“Qozbel”in dəstəsinin sonu: quldurların ölümcül səhvi, məhbəsdə güllələnmə... - II YAZI
Ölkəni dəhşətə salan banda nəyin güdazına getdi?
03 Yanvar 2026
Əvvəli: Burada
Hüquq-mühafizə orqanları əvvəlcə Moskva bölgəsinin cinayət dünyasındakı informatorları vasitəsilə quldurların izini axtarmağa başladılar. Şübhə ilk növbədə “qanuni oğru” Pavel Andreyev (Paşka Amerika) qrupunun qalıqlarına düşdü; o özü həmin vaxt artıq cəzasını çəkirdi.
Lakin Andreyev öz köməkçilərinin qanlı basqınlarda iştirakı ilə bağlı iddiaları qəti şəkildə inkar etdi. Həmçinin milisin kriminal agenturası da bir ağızdan deyirdi: cinayət aləmində heç kəs bu hücumlarla əlaqəli deyil.
Cinayətlərin bütün şahidləri quldurlara ucaboylu, qəhvəyi dəri palto geyinmiş oğlanın rəhbərlik etdiyini deyirdilər – bu, İvan Mitin idi. Paltosunun bir qolunda əvvəl qoparılmış dəri yerində dəqiq üçbucaq şəklində yamaq var idi.
Başçını daha çox “teloqreyka” geyinmiş bəstəboy oğlan - Vyaçeslav Lukin - müşayiət edirdi. Adətən, kassadan pul götürmək üçün məhz o dermantin çantanı çıxarırdı. Lakin bu əlamətlər milisə quldurları tapmaqda kömək etmədi.
Bu arada onlar özlərini yenidən büruzə verdilər: 30 oktyabr 1951-ci ildə Sokolniki küçəsindəki “Parçalar” mağazasına basqın etdilər. Bir neçə həftə sonra Ramenkidə “Udelnaya” stansiyasının bufetində müştərilərə baxan milis üç gənc oğlana diqqət yetirdi.
Asayiş keçikçiləri yanılmamışdılar — bu, Mitinlə ortaqları İvan Aqeyev və Aleksandr Averçenkov idi. Stansiyaya təsadüfən düşmüşdülər: İvanın atasını Kratovsk meşə idarəsində görmək üçün getmişdilər, onu orada tapmadılar və geri dönərkən “Udelnaya”da dayanıb, pivə içmək qərarına gəldilər.
Quldurlar da milisləri gördülər, amma çox həyasız davrandılar — anlayırdılar ki, patrul qələbəlik yerdə atışma etməyəcəklər.
Quldurluqdan tələbəliyə
Quldurlar haqlı idilər: Mitinin cibindəki TT-ni görən milis atəş açmaqdan çəkinib, şübhəlilərin küçəyə çıxmasını gözlədi. Lakin həmin gün quldurların yenə şansı gətirdi: gözlənilmədən perrona çıxıb dəmiryol xətlərinə atıldılar və meşəyə tərəf qaçdılar.
Milislər atəş açdılar, amma heç bir güllə hədəfə dəymədi: quldurlar gizlənməyi bacardılar. Meşədə yox olmazdan əvvəl Mitin də bir neçə dəfə milislərə atəş açdı, lakin o da dəqiq olmadı.
Bu hadisədən sonra İvan Aqeyev cinayətdən əl çəkdi: Mitinlə vidalaşaraq, Nikolayev şəhərinə getdi və 1952-ci ildə Hərbi-dəniz məktəbinə daxil oldu.
Dəstədə Aqeyevin yerini Mitinin tanışı, xuliganlığa görə həbsdə olmuş və 1951-ci ildə Krasnoqorska qayıdan Vasili Nikolayev tutdu. Lakin az müddətdə: şəhərdə qeydiyyatdan keçə bilməyən Nikolayev 1952-ci ilin yayında pasport rejimini pozduğu üçün məhkum edildi. Quldurlar isə keçmiş ortaqlarını unutmadılar, Murmansk düşərgəsinə gedirdilər, mütəmadi pul göndərirdilər.
1952-ci ildə Vyaçeslav Lukin də ali təhsil almaq fikrinə düşdü. O, MAİ-yə daxil oldu, amma Aqeyev kimi dəstədən ayrılmamağı, quldurluqla təhsili birləşdirməyi qərara aldı.
