Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda "Tyananmen anı" videosunu çəkən şəxs 10 illik həbsə göndərilir - VİDEO

Dekabrın sonlarında qara geyimli bir şəxs Tehranın əsas küçələrindən birinin ortasında çömələrək oturmuşdu. O, motosikletli təhlükəsizlik qüvvələrinin qarşısında tək dayanmışdı. Bu görüntü İranı çalxalayacaq kütləvi etirazların ilk günlərində çəkilmişdi. Titrək kadrlar 1989-cu ildə Pekindəki Tyananmen meydanındakı məşhur "Tank adamı"nı xatırladırdı. O, demokratiya tələbi ilə keçirilən etirazlarda tankların qarşısına tək çıxmışdı. Tanklar sonradan həmin etirazları yatırdı. Hər iki halda tənha etirazçının sonrakı taleyi bəlli deyil.

Amma altı ay əvvəl Tehrandakı həmin görüntünü çəkən şəxs iyunun 1-də yeni videosunda ertəsi gün həbsxanaya gedəcəyini deyib. "Sabah həbsxanaya gedirəm ki, 10 illik cəzam başlasın", – Məsud Piyahu videomüraciətində söyləyib. "Bircə onu demək istəyirəm ki, həmin gün Cümhuri küçəsində o səhnəni çəkdiyimi heç vaxt inkar etməmişəm. Amma onun yayılmasında əlim olmayıb, videonun paylaşılmasını heç vaxt istəməmişəm. Ümid edirəm ki, daha yaxşı günlər gələcək", – o əlavə edib. Piyahunun vəkillərinin dediyinə görə, o, videonu şəxsi sosial media hesabında yerləşdirib, sonradan başqaları onu yayıblar.

Bundan az sonra iqtisadi çətinliklərə etiraz edən iranlı sahibkarlar ölkə boyu nümayişlərə çıxıblar. Yanvarda təhlükəsizlik qüvvələri etirazları sərt müdaxiləsi yatırıb. Hüquq müdafiə təşkilatları həmin hadisələrdə azı 7 min nəfərin öldürüldüyünü bildirir.

Repressiya güclənir

Fevralın 28-də ABŞ və İsrailin hava zərbələri başlayandan İran repressiyaları daha da gücləndirib. Yanvar etirazlarında iştirakına görə iyunun 1-də daha iki nəfər edam olunub. Hakimiyyət bildirir ki, Mehrdad Məhəmmədiniya və Əşkan Maleki adlı şəxslər məscidi yandırıb və küçələri bağlayıblar.

ABŞ-də yaşayan iranlı hüquq müdafiəçisi və vəkil Moin Xəzəli AzadlıqRadiosunun fars xidmətinə bildirib ki, onların ötən ilin oktyabrında İsraillə 12-günlük müharibədən sonra qüvvəyə minmiş yeni sərt qanun əsasında məhkum edildiyi görünür. "O vaxt biz bu qanunu sərt tənqid etmişdik. İran daxilində də çoxlu hüquqşünas və vəkil eyni xəbərdarlıqları etmişdi. Demişdik ki, bu qanun qəbul olunarsa, İslam Respublikasında görünməmiş edam dalğası ilə üzləşəcəyik. Təəssüf ki, məhz bu baş verdi", – Xəzəli söyləyib. Onun sözlərinə görə, məqsəd cəmiyyəti qorxu vasitəsilə nəzarətdə saxlamaq, yeni etirazların qarşısını almaqdır.

İsrail və ABŞ ilə münaqişə başlayandan bəri İranda təxminən 40 siyasi məhbus edam edilib. İyunun 1-də Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı repressiyaların "görünməmiş hədd" artdığını bildirib, yeni edamların qarşısını almaq üçün "qəti və təsirli beynəlxalq tədbirlər" görülməsinə çağırıb. Norveçdə fəaliyyət göstərən "Hengaw" isə iyunun 1-də edam edilən şəxslərin iki kürd siyasi məhbus olduğunu bildirib. Təşkilatın məlumatına görə, edamlar gizli həyata keçirilib, məhbuslara ölümündən əvvəl ailələri ilə son görüş imkanı verilməyib.