Keçmiş partiya sədri: "İllərlə münasibətim olan adamlar gəlib üzümə dururlar"
20 Dekabr 2025
Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli sifarişlə həbs olunduğunu deyir. O bu barədə dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən danışıb.
A.Əsədli bildirib ki, birinci dəfə 2023-cü ildə həbs olunandan az sonra rəhbərlik etdiyi partiyanın buraxılmasına qərar verib və bunu açıqlayıb. Ardından onu ev dustaqlığına buraxıblar, daha sonra həmin ilin oktyabrında haqqındakı cinayət işinə xitam verilib. Bu il eyni cinayət işi üzrə icraat yenilənib: "Mən bilirəm ki, bunlar siyasi məsələlərdir. Partiyanı buraxandan sonra məni də həbsdən buraxdılar. Siyasi fəallıq göstərən kimi yenidən cinayət işini təzələdilər".
Külli miqdarda dələduzluqda suçlanan A.Əsədli vurğulayıb ki, zərərçəkmiş qismində tanınan şəxslərə borcu yoxdur, onlara qarşı heç bir cinayət də törətməyib. O, zərərçəkmişlərdən bir neçəsi ilə hələ mərhum prezident Əbülfəz Elçibəy dövründən yoldaşlıq münasibətləri olduğunu yada salıb: "Onların birdən-birə məndən şikayətçi olmaları sifarişdir. 2022-ci ilin oktyabrında "bandotdel"dən zəng gəldi ki, səndən şikayət var. Gedib ifadə verəndə məlum oldu ki, şikayətçilərin üçü də illərlə tanıdığım insanlardır. Oqtay Qasımov evimdən çıxmırdı, İlham Hüseynov mənə "siyasi liderim" deyirdi. İllərlə münasibətim olan adamlar gəlib üzümə dururlar. Hələ, üstəlik, mənimlə işgüzar münasibətləri olmuş adamlara da deyiblər ki, gəlin, şikayətçi olun".
O.Qasımov Elçibəyin köməkçisi olub.
A.Əsədli əlavə edib ki, uzun müddət Azərbaycanda və Türkiyədə bizneslə məşğul olub.
Növbəti məhkəmə iclasında A.Əsədli sualları cavablandıracaq.
Onun vəkili Zibeydə Sadıqova müvəkkilinin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb və istintaq dönəmində azadlıqda olduğunu və prosesdən yayınmadığını xatırladıb. Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlayanda isə zərərçəkmişin vəsatəti əsasında onun haqqında həbs-qətimkan tədbiri seçilib: "Buna əsas kimi göstərilib ki, Anar Əsədli azadlıqda olanda sosial şəbəkələrdə ictimai rəy formalaşdırır. O, siyasətçidir, öz fikirlərini sosial şəbəkələrdə paylaşır. Amma bu cinayət işi barədə heç nə paylaşmayıb. Məhkəmədən də yayınmayıb. Onun həbsi üçün heç bir əsas yoxdur".
Vəkil bunu da əlavə edib ki, 2023-cü ilin oktyabrında A.Əsədli haqqında cinayət işinə əməlində dələduzluq cinayətinin tərkibi olmadığına görə xitam verilib.
Zərərçəkmiş qismində tanınan şəxslər dəymiş ziyanın ödənilmədiyini əsas gətirərək onun ev dustaqlığına buraxılmasına etiraz ediblər. Məhkəmə də ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib.
Məhkəmə prosesi yanvarın 9-da davam edəcək.
Xatırlatma
A.Əsədli Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə suçlanır. Bu maddənin sanksiyasında 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.
Məhkəmədə dörd nəfər - Oqtay Qasımov, İlham Hüseynov, Etibar Nəsibov və Tamara Allahverdiyeva zərərçəkmiş qismində tanınıblar.
A.Əsədli ilk dəfə 2023-cü il aprelin 21-də həbs edilib, iyulda ev dustaqlığına buraxılıb və oktyabrda cinayət işinə xitam verilib. Ancaq sonradan Baş Prokurorluq xitam qərarını ləğv etdiyindən A.Əsədli haqqında dələduzluq ittihamıyla cinayət işi yenidən istintaqa açılıb.
2020-ci il dekabrın 6-da Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsis qurultayında A.Əsədli partiyanın başqanı seçilib, 2021-ci ilin oktyabrında isə həmin partiya dövlət qeydiyyatına alınıb.
2023-cü il iyunun 23-də sözügedən partiya fəaliyyətini dayandırdığını açıqlayıb. Həmin dövrdə partiyanın başqanı həbsdəymiş.
A.Əsədli vaxtilə Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olub.