Mitin bandasının yeni basqın seriyası 1952-ci ilin avqustunda başladı: onun əlaltıları Moskva ətrafında İstrinski rayonundakı Sneqiri stansiyasında çayxanadan 4 min rubl oğurladılar. Basqının qurbanı müəssisənin keşikçisi Krayev oldu: anbardan tüfənglə çıxanda dərhal öldürüldü.
Sentyabr ayında isə quldurların qurbanı Leninqrad platformasında yerləşən “Pivə — sular” pavilyonunun iki müştərisi oldu. Pavilyona soxulan Mitin, Averçenkov və Lukin silahlarını satıcı qadına tuşladılar və onun əlindən qadın çantasını qoparıb kassadakı pulları ora doldurmağa başladılar.
İki müştəri qadına kömək etməyə atıldı, lakin onlardan biri stuldan yenicə qalxan kimi ölümcül yara aldı, digəri isə Mitinə yaxınlaşan anda başından vuruldu.
Vida qastrolları
Platformaya çıxan quldurlar elektrik qatarına minib, növbəti stansiyaya qədər getdilər. Orada pulları ciblərinə doldurdular və çantanı Sxodnya çayına atdılar.
Mitin və köməkçiləri yeni basqına 1952-ci il noyabrın 1-də Nəbatat bağı rayonunda getdilər. Mağazaya soxulan quldurlar, adəti üzrə bütün müştərilərə yerə uzanmağı əmr etdilər. Lakin kassir qorxmadı: qadın qazancı onlara verməkdən imtina etdi və Mitin onun çiyninə atəş açdı. Kassadan 24 min rubl çıxaran qarətçilər qaçdılar.
Təxminən yarım saat sonra Susokolovski şosesində 111-ci milis bölməsinin kiçik leytenantı, sahə müvəkkili Qroşev ilə qarşılaşdılar. Sənəd göstərmək tələbinə Mitin atəşlə cavab verdi və bu, milis üçün ölümcül oldu.
1953-cü ilin yanvarında dəstə son basqınlarından birini həyata keçirdi. Quldurlar Lukinin Mıtişiyə səfər matçına getdiyi günü seçdilər, amma stadion əvəzinə Dzerjinski meydanındakı əmanət kassasına yönəldilər. İçəri daxil olub, yaxınlıqdakı çuqun istilik batareyasını qapıya dayadılar və hamıya yerə uzanmağı əmr etdilər. Bu zaman kassir qadının həyəcan düyməsinə basdığını fərq etmədilər.
Milis bölməsinə daxil olan siqnalla növbətçi maraqlandı. O, əmanət kassasına zəng etdi; xəttin o biri başında kişi səsi eşidildi. “Bura əmanət kassasıdırmı?” sualına naməlum şəxs “Yox, stadion!” deyərək telefonu qoydu.
Operativ qrup hadisə yerinə gəldiyində quldurlar artıq yoxa çıxmış və özləri ilə 30 min rubl aparmışdılar.
İçəriyə göz gəzdirən xəfiyyələr TT tapançasının maqazinini tapdılar — sonradan məlum oldu ki, Mitin hay-küy salan kassirin başına vuranda tapançadan düşüb. Bundan başqa, döşəmədə quldurlardan birinin nədənsə tulladığı bir cüt qaloş qalmışdı.

Ekspertlər müəyyən etdilər ki, onlar 39 ölçülü çəkmələrin üzərindən geyinilib.
Çəkmənin dabanında isə yolka formasında naxış var idi. Kassaya zəng edən növbətçinin hekayəsini dinləyən Vladimir Arapov quldurun cavabına —stadion deməsinə — diqqət yetirdi.
Arapov bu insanların idmançı ola biləcəklərini düşündü.

Basqınların xəritəsini hazırlayan Arapov fərq etdi ki, hamısı idman obyektlərinin yaxınlığında baş verib. Digər bir qanunauyğunluq da diqqəti çəkirdi: quldurlar Moskvada və Krasnoqorsk ətrafında fəaliyyət göstərsələr də, heç vaxt Krasnoqorskun özündə basqın etməmişdilər. Buradan belə ehtimal yarandı ki, basqınçılar böyük ehtimalla Krasnoqorskda yaşayır və orada tanınmaqdan qorxurlar. İntuisiya bu dəfə də onları aldatmadı.
Məşum çəllək
Tezliklə Mitin və dostları həlledici səhv buraxdılar: 1953-cü ilin fevralında Krasnoqorsk Mədəniyyət Evinin yaxınlığında əylənərkən pulunu vermədən pivə çəlləyini oğurladılar və elə yaxınlıqda içməyə başladılar. Əsəbiləşmiş satıcı sahə müvəkkilini çağıranda o dərhal quldurlardan sənədlərini istədi və protokol tərtib etdi.
Oğrular insident üçün üzr istədilər və bütün çəlləyin dəyərini ödədilər. Operativ qrupun rəhbərləri hadisəni eşidəndə dərhal sual yarandı: sadə tələbə və işçilər niyə bu qədər asanlıqla pul səpələyirlər? Əməliyyatçılar həmin pivə həvəskarlarını izləməyə başladılar və öyrəndilər ki, onlar tez-tez Krasnoqorsk stadionunda toplaşırlar.
“Bu şəxslərin axtarılan canilər olduğuna əmin olmaq üçün həmin stadionda gizli tanıma aparmaq qərara alındı. Bir axşam milislər şahidlərlə birlikdə ora gəldilər, izdiham içində itərək üç şübhəli şəxsə yaxınlaşdılar. Şahidlər yekdilliklə bildirdilər ki, bu, məhz həmin quldurlardır”, - təqaüddə olan polkovnik Aleksandr Tarasov.
Həbslər başladı və bu, fiqurantların mənzillərində aparılırdı. Axtarış zamanı əməliyyatçılar quldurlardan on minlərlə rubl tapdılar: cinayətkarlar onları şkaflarda, dolablarda və yataqların altında saxlayırdılar.
Yalnız Timiryazevski rayondakı mağazaya basqında iştirak etmiş quldur Nikolay Qriqoryevin həbsi onun həyat yoldaşı və kiçik qızı üçün böyük şok oldu. Qriqoryev 15 il həbs cəzası aldı, amma yalnız 11 ilini çəkdi və nümunəvi davranışına görə şərti azadlığa buraxıldı.
Qriqoryev kimi yalnız bir basqında iştirak edən Boris Korovin də tutulana qədər ailə qurmağa macal tapmışdı. O da 15 il həbs cəzası aldı, 10 ilini çəkdikdən sonra şərti azadlığa buraxıldı.
Məhbus üçün pul
Pasport rejimini pozduğuna görə cəzasını çəkən Vasili Nikolayenko da məsuliyyətdən qaça bilmədi. Asayiş keşikçilərinə məlum oldu ki, Lukin dostu, hokkeyçi Bazayevlə birlikdə Murmanska getməyi planlaşdırır. Şübhəlilərin kupesinə sərnişin qiyafəsində əməliyyatçı yerləşdirildi.
“Lukin və Bazayevin vaqon-restorana getməsindən istifadə edən əməliyyatçı çantanı yoxladı və orada bank bağlamasında 20 min rubl tapdı. Pulun seriya nömrələri yoxlandıqda məlum oldu ki, bu, əmanət kassasının oğurluğundan qalan pullardır. Əməliyyatçı əlavə göstəriş üçün əlaqə saxladı. Moskva göstəriş verdi ki, pullar ünvana maneəsiz çatdırılsın. Ünvan Nikolayenko idi”, - MUR-un əfsanəvi əməliyyatçısı Vladimir Arapovun xatirələrindən.
Nikolayenkonun Mitin bandasında iştirak etdiyi məlum olduqdan sonra o, həbs edildi, məhkəmə qarşısına çıxarıldı və 25 il həbs cəzasına məhkum edildi. Tezliklə milislərin əlinə Lukin də keçdi: ekspertlər onun ayaqqabılarına göz gəzdirdilər və məlum oldu ki, əmanət kassasında atılmış qaloslar məhz ona aiddir.
Lukin çox inad etmədi — anlatdı ki, basqın zamanı tələm-tələsikdə qaloşun bir tayını itirib və onu axtarmamaq üçün ikinci tayını da atıb.
“Tutulan şəxs təyyarə ilə Moskvaya gətirildi”
İstintaqla əməkdaşlıq etməsi və basqın zamanı qətllərdə iştirak etməməsi Lukini ölüm cəzasından xilas etdi, amma yenə də 25 il həbs cəzası aldı. Məhkəmədə Lukin taleyinin belə olmasında 1948-ci ildə ailəni tərk edən atasını günahlandırdı. Vyaçeslavın fikrincə, atası onun quldur olmaq kimi faciəli qərarından daşındırardı.
Ata bu utanca dözmədi: ağır psixi sarsıntı keçirdi və bir neçə il sonra müalicə müəssisəsində vəfat etdi. Lukin cəzasını başdan sona qədər çəkdi və sərbəst buraxıldıqdan bir il sonra həbsxanada yoluxduğu vərəmdən vəfat etdi. Bu arada Mitin bandası işi üzrə tutulmuşlar arasında kursant Ageyev də vardı.
“Ageyevin ardınca Odessaya uçdum: o, dəniz sərhədini patrul edən pilotlar arasında idi. Həbs üçün orderi təqdim etdim, amma problem yarandı. Cinayətlərin törədildiyi dövrdə təqsirləndirilən mülki şəxs idi, amma indi hərbi dairənin nəzarətində idi. Buna görə bölmə rəisi hərbi prokurorluqdan order tələb etdi. Mən Moskvaya uçmalı oldum, yeni orderi aldım və yenidən geri qayıtdım. Onu qandallayıb, təyyarə ilə Moskvaya gətirdik” - Vladimir Arapov.
İvanın ağıllanaraq islah yoluna dönməsi onu cəzadan xilas etmədi — 15 il həbs cəzası aldı, amma şərti azadlığa çıxana qədər yalnız 5 il çəkdi.
Qrupun baş silahçısı Pyotr Bolotov məhkəmə hökmü ilə 25 il həbs cəzası aldı. O, bütün quldur arsenalını — iki “Nagan” revolveri və Vis.35, Frommer Stop, Walther P38 və TT tapançalarını — 43 yaşlı qohumu, sabiq hərbi kapitan Nikolay Semixatovda saxlayırdı. Axtarış zamanı bütün silahlar götürüldü. Məhkəmə hökmü ilə Semixatov 10 il həbs cəzası aldı.
Şübhəlilər arasında Murmanska Lukini müşayiət edən hokkeyçi Bazayev də var idi; o, KKMZ-də tornaçı işləyirdi. Lakin istintaqçılar onun basqınlarda iştirakını sübut edə bilmədilər, buna görə də iş üzrə o, yalnız şahid kimi keçirdi.
“Qurbansız ötüşdü”
Şübhəlilərin dindirilməsi zamanı məlum oldu ki, 11 nəfərin ölümündə və 12 nəfərin (başqa məlumatlara görə — 18 nəfər) yaralanmasında yalnız iki quldur — Mitin və Aleksandr Samarin iştirak edib. Əməliyyat qrupu 14 fevral 1953-cü ildə dəstə başçısını tutmaq üçün onun mənzilinə gəldi.
“Mitinin yastığının altında revolver vardı. Buna baxmayaraq, əməliyyat qrupu işini tam təmiz şəkildə həyata keçirdi, bir atəş belə açılmadı. İçəri daxil oldular, üzərinə çökdülər, həbs qurbansız ötüşdü”, — Krasnoqorsk milis şöbəsinin sabiq rəis müavini İvan Spirinin xatirələrindən.
Həbs zamanı Mitin müqavimət göstərmədi və 28 basqını təşkil etdiyini etiraf etdi; bu basqınlarda quldurlar 300 mindən çox rubl əldə etmişdilər. Qeyd edək ki, Mitinin həbs olunması xəbəri Krasnoqorsk milis şöbəsinin rəisini şoka saldı; o, İvanı şəxsən tanıyır və yaxınlıqda yaşayırdı.
“Mitini görəndə düşündüm: özüm güllələyərdim, bax, bu əllərimlə. Amma danışmağa başlayanda sanki qarşımda başqa adam idi. Qeyri-adi gənc idi. Sakit, baxışı diqqətli, amma dostcaydı. Onunla danışmaq asan idi”, - Vladimir Arapovun xatirələrindən.
Sverdlovsk vilayətində cəzasını çəkən Samarini isə həbs etməyə ehtiyac olmadı. Düşərgədən Moskvaya gətirilən Samarin dindirilmədə etiraf etdi ki, əməliyyatçı Koçkini güllələyib.
Qatillərin taleyi əvvəlcədən müəyyən olunmuşdu: Mitin və Samarin ölüm cəzası aldılar və 1953-cü ilin noyabrında Butırka həbsxanasında güllələndilər. “Ucaboy sarışının dəstəsi” Stalin dövrünün son cinayətkar qrupuna çevrildi — onun ləğvi generalissimusun 1953-cü ilin martında ölümü ilə eyni vaxta təsadüf etdi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada