Logo
news content
User
Kateqoriyalar

Analitika

Kiyev yenidən müharibəyə köklənir: Zelenskinin kadr gedişi nə deməkdir?
Ekspert: Dəyişikliklər əhəmiyyətli olsa da, sistem daxilindəki şəxslərin yerdəyişməsindən gedir

Ukrayna Prezidenti Volodimir Zelenski  2026-cı ilin yanvar ayının əvvəlindən ölkənin əsas güc və inzibati strukturlarında genişmiqyaslı “kadr yenilənməsi” prosesinə start verib.

Məsələn, bundan əvvəl Baş Kəşfiyyat İdarəsinə (QUR) rəhbərlik etmiş Kirill Budanov Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunaraq Andrey Yermakı əvəz edib. QUR-un yeni rəhbəri postuna isə Oleq İvaşşenko gətirilib.

Keçmiş rəqəmsal transformasiya naziri Mixail Fyodorov Müdafiə Nazirliyinin başına keçib. Eyni zamanda Təhlükəsizlik Xidmətində (SBU) də ciddi kadr dəyişiklikləri aparılıb: qurumun rəhbəri Vasili Malyuk və əks-kəşfiyyat departamentlərinin rəhbərləri vəzifələrindən azad ediliblər.

Dövlət Sərhəd Xidmətində də rəhbərlik dəyişikliyi baş verib – qurumun rəhbəri Sergey Deyneko vəzifədən uzaqlaşdırılıb. Bundan əlavə, Zelenski dörd regionda vilayət hərbi administrasiyalarının (VHA) rəhbərlərini dəyişib (əvvəllər beş vilayətdə dəyişiklik ediləcəyi anons edilmişdi).

Milli Qiymətli Kağızlar və Fond Bazarı Komissiyasının (NQKFBK) tərkibinin yenilənməsi prosesi də artıq başlanıb. Maraqlı məqamlardan biri isə Kanadan baş nazirinin keçmiş müavini Xristya Frilandın Ukrayna prezidentinin müşaviri təyin olunmasıdır.

Rəsmi Kiyev bu kadr dəyişikliklərini idarəetmə sisteminə nəzarətin gücləndirilməsi və mövcud çağırışlara daha çevik uyğunlaşma zərurəti ilə izah edir. Gözlənildiyinə görə, əlavə kadr qərarları 2026-cı il yanvarın 13–14-də Ali Rada tərəfindən qəbul ediləcək.

Maraqlıdır, Kiyevdə baş verən kəskin kadr dəyişikliklərindən sonra Ukraynadakı müharibədə hansı dəyişikliklər ola bilər? Bu proses cəbhədəki vəziyyətə və Ukraynanın beynəlxalq mövqelərinə mənfi təsir göstərəcəkmi? Və nəhayət, bu dəyişikliklər Putinin aqressiv ambisiyaları kontekstində digər postsovet dövlətləri üçün əlavə risklər yarada bilərmi?

Pressklub.az-ın suallarını ukraynalı analitik, siyasi elmlər doktoru, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Petro Oleçuk cavablandırıb.

O, ilk növbədə qeyd edib ki, aparılan kadr dəyişiklikləri əhəmiyyətli olsa da, söhbət yenə də sistem daxilində olan şəxslərin yerdəyişməsindən gedir. “Şübhəsiz ki, ötən il bir sıra uğurlu xüsusi əməliyyatlarla yadda qalan Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyukun istefası çoxsaylı suallar doğurdu. Xüsusilə də Rusiya strateji aviasiyasının nəzərəçarpacaq hissəsinin məhv edildiyi əfsanəvi “Tor” (“Pautina”) xüsusi əməliyyatı, Rusiya neft emalı zavodlarına endirilən zərbələr, “kölgə donanmasına” məxsus tankerlərə hücumlar, eləcə də Rusiya sualtı qayığına vurulan ciddi zərər bu əməliyyatlar sırasındadır. Ümumilikdə, həqiqətən də çox sayda parlaq və uğurlu xüsusi əməliyyat həyata keçirilib və onların bir qisminin gələcəkdə ayrıca öyrəniləcəyi istisna deyil.

