Bastrıkinin basdırmaq istədiyi cinayət
Rusiya İstintaq Komitəsinin rəhbəri Putini niyə təkzib edir?
08 Yanvar 2026
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin 2024-cü il dekabrın 25-də Rusiya HHQ tərəfindən vurulan AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı Azərbaycanın Baş prokuroru Kamran Əliyevə ötən ilin 17 dekabrında göndərdiyi məktubun qeyri-rəsmi surəti yayılıb. Xatırladaq ki, həmin məktub Bakıda ciddi narazılıq yaradıb.
Məktubda əvvəlcə cinayət işinin başa çatdığı və dayandırıldığı qeyd olunub. Lakin sonrakı abzaslarda qəzanın səbəblərini araşdırmaq üçün kompleks aviasiya-texniki məhkəmə ekspertizasının təyin olunduğu, bu ekspertizanın isə hələ başa çatmadığı bildirilir. Ekspertizanın nəticələrindən sonra isə bərpa olunmuş cinayət işi çərçivəsində əlavə hüquqi qiymət veriləcəyi planlaşdırılır. Məktubda qəzaya səbəb kimi hava şəraiti və buludluluq göstərilib. Həmçinin, sığorta ödənişlərinin həyata keçirildiyi qeyd olunur.
Qeyd edək ki, Azərbaycanın Xarici Işlər naziri Ceyhun Bayramov 26 dekabrda ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, yaxın günlərdə Azərbaycana Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub təqdim edilib.
“Bu məktubda Azərbaycanın ciddi təəccübünü doğuran məqam var idi. Bunlardan biri Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məsələ ilə bağlı cinayət işinə xitam verməsi barədə məlumat olub. Bu, ciddi suallar yaradır və təəccüb doğurur”, - nazir qeyd edib.
Yayılan sənədlə bağlı Pressklub.az-a danışan politoloq Fərhad Məmmədov bildirib ki, məktub ziddiyyətlər və məntiqi uyğunsuzluqlarla doludur.

F.Məmmədovun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında da qeyd etdiyi kimi, Bastrıkinin məktubu Bakıda ciddi təəccüb doğurub. Politoloq vurğulayıb ki, məktubun mətni həm məntiq, həm də hüquqi ardıcıllıq baxımından anlaşılmazdır: “Bu, Rusiyanın baş hüquqşünasının, tez-tez siyasi bəyanatlarla və anti-miqrant ritorikası ilə gündəmə gələn bir şəxsin imzasını daşıyan məktubdur. Məktub isə ziddiyyətlərlə doludur və açıq-aşkar suallar yaradır”.
Onun sözlərinə görə, məktubda əvvəlcə cinayət işinin başa çatdığı qeyd olunur. Ardınca isə “toplanmış sübutların məcmusuna əsasən cinayət işinin dayandırıldığı” bildirilir. Lakin növbəti abzasda Bastrıkin qəzaya uğramanın səbəblərini müəyyən etmək üçün kompleks aviasiya-texniki məhkəmə ekspertizasının təyin edildiyini və bu ekspertizanın hələ başa çatmadığını yazır.
Politoloq qeyd edib ki, məktubun sonunda isə daha bir ziddiyyətli məqam yer alır: ekspertizanın nəticələrindən sonra “bərpa olunmuş cinayət işi çərçivəsində” hadisəyə əlavə hüquqi qiymət veriləcəyi bildirilir.
“Belə çıxır ki, cinayət işi həm bağlanıb, həm də bərpa olunub. Bu, “Prostokvaşino məktubu”nu xatırladır, amma müəllifi Rusiyanın İstintaq Komitəsinin sədridir”, – Fərhad Məmmədov ironik şəkildə vurğulayıb.
O, məktubda qəzaya səbəb kimi hava şəraitinin, konkret olaraq buludluluğun göstərilməsini də kəskin tənqid edib: “Buludluluq?! Təyyarə və buludlar… Nə duman, nə texniki nasazlıq – sadəcə buludlar. Bu, tamamilə absurddur”.
Məmmədov diqqətə çatdırıb ki, Rusiya prezidenti Vladimir Putin hələ oktyabr ayında Düşənbədə baş verənlərə qiymət verərək, təyyarənin Rusiya Silahlı Qüvvələrinin HHM sisteminin fəaliyyəti nəticəsində vurulduğunu faktiki olaraq etiraf edib: “Bu halda sual yaranır: Bastrıkin Putinin artıq səsləndirdiyi mövqeyi dəyişməyə çalışır, yoxsa bu, Rusiyanın baş müstəntiqinin şəxsi təşəbbüsüdür?”
Fərhad Məmmədov məktubda “kompensasiya ödənişlərinin təşkil edildiyi” barədə deyilənlərin də həqiqətə uyğun olmadığını vurğulayıb:
“Sığorta ödənişləri kompensasiya deyil. Bu, hüquqi baxımdan tamamilə fərqli anlayışdır”.
Politoloqun fikrincə, məktubun 17 dekabr tarixində göndərilməsi təsadüfi deyil və məqsəd prosesi uzatmaq, əlavə ekspertizalara istinad etməklə vaxt qazanmaqdır. O, bildirib ki, Rusiya artıq faktı tanıyıb və üzrxahlıq edib, indi isə əsas məsələ kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılmasıdır.
“Bu cür ziddiyyətli və qeyri-peşəkar addımlar Azərbaycanın mövqeyini dəyişmir. Bakı hələlik gözləmə mövqeyindədir, çünki Putinin etirafı hələ də siyasi əhəmiyyətini saxlayır. Lakin Bastrıkinin məktubundan sonra Azərbaycanda Rusiyanın adekvat addımlar atacağına dair şübhələr yarana bilər”, – Məmmədov qeyd edib.
O əlavə edib ki, Azərbaycanın əlində öz cinayət işi var və zərurət yaranarsa, beynəlxalq məhkəmələrə müraciət etmək imkanları da mövcuddur.
Turqut