Logo
news content

Yalançı Kayzer: futbol dünyasını aldadan məşhur fırıldaqçının sonu
“Superulduz”un zədələr və qırmızı kartdan ibarət 10 illik “karyerası” necə bitdi?

Braziliyalı Karlos Kayzer futbol tarixinin ən böyük fırıldaqçısı hesab olunur. Bunun da səbəbi var: bu adam on klubun rəhbərliyini aldadaraq, həsəd aparılacaq bir “peşəkar karyera” qurub. Kayzer illərlə müxtəlif hiylələr və bəhanələr uydururdu ki, heç kim onun sirrini — ümumiyyətlə futbol oynamağı bacarmadığını bilməsin. Buna baxmayaraq, müntəzəm maaş alır və hamının sevimlisi kimi tanınırdı.

Sadə sxem

Dərhal deyək: Karlos Kayzer əslində heç Kayzer deyil. Onun əsl adı Karlos Enrike Raposo idi, təxəllüsünü isə özü seçmişdi. Əfsanəvi Frans Bekkenbauerin, 1974-cü ilin dünya çempionu olan alman müdafiəçinin şərəfinə. Etiraf etmək lazımdır ki, bu ləqəb braziliyalının həyatında uydurduğu şeylər arasında ən zərərsizidir. 

Hər şey 1972-ci ildə, Karlosun “Botafoqo” akademiyasına daxil olması ilə başladı. O, uşaqlıqdan futbolçu olmaq arzusunda idi, lakin tezliklə məlum oldu ki, bu idman növündə heç bir qabiliyyəti yoxdur. Buna baxmayaraq, Karlos ruhdan düşmədi və məqsədinə çatmaq qərarına gəldi — sadəcə, ağır məşqlər onun planına daxil deyildi. Yəni o, hələ də futbolçu olmaq istəyirdi, amma artıq futbol oynamaq istəmirdi.

Kayzerin strategiyası olduqca sadə idi və demək olar ki, qüsursuz işləyirdi. Gənclər komandalarında oynadığı dövrdə (əvvəl “Botafoqo”, sonra “Flamenqo”) o, futbolun başqa tərəfini kəşf etdi — ulduzlarla məclislər, digər oyunçularla tanışlıq, qızlarla münasibətlər... O dövrdə Braziliyada futbol dünyası “özününkü” və “özgələr”ə bölünmürdü, buna görə Karlos tezliklə dövrün ulduzları ilə dostlaşdı — Karlos Alberto Torres, Rikardo Roşa və başqaları ilə. Onların etimadını o qədər qazandı ki, futbolçular ona kömək etməyə asanlıqla razılaşırdılar. 

Bu kömək belə idi: həmin oyunçulardan biri hansısa klubla müqavilə bağlayanda rəhbərliyə “unikal istedad” — Karlos Kayzer barədə danışırdı, guya onu layiqincə qiymətləndirmirlər. Futbolçuların fikri etibarlı idi, internet də yox idi, rezümelər kağız formasında olurdu. Nəticədə Kayzeri həqiqətən dəvət edirdilər, çox vaxt heç baxış keçirmədən. O isə gedib sadəcə müqavilə imzalayırdı. Onun ilk komandası 1979-cu ildə Meksikanın “Puebla” klubu oldu.

“Zədə ardınca zədə”

Braziliyalı komandanın bazasına gələn kimi məşqçiyə deyirdi ki, hələ formaya düşməyib və ona vaxt lazımdır. Ona vaxt da verirdilər — axı “yüksələn ulduz”dan çox şey gözləyirdilər! O isə “formaya düşməyi” yalnız trenajor zalında edirdi və topdan qəti şəkildə uzaq dururdu. 

Təxminən bir aydan sonra “futbolçu” (onu belə adlandırmaq olarsa) ümumi məşqə qoşulmalı olurdu. Amma bunun üçün də planı var idi. “Məşq zamanı hamı kimi işləyirdim, sonra isə guya zədə almış kimi ayağımdan tuturdum. O vaxtlar tomoqrafiya və digər müayinələr yox idi, buna görə rahatlıqla üç-dörd həftə lazaretdə qalırdım”, — deyə Karlos xatırlayırdı. 