Amma eyni zamanda vurğulamaq vacibdir ki, Malyukun vəzifədən uzaqlaşdırılmasından sonra da institusional ardıcıllıq qorunur. Hazırda SBU rəhbərinin səlahiyyətlərini icra edən şəxs də məhz həmin xüsusi əməliyyatların planlaşdırılmasında və icrasında iştirak edən komandanın üzvlərindən olub.

Eyni yanaşma Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən (QUR) Prezident Ofisinin rəhbəri postuna keçən Kirill Budanova da aiddir. O, kənardan gətirilmiş fiqur deyil, Zelenskinin uzun müddətdir müxtəlif məsələlər üzrə məsləhətləşdiyi, yaxından tanıdığı şəxslərdən biridir.

Aydındır ki, Budanovun bu vəzifəyə təyinatı iki əsas istiqamətlə bağlıdır. Birincisi, Prezident Ofisinin başında hərbçi fiqurun dayanması Ukraynanın müharibənin davamına sistemli şəkildə hazırlanmasını təmin etməlidir. Üstəlik, bu namizədlik cəmiyyətdə və orduda müsbət qarşılanır və siyasi rəhbərlik, ordu və cəmiyyət arasında ittifaqın rəmzi kimi çıxış edir.

Budanovla bağlı ikinci mühüm məqam danışıqlar prosesidir. Prezident Ofisinin rəhbəri kimi o, Ukrayna nümayəndə heyətinə başçılıq edəcək. Bu sahədə Budanovun kifayət qədər təcrübəsi var – o, Rusiya tərəfi ilə də daxil olmaqla, hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı müxtəlif danışıqlarda iştirak edib. Mövcud şəraitdə bu təcrübə ona ciddi şəkildə lazım ola bilər”, – deyə politoloq qeyd edib.

Ekspertin sözlərinə görə, eyni yanaşma digər kadr təyinatlarına da şamil olunur. “Əslində, Zelenski yaxşı reputasiyaya malik, cəmiyyətdə populyar olan şəxsləri ən problemli və ən çətin istiqamətlərə yönəldib. Buna nümunə kimi Mixail Fyodorovu göstərmək olar. O, rəqəmsal transformasiya naziri kimi kifayət qədər müsbət imic formalaşdırmış, bir sıra maraqlı və mühüm layihələri həyata keçirmişdi. İndi isə Müdafiə naziri postunda həmin təcrübəni Ukrayna üçün ən kritik quruma tətbiq edəcək.

Çağırışlar isə az deyil. Biz görürük ki, Rusiya Ukraynanın enerji infrastrukturunu sistemli şəkildə məhv etməyə davam edir və şaxtalı hava şəraitində ölkədə xaos, “soyuq xaosu” yaratmağa çalışır. Beləliklə, Moskva mülki əhaliyə qarşı terror yolu ilə Ukraynanı tükətmə strategiyasını davam etdirir. Eyni zamanda, Rusiya artıq “Oreşnik”i də arqument kimi tətbiq etməyə başlayıb. Düzdür, demək olmaz ki, bu silah özünü xüsusilə qorxulu vasitə kimi doğruldub. Daha çox bu, Rusiyanın eskalasiyaya hazır olduğunu göstərən siyasi və hərbi siqnaldır.

Belə bir şəraitdə yeni rəhbərliyin qarşısında əlavə və daha mürəkkəb vəzifələr dayanacaq. Bu baxımdan, Zelenskinin ətrafının daha da militarizasiyası və hərbçilərin rolunun gücləndirilməsi tamamilə məntiqlidir. Hətta danışıqların davam etməsi fonunda da. Çünki istənilən danışıqlarda ən güclü arqument, Trampın terminologiyası ilə desək, ən yaxşı “kart” güclü ordudur”, – Petro Oleşuk yekunlaşdırıb.

Rauf Orucov