Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ şirkətləri Azərbaycanda azı 8 milyard dollarlıq sazişlər imzalayıblar

Azərbaycan və ABŞ arasında kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanması iqtisadi münasibətlərdə yeni mərhələnin əsasını qoyur. AZƏRTAC-ın xəbərinə görə, bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 2-də 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında səsləndirib.

Nazir qeyd edib ki, sənəd iyunun 1-də başlayan “Bakı Enerji Həftəsi” çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.

M.Cabbarov ABŞ-nin özəl sektor nümayəndələri ilə əməkdaşlıqda maraqlı olduqlarını da diqqətə çatdırıb:

“Biz bu sahədə ixtisaslaşmış ABŞ şirkətləri ilə əməkdaşlığı səbirsizliklə gözləyirik, onların bilik və təcrübəsindən, həmçinin Tramp administrasiyasının baxışı nəticəsində formalaşdırılmış imkanlardan yararlanmağa hazırıq”.

ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr isə öz növbəsində deyib ki, ölkəsi Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafı və təhlükəsizliyinin gücləndirilməsi məqsədilə süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır. O bildirib ki, tərəflər iqtisadi dialoq çərçivəsində regional bağlantılar, ticarət, tranzit, investisiyalar, enerji və rəqəmsal inkişaf məsələlərini ətraflı müzakirə ediblər.

Kaleb Orr onu da qeyd edib ki, süni intellekt yeni iqtisadi imkanlar yaradacaq əsas istiqamətlərdən biridir.

“... Azərbaycanın rəqəmsal infrastrukturunun yenilənməsi və təhlükəsizliyinin gücləndirilməsi üçün süni intellekt texnologiyalarının daha geniş tətbiqi istiqamətində yol xəritəsini müəyyən etdik”, – deyə ABŞ rəsmisi vurğulayıb.

Kaleb Orr əlavə edib ki, tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və kritik minerallar üzrə çərçivə sazişinin icrası məsələlərini də diqqət mərkəzində saxlayırlar.

“8 milyard dollardan çox dəyərdə sazişlər imzalanıb”

O habelə vurğulayıb ki, ABŞ Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində və ölkə iqtisadiyyatının strateji sektorlarına investisiyaların artırılmasında maraqlıdır.

“Bu həftə ABŞ şirkətləri 8 milyard dollardan çox həcmdə sazişlər imzaladı. Bu razılaşmalar təkcə enerji sektorunu deyil, həm də investisiya fondlarının, o cümlədən Apollo kimi qurumların Azərbaycanın enerji sektoruna cəlb olunmasını əhatə edir”, – deyə o bildirib.

Kaleb Orr əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) çərçivəsində yeni infrastruktur dəhlizinin formalaşdırılması nəzərdə tutulur.

“Prezident Trampın vasitəçiliyi ilə əldə edilmiş tarixi sülh razılaşması Beynəlxalq Sülh və Rifah üçün Marşrutu da özündə ehtiva edir. Bu, investisiya yatırdığımız tarixi infrastruktur dəhlizidir”, – deyə ABŞ rəsmisi qeyd edib.

Onun sözlərinə görə, sözügedən dəhliz multimodal xarakter daşıyacaq, yalnız sərnişin daşımalarını deyil, həm də enerji və rəqəmsal infrastrukturun inkişafını təmin edəcək.