Üstəlik, onun həkimlər arasında da əlaqələri vardı: bir stomatoloq ona guya topla məşğul olmağın mümkünsüz olduğunu təsdiqləyən arayışlar verirdi. “Beləcə, zədə ardınca zədə — komandadakı ilk ilim belə keçdi. Heç bir oyunda iştirak etmədim, amma artıq dosyemdə bir illik peşəkar karyera yazılmışdı”, — deyə o danışırdı.

Karlos “müalicə olunduğu” müddətdə vaxtını boş keçirmirdi və komanda yoldaşları arasında nüfuz qazanırdı. Məsələn, səfər oyunları zamanı futbolçulara oteldən çıxmaq qadağan olunurdu ki, gecə məclislərindən və fahişəxanalardan uzaq olsunlar. Kayzer isə əvvəlcədən oteldə bir neçə otaq kirayələyir və komanda yoldaşları üçün ora qızlar dəvət edirdi. Hamının onu sevməsinin sirri də bu idi. Və o, kimsənin onun sirrini açıb rəhbərliyə xəbər verməsindən heç qorxmurdu.

“Bezdim, dedim ki, ayağım ağrıyır”

Meksika Kayzerin xoşuna gəlmədi və 1981-ci ildə o, doğma “Botafoqo” klubuna qayıtdı, burada iki mövsüm keçirdi. Sxem işləməyə davam edirdi və Karlos artıq “şüşə futbolçu” kimi reputasiya qazanmışdı. Hamının ona yazığı gəlirdi.

“Bizimlə sözləşirdi ki, onu kobud şəkildə yıxaq, sonra guya zədə alırdı və lazaretə düşürdü. Hamı da düşünürdü ki, sadəcə bəxti gətirmir”, — deyə onun komanda yoldaşı Renato Qauço xatırlayırdı.

Ədalət naminə demək lazımdır ki, Kayzerin komandası bir neçə yoxlama oyununda iştirak etdi, amma heç bir həzz almadan. “Mən tez yoruldum — və dedim ki, əzələ zədəsi almışam, ayağım ağrıyır. Həkimlər şübhələndilər, amma necə sübut edə bilərdilər ki, əksinədir?” — idmançı izah edirdi. 

Əlbəttə, onu ifşa etməyə çalışırdılar, amma bunu etmək asan deyildi. Həkimlər əllərini qaldırırdılar, çünki diaqnoz qoymaq mümkün deyildi. Bir dəfə ona hətta yerli bir şaman gətirdilər — nəticəsiz. Karlos dediyini deyirdi. Məşqçilər şübhələnirdilər: onlar onun vəd olunan istedadını görmürdülər, amma klub rəhbərliyi saxta futbolçu aldığını etiraf edə bilmirdi. Yaxud, bir dəfə braziliyalının planı uğursuz oldu və bu ona “Botafoqo”da yerini itirməsinə səbəb oldu. 

Hadisə komik alındı. Klubuna qayıtmazdan əvvəl Kayzer o zaman nadir olan bir cihaz — telefon almışdı. Amma sonra məlum oldu ki, bu saxta telefon imiş. Özünü əhəmiyyətli göstərmək üçün o, adam içində kiməsə “zəng” edirdi, sonra izah edirdi ki, İngiltərədən onu almaq istəyən yeni komandayla razılaşır. Bir dəfə isə guya Madrid “Real”ından əlaqə saxlayıblar. 

Karlos ingilis dilində danışıqlar aparırdı, amma əslində bu dil barədə heç bir təsəvvürü yox idi. Sözləri uydururdu. Ətrafındakılardan heç kim dili bilmirdi, ona görə də əvvəlcə problem yox idi. Problem Kayzerin klub həkiminin yanında ehtiyatsızlıq edib “zəng” etməsi ilə başladı. Həkim ingilis dilini bilirdi. Həmin gün müqavilə ləğv edildi.

