Dünya böhrana hazırlaşır: zəif ölkələr daha ağır zərbə alacaq…
Qlobal şoklardan zərər görməmək üçün nələr edilməidir?
26 Yanvar 2026
Dünya İqtisadi Forumunun (WEF) açıqladığı “Qlobal Risklər 2026” Hesabatı yaxın və uzunmüddətli perspektiv üçün qlobal miqyasda artan qeyri-müəyyənlik və təhlükələri ortaya qoyur. 900-dən çox qlobal ekspertin iştirakı ilə hazırlanan sənəddə 2028-ci ilədək olan dövr “turbulent mərhələ”, 2036-cı ilədək olan perspektiv isə daha sistemli və dərin risklərlə xarakterizə olunur.
Hesabat göstərir ki, dünya yalnız geosiyasi deyil, eyni zamanda iqtisadi, institusional və sosial baxımdan ciddi sınaqlar dövrünə daxil olur.
Yaxın dövr üçün əsas risklər
WEF-in qlobal risklər reytinqinə əsasən, 2026–2028-ci illər üçün ən ehtimal olunan risk dezinformasiya və yanlış məlumatların artmasıdır. Sosial şəbəkələr və süni intellekt vasitəsilə ictimai rəyin manipulyasiyası siyasi gərginliyi artırır və dövlət institutlarına etimadı zəiflədir.
Bununla yanaşı, ən dağıdıcı qısamüddətli risk kimi dövlətlərarası silahlı münaqişələr göstərilir. Hesabatda mövcud regional müharibələrin yeni ölkə və blokları cəlb etmə ehtimalının yüksəldiyi vurğulanır.
Qısa dövr üçün digər əsas risklər bunlardır:
geo-iqtisadi qarşıdurmalar – sanksiyalar, ticarət məhdudiyyətləri və təchizat zəncirlərinin pozulması;
kibertəhlükəsizlik riskləri – enerji, maliyyə və səhiyyə infrastrukturlarına mümkün hücumlar;
iqtisadi durğunluq və maliyyə böhranları – yüksək borclanma və bazarlarda qeyri-sabitlik.
Uzunmüddətli təhlükələr: iqlim və süni intellekt
WEF-in qiymətləndirməsinə görə, 2036-cı ilədək ən böyük qlobal risk ekstremal iqlim hadisələri olacaq. Quraqlıq, daşqınlar və istilik dalğaları ərzaq təhlükəsizliyinə, iqtisadi artıma və sosial sabitliyə ciddi təzyiq yaradacaq.
Hesabatda həmçinin süni intellektin sürətli inkişafının uzunmüddətli risklər yaratdığı qeyd olunur. Buraya əmək bazarında kütləvi dəyişikliklər, iş yerlərinin itirilməsi, nəzarət və təhlükəsizlik problemləri daxildir.
“Zəiflər daha ağır zərbə alacaq”
İqtisadçı Rövşən Ağayev hesab edir ki, hesabatın əsas mesajı risklərin qlobal xarakter daşımasına baxmayaraq, onların təsirinin ölkələr arasında bərabər bölüşdürülməməsidir.
Onun sözlərinə görə, iqtisadi baxımdan inkişaf etmiş, siyasi və hüquqi institutları güclü olan dövlətlər bu risklərə qarşı daha dayanıqlı olacaq. Əksinə, institusional zəifliyi, yüksək borcluluğu və iqtisadi asılılığı olan ölkələr üçün bu risklər daha dağıdıcı nəticələr doğura bilər.
WEF hesabatında da qeyd olunur ki, məhz zəif institutlara malik ölkələr qlobal şoklardan daha çox zərər görəcək. R.Ağayev vurğulayır ki, geoiqtisadi qarşıdurmalar, maliyyə böhranları və iqlim riskləri belə ölkələrdə sosial gərginliyi və yoxsulluğu daha da dərinləşdirəcək.
Dünya İqtisadi Forumunun “Qlobal Risklər 2026” Hesabatı və Rövşən Ağayevin təhlili göstərir ki, qarşıdakı illər dünya üçün daha mürəkkəb və riskli olacaq. Bu şəraitdə ölkələrin əsas üstünlüyü güclü institutlar, çevik iqtisadiyyat və effektiv idarəetmə olacaq. Əks halda, qlobal böhranlar zəif dövlətlər üçün daha ağır sosial və iqtisadi nəticələr doğura bilər.
Turqut