İyunun 1-də de Qolla söhbətində Veyqan dedi: “İyunun 6-da mənə Somma və En çaylarında hücum edəcəklər. Mənə qarşı bizdə olduğundan iki dəfə çox alman diviziyası döyüşəcək. Bu isə o deməkdir ki, vəziyyətimiz, az qala ümidsizdir”.
De Qoll onun yanından ruhdan düşmüş halda ayrıldı və müharibədən sonrakı xatirələrində rəhbərinə tənqidi qiymət verdi: “Birdən-birə onun çiyinlərinə daşımağa gücü çatmayan ağır yük düşdü. Veyqan təbiətcə parlaq icraçı idi. Hərəkətlərdə qətiyyət, qərarlarda müstəqillik, taleyin qarşısında qorxmazlıq, əsl sərkərdəyə xas olan o gərgin və xüsusi ehtiras — Veyqanda bunların heç biri yox idi və o buna hazır deyildi”.
De Qoll vurğulayırdı ki, Veyqan həmişə qərargahlarda xidmət edib və bütün hərbi karyerası boyunca faktiki olaraq heç kimə komandir kimi rəhbərlik etməmişdi.
İyunun 10-da Fransa komandanlığının qarşısında daha bir cəbhə açıldı — cənub Alp dağlarında: nasist Almaniyasının müttəfiqi, qaliblər sırasına düşməyə tələsən faşist İtaliyası müharibəyə daxil oldu. Lakin fransızlar üzərində say üstünlüyünə baxmayaraq (175 minə qarşı 332 min), italyanların bütün hücumları dəf edildi və onların irəliləyişi son dərəcə cüzi oldu.
İyunun 12-də şiddətli döyüşlərdən sonra 10-cu Fransa ordusunun hissələri almanlara təslim oldu, 4-cü Fransa ordusunun mövqeləri Şalon-sür-Marn yaxınlığında yarıldı, Kleystin tank hissələri Sena çayının sağ qolu olan Marnanı Şato-Tyerri yaxınlığında keçdilər. Vermaxt Parisdən təxminən 80 kilometrlik məsafədə idi. 1914-cü ilin sentyabrında baş verən “Marn möcüzəsi” təkrarlanmadı.
İyunun 14-də alman qoşunları Parisə daxil oldular və elə həmin gün fon Leebin 1-ci və 7-ci piyada diviziyaları güclü artilleriya və aviasiya dəstəyi ilə Majino xəttini yardılar. 2-ci Fransa ordusu mühasirəyə düşdü.
Frans Halder həmin gün gündəliyində yazırdı: “Almaniya hərbi tarixində böyük gün! Saat 09:00-da alman qoşunları Parisə daxil oldular”.
Fransada yaşayan rusiyalı mühacir, jurnalist və yazıçı Konstantin Parçevski xatırlayırdı: “Şəhərdə hər şey qaydasındadır: elektrik stansiyalarının, su kəmərinin, qazın və metronun işi bir an belə dayanmadı. Yeraltı stansiyalarda bir gecənin içində Hitleri cinayətkar kimi təsvir edən film afişaları səylə silindi. Onlardan heç bir iz qalmadı. Polis artıq yenidən küçələrdədir və yolayrıclarında yenə də mavi uniformada, ağ dəyənəkli həmin polislər dayanır. Onlar alman zabitlərə səy və həvəslə hərbi salam verirlər — özününkülərə heç vaxt belə salam vermədikləri kimi”.
Parisin itirilməsi Fransa hökumətində böhrana səbəb oldu: almanlarla barışıq haqqında eşitmək belə istəməyən baş nazir Pol Reyno istefa verdi. Onun yerinə Birinci dünya müharibəsinin qəhrəmanı olan marşal Filipp Peten keçdi. O, 17 iyunda yeni Nazirlər Kabinetini formalaşdırdı.
İyunun 19-da almanlar Fransanın cənubuna gedən yolda son maneə olan Luara çayını keçdilər və cənub-qərb istiqamətində nizamsız şəkildə geri çəkilən Fransa ordusunun qalıqlarını təqib etməyə başladılar.
Peten hökuməti qarşısında üç variant qalırdı: döyüşə-döyüşə ölkənin ən cənubuna çəkilmək; Əlcəzairə və Fransanın digər müstəmləkələrinə təxliyə olunmaq; kapitulyasiya etmək. Sonuncu variant seçildi və iyunun 19-u axşam fransızlar Berlinə atəşkəs təklif etdilər.
Almanlar daha çox ərazi ələ keçirmək istədikləri üçün cavab verməyə tələsmirdilər. İyunun 21-də onlar danışıqlara razılaşdılar və görüş Kompyen meşəsində təyin edildi.
Məkan təsadüfi seçilməmişdi: 1918-ci il noyabrın 11-də məhz orada, müttəfiq qoşunların baş komandanı fransız marşalı Ferdinand Foşun dəmiryolu vaqonunda kayzer Almaniyasının nümayəndələri qaliblərin şərtlərini imzalamışdılar.

1940-cı il iyunun 22-də həmin vaqonda saat 18:50-də Fransa nümayəndə heyətinin rəhbəri general Şarl Hüntsiger almanların tələblərini imzaladı və bununla da almanlar 22 il əvvəlki alçaldılmanın əvəzini tam çıxmış oldular.
Fransa kampaniyası zamanı müttəfiqlər ölü və yaralı olaraq 360 min əsgər və zabit itirdilər, təxminən iki milyon nəfər əsir düşdü. Almanların ölü, yaralı və itkin düşənlərinin sayı 157 mindən çox idi, azı 795 alman tankı sıradan çıxarılmış, luftvaffenin 1236 təyyarəsi vurulmuşdu.
Hitlerin Avropa qitəsində artıq yalnız bir geosiyasi rəqibi qalmışdı. O zaman heç kəs bir il sonra Almaniyanın Sovet İttifaqı ilə başlayacağı müharibənin İkinci dünya müharibəsinin ən nəhəng və ən qanlı hissəsinə çevriləcəyini, nəticədə vermaxtın əsas qüvvələrinin darmadağın ediləcəyini və Üçüncü Reyxin həmişəlik mövcudluğunu dayandıracağını təsəvvür etmirdi.
Üçüncü Respublikada hakimiyyətin ümumi iflici fonunda almanlara qarşı müqavimətin davam etdirilməsinə çağırış edən yeganə şəxs hərbi nazir müavini, briqada generalı Şarl de Qoll idi.

O, “Döyüşən Fransa” hərəkatının yaradıldığını elan etdi və 18 iyunda Londondan radio vasitəsilə həmvətənlərinə müraciət ümvanladı: “Fransa tək deyil! O, dənizlər üzərində hökmranlıq edən və mübarizəni davam etdirən Britaniya imperiyası ilə birləşə bilər. O, İngiltərə kimi ABŞ-ın nəhəng sənaye potensialından sərbəst şəkildə istifadə edə bilər. Bu müharibə yalnız ölkəmizin talesiz ərazisi ilə məhdudlaşmır. Bu müharibənin taleyi Fransa uğrunda döyüşlə həll olmur — bu, dünya müharibəsidir!”
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada