Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı-Tbilisi-Qars dəmir yolu ilə hələlik sərnişin daşınmayacaq

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti ilə sərnişin daşınması ilə bağlı hazırda heç bir plan yoxdur. Yerli KİV-in xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Rüstəmov xatırladıb ki, BTQ layihələndirilərkən sərnişin daşınması nəzərdə tutulub və yol buna uyğun inşa edilib. Lakin o, bu planın indiyədək niyə reallaşmadığını açıqlamayıb.

İyunun 2-də Gürcüstanın Axalkalaki şəhərində BTQ dəmiryol xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi mərasimi keçirilib. Tədbirdə Gürcüstanın baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak ediblər.

Ötən həftə BTQ-nin yenidən açılacağı xəbərləri yayılandan sonra bir çox ölkə vətəndaşı ümidlənmişdi. Onlar mayın sonunda – altı il fasilədən sonra Bakı-Tbilisi sərnişin qatarının istifadəyə verilməsinin ardınca – nəhayət Türkiyəyə də qatarla getməyin mümkün olacağını gözləyirdilər. Bunun yaxın zamanda baş tutmayacağı isə ekspertlərin tənqidlərinə səbəb olub.

İqtisadçı Natiq Cəfərli Facebook səhifəsində məsələ ilə bağlı suallar qaldırıb: "Yumşaq desəm, çox qəribə açıqlamadır. Yaxşı, o planı kim qurmalıdır? Mən?! Plan yoxdursa, olsun da – sizin işiniz də elə plan qurub ölkələrarası münasibətləri intensivləşdirmək deyilmi?Gürcüstan tərəfi razı, Türkiyə tərəfi marağını ifadə edib, yaxşı, planı bircə siz, ADY olaraq qura bilmirsiz, ya qurmamısınız?! Nə mane olur... ".

ADY-dən bu tənqidlərə münasibət almaq mümkün olmayıb.

9 il öncə...

Əslində, BTQ-nin rəsmi açılışı hələ 9 il əvvəl, 2017-ci il oktyabrın 30-da Azərbaycanda baş tutub. Həmin gün xətt üzrə ilk qatarın yola salındığı açıqlanmışdı. Bakıdan 70 km cənub-qərbdə yerləşən Ələt qəsəbəsində keçirilən açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtcan Saqintayev və Özbəkistanın baş naziri Abdulla Aripov qatılmışdı.

Mərasimdə çıxış edən Əliyev BTQ-nin Avropa və Asiyanı birləşdirən ən qısa yol olduğunu vurğulamışdı. Onun bildirdiyinə görə, BTQ ilə ilkin mərhələdə hər il 5 milyon ton, növbəti illərdə isə 17 milyon tona qədər yük daşınmalı idi.

Amma bu dəmir yolu ilə bağlı gözləntilər uzun müddət özünü doğrultmayıb. Magistral 2017-ci ildən etibarən bir növ test rejimində fəaliyyət göstərib. Ümumi uzunluğu 827 kilometr təşkil edən xəttin 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Bu kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib ki, 2023-cü ilin mayından 2024-cü ilin mayınadək Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib. Vurğulandığına görə, aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

BTQ niyə indiyə kimi özünü doğrultmayıb?

2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmiryol xətti üzrə tranzit yüklərin daşınması ilə yanaşı, sərnişin daşınması da nəzərdə tutulurdu. Bunun üçün İsveçrənin "Stadler Rail Group" şirkətindən sərnişin qatarlarının alındığı da açıqlanmışdı. Yerli medianın xəbərlərinə görə, 10 vaqondan ibarət ilk sərnişin qatarı 2019-cu ilin martında Bakıya gətirilmişdi.

Həmin ilin avqustunda isə Azərbaycan tərəfi bildirmişdi ki, Gürcüstan və Türkiyə sərnişin qatarlarını qəbul etməyə hazır olduqdan sonra daşımalara başlanılacaq.

2020-ci ilin yazında isə koronavirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırıldı. Yalnız iki gün öncə Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa edilib.

2023-cü il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının başa çatdığını bəyan etsə də, Azərbaycan hələ də karantin rejimini saxlayır. Rəsmilər bunu təhlükəsizlik amili ilə izah edirlər. Müstəqil ekspertlərə görə isə, bu, hökumətin siyasi və iqtisadi maraqlarından irəli gəlir.

Layihə bu ay Gürcüstan baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində imzalanmış İkitərəfli Koordinasiya Şurasının protokolunda yenidən gündəmə gəlib. Sənəddə Bakı–Tbilisi–Qars dəmiryol xəttinin Marabdadan Türkiyə sərhədinədək olan hissəsinin tam istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırlatma

Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol layihəsi 2007-ci ildə imzalanmış Azərbaycan–Gürcüstan–Türkiyə dövlətlərarası sazişi əsasında həyata keçirilib.

BTQ-nin ümumi uzunluğu 827 kilometrdir. O, Avropadan Çinə qədər olan dəmiryol şəbəkələrini birləşdirən daha böyük ticarət dəhlizinin — "Böyük İpək Yolu" layihəsinin bir hissəsi sayılır. Layihə Ermənistandan yan keçdiyi üçün vaxtilə xaricdə bəzi tənqidlərə də səbəb olmuşdu.

Tikintisinə 2007-ci ildə başlanan və 10 il sonra tamamlanan ( gecikmə əsasən çətin relyef şəraitlə izah edilirdi) bu layihəyə, həmçinin, sonrakı yenidənqurma işlərinə Azərbaycan tərəfindən ümumilikdə nə qədər vəsait xərcləndiyi rəsmən açıqlanmayıb.

Yerli mətbuatın məlumatına görə, 2014-cü ilə qədər layihəyə 536.8 milyon manat xərclənib. Dövlət Neft Fondunun 2015-ci il büdcəsindən isə bu məqsədlə daha 111.5 milyon manat ayrılıb. 2022-ci ildə dövlət başçısı layihənin genişləndirilməsinə əlavə 100 milyon dollar vəsaitin ayrılacağını bəyan etmişdi.