Logo
news content
User
Kateqoriyalar

Xəbər

G7 liderləri Rusiyaya qarşı sanksiyaları gücləndirməyi vəd edirlər

"Böyük Yeddilik" (G7) liderləri Fransanın Evian şəhərində keçirilən sammitdə Ukraynaya dəstəklərini bəyan edərək, Rusiyanın xüsusilə neft-qaz sektoruna qarşı sanksiyaları gücləndirmək niyyətində olduqlarını bildiriblər. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada liderləri iyunun 17-də geosiyasi məsələlərə dair birgə bəyanat yayıblar.

Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü qorumasına "sarsılmaz" dəstək ifadə edən G7 liderləri Kiyevə hava hücumundan müdafiə vasitələrinin, əlavə zenit-raket komplekslərinin və uzaqmənzilli silahların tədarükünü artırmağa razılaşdıqlarını bildiriblər. Sənəddə Ukraynanın hərbi istehsalını genişləndirməsinə imkan verəcək lisenziyaların ayrılması məsələsinin də nəzərdən keçiriləcəyi vurğulanır.

"Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmağı öhdəmizə götürürük. Bu çərçivədə, neft-qaz sektoru daxil olmaqla, sanksiyalarımızı daha da sərtləşdirəcəyik", – bəyanatda bildirilib.

Sənədi ABŞ prezidenti Donald Tramp da dəstəkləyib. Onun administrasiyası bir ildən çoxdur ki, Ukraynadakı müharibənin başa çatdırılması üçün vasitəçilik etməyə çalışır. Vaşinqton bu müddət ərzində Rusiyaya yeni sanksiyalar tətbiq etməkdən və Moskvaya qarşı sərt ritorikadan çəkinirdi.

G7 liderləri iyunun 16-da Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçirilən iclasda Ukraynadakı müharibəni müzakirə ediblər. Zelenski həmçinin ABŞ prezidenti ilə ayrıca görüş keçirib. Həm Ukrayna dövlət başçısı, həm də bir sıra diplomatik mənbələr bu görüşlərin atmosferini müsbət qiymətləndiriblər.

Ukrayna ABŞ-dən öz ərazisində "Patriot" zenit-raket sistemlərinin istehsalı üçün lisenziya verilməsini istəyir. Ukraynalı rəsmilər "The Financial Times" qəzetinə bildiriblər ki, mövcud tədarüklər kifayət deyil, çatdırılmaların gecikməsi səbəbindən Rusiyanın mülki infrastruktura zərbələri daha da artıb.

"Prioritetlər aydındır: hava hücumundan müdafiə raketlərinin sayının artırılması, onların istehsalına lisenziyaların verilməsi, qış dəstək paketi və Rusiyaya təzyiqin gücləndirilməsi. ABŞ-ın bu istiqamətlər üzrə dəstək nümayiş etdirməyə hazır olması vacibdir", – Zelenski çoxtərəfli görüşdən sonra sosial şəbəkədə yazıb.