Qırmızı kart — yeganə çıxış yolu

Amma Karlos təslim olmurdu. 1983-cü ildə o, o vaxt yüksəlişdə olan “Flamenqo”ya keçdi. Komandada üç mövsüm qaldı. Orada o, yenidən fantaziyasını göstərdi, bir neçə doğmasını “dəfn etdi” və psixoloji bərpa üçün vaxt tələb etdi. Təbii ki, bütün bunlar hətta nadir hallarda belə meydançaya çıxmağı istisna edirdi.

“Flamenqo”dan o, Fransaya — “Qazelek Ayaçço”ya keçdi. Orada da heç bir yenilik olmadı — braziliyalı hələ də oynamırdı. Ən azı bir gülməli hadisə yadda qaldı: azarkeşlərlə tanışlıq zamanı Kayzerə topu çiləmək təklif edildi. O, cavab olaraq bütün mövcud topları imzalayıb azarkeşlərə payladı və bacarığını göstərmək üçün heç nə qalmadı. 

1988-ci ildə Karlos Braziliyaya qayıtdı, o zaman ölkənin zəif komandalarından olmayan “Banqu”ya. Bir oyunda isə gözlənilməz hadisə baş verdi: məşqçi Kayzerə isinməyi əmr etdi. Komanda uduzurdu və oyunu hər hansı bir yolla xilas etmək lazım idi. Xoşbəxtlikdən, məhz bu zaman azarkeşlər tribunadan təhqirlər səsləndirməyə başladılar. Futbolçu dərhal vəziyyətə uyğunlaşdı: hasara dırmandı və azarkeşləri təhqir etməyə başladı. Hakim dərhal ona qırmızı kart göstərdi və Kayzer rahat nəfəs aldı.

Qəzəblənmiş klub prezidenti Kastor de Andrade izahat tələb edəndə, braziliyalı dedi ki, baş verənləri dözə bilmədi. Əlavə etdi ki, məşqçini atası kimi görür və azarkeşlərin onu oğru adlandırmasına icazə verməyəcək. Andrade Kayzerin sözlərindən təsirləndi və bir neçə gün sonra ona müqaviləni uzatmaq təklif olundu.

Superulduz aurasi

Beləcə, Kayzer klubdan-kluba köç edirdi, amma hələ də aydın deyildi ki, rəhbərlik onda nə dəyər görürdü. Karyerasının sonlarında futbolçu ABŞ-a getdi. “El Paso Patriots” və “América” — titullu olmayan, amma yaxşı büdcəli klublar idi.

29 yaşında Kayzer butslarını divardan asdı. Onun son komandası San-Paulu “Quarani”si oldu. Belə alındı ki, o, 10 illik karyerasında cəmi 20 oyunda iştirak etdi, hər biri sayılı dəqiqələrdən sonra “zədələnməklə” bitdi. Təbii ki, Kayzer heç bir qol vurmadı. İnternetdə braziliyalının qol videosu olsa da, Karlos etiraf edir ki, əslində görüntüdəki sadəcə ona oxşar bir şəxsdir.

İndi onun 63 yaşı var, fitnes-klubda məşqçi işləyir və karyerasını xatırlamaqdan zövq alır. Deyir ki, heç nə üçün peşman deyil. “Həyat — marketinqdir. Ətrafımda superulduz aurasi var idi”, — “The Guardian”a deyirdi.

“Danışmağı və öz imicimi gözə soxmağı bacarırdım. Bax, Lionel Messi var, David Bekhem var. Messi yaxşı futbolçudur, amma Bekhem imicini satmağı bilir və məhsulları reklam edir. Messi “satılmır” — düzgün danışmağı bilmir. Amma Kayzer, Bekhem kimi, bacarır”, — braziliyalı qeyd etdi. 

Heç olmasa burada o yalan demir: Karlos düzgün danışmağı hər zaman bacarıb.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada