Ermənistanda seçicilərə rüşvət verilməsi ilə bağlı daha üç nəfər saxlanılıb
01 May 2026
Ermənistanda rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" partiyasının adından seçkiqabağı rüşvətin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində aprelin 29-da saxlanılan beş nəfərdən üçü barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistanın Antikorrupsiya Komitəsi aprelin 29-da "Güclü Ermənistan" partiyasının adından fəaliyyət göstərən beş nəfəri gizli şəkildə rüşvət verməkdə şübhəli bilərək saxlayıb.
Aprelin 16-da isə Ermənistanda seçki öncəsi rüşvətin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində "Güclü Ermənistan"ın 14 üzvü saxlanılıb. Daha sonra "Güclü Ermənistan" partiyasının 12 tərəfdarı ev dustaqlığına buraxılıb.