Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran neftinin bazara qayıdacağı gözlənilir: Qiymətlər enir

İyunun 17-də dünya bazarlarında neft kəskin ucuzlaşıb. Qiymətlərin geriləməsinə səbəb İran neftinin tezliklə qlobal bazarlara qayıdacağı ilə bağlı yayılan xəbərlər olub.

Bununla da "Brent" markalı xam neftin qiyməti 80 dollarlıq psixoloji həddən aşağı düşüb. Bu, fevralın 28-də ABŞ-İran münaqişəsi başlayandan bəri qeydə alınan ən aşağı göstəricidir. Müharibədən əvvəl həm "Brent", həm də WTI markalı neftin bir bareli 65-70 dollar aralığında ticarət edilirdi.

Yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton anlaşma memorandumu çərçivəsində İran neftinə sanksiyaları dayandıracaq. Bu isə bazara milyonlarla əlavə barel xam neftin daxil olması deməkdir.

HSBC bankının neft-qaz sektoru üzrə baş analitiki Kim Füstye bildirib ki, bazarlar Hörmüz boğazında daşımaların tam normallaşacağı ehtimalını yüksək qiymətləndirir. Bununla belə, maliyyə qurumu bu prosesin sentyabrın sonunadək davam edə biləcəyini proqnozlaşdırır.

Hörmüz boğazında təxminən üç ay davam edən məhdudiyyətlər qlobal neft ehtiyatlarının kəskin azalmasına səbəb olub. Hətta ABŞ-nin strateji ehtiyatları 1983-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

İyunun 15-də ABŞ prezidenti Donald Tramp İranla müharibəni dayandırmaq üçün müvəqqəti razılaşma əldə olunduğunu elan edib. Bundan sonra neft 5 faiz ucuzlaşıb. Razılaşmanın tam detalları hələlik açıqlanmır.

İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 16-da bildirib ki, Tehran və Vaşinqton yekun razılığa nail olmaq üçün iyunun 19-da İsveçrədə yeni danışıqlar raunduna başlayacaqlar.