Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda hotellərin qonaq sayı azalıb, gəlirləri isə artıb

2026-cı ilin birinci rübündə Azərbaycandakı mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz azalaraq 838.2 min təşkil edib. Bu barədə aprelin 30-da Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

DSK-nın daha əvvəl açıqladığı statistikaya əsasən, hesabat dövründə Azərbaycana dünyanın 172 ölkəsindən 484.4 min xarici gəlib ki, bu da illik müqayisədə 4.7 faiz azalma deməkdir. Buna baxmayaraq, xaricilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 1.8 faiz artaraq 493.6 minə çatıb. Bu göstərici ümumi gecələmələrin 58.9 faizini təşkil edir.

Qonaq sayındakı azalmaya rəğmən, mehmanxanaların maliyyə göstəricilərində artım müşahidə olunub. Belə ki, 2026-cı ilin yanvar-mart aylarında bu obyektlərin gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.9 faiz artaraq 128.7 milyon manata yüksəlib.

Rəsmi qurumlar hələlik bu statistik rəqəmləri şərh etməsələr də, müstəqil ekspertlər ölkədəki hotel xidmətlərinin qonşu dövlətlərlə müqayisədə baha olduğunu bildirirlər. Ekspertlər həmçinin bu sahədə inhisarçılıq olduğunu vurğulayırlar, lakin rəsmi tərəf bu iddiaları qəbul etmir.