Rubio ilin sonuna qədər Rusiya-Ukrayna münaqişəsinin həllinə ümid edir
20 Dekabr 2025
ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, dekabr ayının sonuna qədər Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə razılaşmanın əldə olunmasına ümid edir, lakin o, daha uzun sürən danışıqlar prosesini də istisna etmir.
Rubio bu barədə Dövlət Departamentində jurnalistlərlə söhbəti zamanı bildirib.
"Bəlkə də, bu, mümkün deyil, amma ümid edirəm ki, biz bunu bu ay, ilin sonuna qədər edə bilərik", - Rubio deyib və razılaşmanın həm yaxın günlərdə, həm də növbəti aylarda əldə oluna biləcəyini əlavə edib.
Onun sözlərinə görə, qərar yalnız münaqişə tərəflərindən asılıdır.
"Bunu biz həll etmirik, bunu münaqişənin hər iki tərəfi həll edir", - ABŞ Dövlət kaitibi vurğulayıb.
Rubio həmçinin bildirib ki, Vaşinqton Moskva və Kiyevə həll şərtlərini təlqin etmək niyyətində deyil, sadəcə qarşılıqlı qəbul edilə bilən həllin tapılmasına kömək edir. "Bəlkə, uğur əldə edəcəyik, bəlkə də, yox", - o fikrini yekunlaşdırıb.
Rubio 20 dekabrda Floridada Ukrayna tərəfinin nümayəndələri ilə keçiriləcək danışıqlarda iştirak edə biləcəyini istisna etməyib: "Bu danışıqlar Mayamidə keçiriləcək. Onlar bu gün başlayır və sabah davam edəcək. Ola bilsin ki, sabah mən də bu danışıqların bir hissəsində iştirak edim", – Rubio ABŞ nümayəndələrinin Ukrayna nümayəndə heyəti ilə gözlənilən məsləhətləşmələrini şərh etməklə bağlı müraciətə cavab verərkən deyib.