“Hizbullah” silahı İranın əlindən alınacaqmı?
Bu qruplaşma Yaxın Şərqdə “nifaq alması”na çevrilib
16 Fevral 2026
İsrailin təzyiqləri artdıqca İran-Livan münasibətləri də gərginləşir. Livan hökuməti İsraillə münasibətlərin normallaşmamasında rəsmi Tehranı təqsirli bilir. Çünki İslam Respublikası bu ölkənin İsraillə həmsərhəd ərazilərində “Hizbullah” yaradıb. Onun vasitəsi ilə yəhudi dövlətinin təhlükəsizliyini daim təhdid edir.
İsrail kimi, Livan hökuməti də onun yaratdığı və günümüzədək himayə etdiyi “Hizbullah” siyasi-silahlı qruplaşmanı tərksilah olunmasını tələb edir. Bu təşkilat Tehranın Livanda qurduğu özünə oxşar “İslam Respublikası”, bir növ, dövlət içində dövlətdir.
Qəzza zolağındakı HƏMAS-la bağlı məsələnin əsas mərhələsi başa çatandan sonra rəsmi Təl-Əviv Beyrutdan “Hizbullah”ı tərksilah etməyə çağırmışdı. Ancaq bu silahlı qruplaşma rəsmi ordudan güclü olduğu üçün Livan hökuməti əlavə vasitələrə əl atır.
İsrail və Livan hökumətləri arasında münasibətlərin normallaşması istiqamətində danışıqlar da keçirilir.
Belə görünür, yəhudi dövlətinin müdafiə qüvvələri “Hizbullah”ın hərbi yolla tərksilah edilməsi taktikasını seçib. İsrail zərbələri və blokadası Livanın cənubunda iqtisadi çöküşü və miqrasiya təzyiqini gücləndirir. Atəşlər, məhdudiyyətlər və kənd təsərrüfatının məhv edilməsi sakinləri köçməyə məcbur edir.
İsrail ordusunun atəşkəs sazişinin bağlanmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, Livanın cənubundakı sərhədyanı yaşayış məntəqələrinə davam edən hücumları regionda miqrasiya təzyiqini gücləndirir, gəlir mənbələrini məhv edir və yerli iqtisadiyyatı çöküş həddinə gətirir.
Təmas xəttinə yaxın yerləşən Livanın cənubundakı sərhədyanı rayonlar hücumlar və atəşkəs rejiminin pozulması səbəbindən tədricən həyatın praktiki olaraq qeyri-mümkün olduğu zonalara çevrilir. İndiki böhranın başlanğıcı 2023-cü ilin oktyabrında İsrailin Livana qarşı hərbi əməliyyatlara başlaması ilə qoyulub.
Atəşlər cənub yaşayış məntəqələrində genişmiqyaslı dağıntılara səbəb oldu və on minlərlə insanı evlərini tərk etməyə məcbur edib. Zərər çəkmiş rayonlarda infrastruktur əhəmiyyətli dərəcədə dağıdılıb, kənd təsərrüfatı və heyvandarlıq isə praktiki olaraq dayanıb.
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) bu il fevralın 2-də İsrail təyyarələrinin ölkənin cənubunda kimyəvi maddələr səpdiyini bildirib.
Yerli sakinlər iddia edir ki, İsraillə sərhədyanı yaşayış məntəqələri faktiki blokada altındadır. Kifayət qədər dövlət dəstəyinin olmaması da insanları son qərar olaraq köçməyə sövq edə bilər.
Sərhədyanı rayonların sakinləri vəziyyətin son dərəcə ağır olduğunu bildiriblər. Bu, Livan iqtisadiyyatının iflicinə gətirib çıxara bilər.
Regionun sakinləri qeyri-müəyyənlik şəraitində yaşayır. Onlar mövcud vəziyyətin həllini gözləyirlər.
Ona görə də “Hizbullah”ın bölgədə mövcudluğu yerli sakinlərin sosial-mədəni, iqtisadi vəziyyətini ağırlaşdırır. Onlar Livan sakinlərini Tehranın ideoloji sisteminin girovuna çeviriblər. Çünki Tehran Livandakı “Hizbullah” qruplaşmasından İsrailə qarşı təzyiq vasitəsi olaraq istifadə edəcəyinə hələ ümidvardır.
Bir müddət əvvəl İsrail hərbi qüvvələri Livanın cənubunda bir neçə rayonda "Hizbullah"a məxsus infrastruktura, o cümlədən silahlı qruplaşmanın “Radvan” qüvvələri tərəfindən istifadə olunan “təlim kompleksi” adlandırdıqları obyektə hücum etdiklərini açıqlamışdılar.
İsrail ordusu bildirib ki, hücuma məruz qalan obyektlər İsrail dövlətinə qarşı hücumlar həyata keçirmək üçün hərbi hazırlıq keçirmişlər: “Bu da İsrail və Livan arasındakı razılaşmaların pozulmasıdır”. Habelə rəsmi Təl-Əviv bunu yəhudi dövləti üçün təhdid hesab etdiyini vurğulayıb.
Livanla İsrail arasında anlaşma ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə sülh planı çərçivəsində danışıqların genişləndirilməsi ilə bağlı aylardır davam edən istəyinə doğru atılan bir addım sayılır.
Livan hökuməti İsrail və ABŞ ilə əməkdaşlığa üstünlük verdiyi halda, “Hizbullah” əlini İranın əlindən buraxmır, yaxud əksinə proses baş vermir.
İran milli təhlükəsizlik şurasının katibi Əli Laricani bu vəzifəyə təyin olunandan sonra ilk rəsmi səfərlərindən birini Beyruta etmişdi. O, diplomatik məsləhətləşmələri davam etdirmək məqsədi ilə Livanın baş naziri Navaf Salam, ölkə parlamentinin sədri Nabih Berri ilə görüşmüşdü. Səfəri çərçivəsində Laricani qruplaşmanın komandirinin və bir qrup döyüşçüsünün öldürülməsinə həsr olunmuş rəsmi mərasimdə iştirak etmiş, Beyrut Beynəlxalq Hava Limanına gedən yolda Şeyx Nəsrullahın məzarını ziyarət etmişdi.
Yeri gəlmişkən, “Hizbullah” 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumuna qoşulmuşdu.
2024-cü ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan atəşkəs razılaşmasına gəlmişdi. Bu isə İsrail və "Hizbullah" arasında bir ildən çox davam edən münaqişəyə son qoymuşdu. O vaxtdan bəri hər iki tərəf bir-birini atəşkəsi pozmaqda günahlandırır.
Atəşkəs rejimi ilə bağlı razılaşmaya baxmayaraq, İsrail qüvvələrini Livanın cənubundakı beş rayonda saxladı. Rəsmi Təl-Əviv hücumlarının hədəflərinin “Hizbullah” qruplaşması olduğunu bildirir.
"Hizbullah" da daxil olmaqla bütün silahlı qruplaşmaların tərksilah edilməsini əhatə edən plan Livan hökuməti tərəfindən təsdiqlənsə də, tam tərksilah hələ də baş tutmayıb. Qruplaşma liderləri müqaviməti davam etdirəcəklərini bildirirlər. Tehran da onların bu mövqeyini dəstəkləyir.
Yerli informasiya vasitələri iddia edib ki, Livanın hökuməti son müharibədən sonra “Hizbullah”ın fəaliyyətini məhdudlaşdırmaq və zəiflətmək üçün yaranmış imkanı əldən verib. Rəsmi Təl-Əvivin qənaətincə, bu, qruplaşmanın tərksilah edilməsi yolunda mühüm addım ola bilərdi.
Tehran hakimiyyətinin də ona hələ də yardımlar etdiyi ehtimal olunur. “Hizbullah” bu günlərdə ABŞ ilə müharibə olacağı halda İranın dəstəyi üçün əhatəli müharibəyə hazır olduğunu bəyan edib
“Hizbullah” dünya üzrə tərəfdarlarını İranın müdafiəsi üçün "əhatəli müharibəyə" hazırlaşmağa çağırıb. Təşkilat xəbərdarlıq edib ki, Tehrana qarşı mümkün silahlı münaqişə asan olmayacaq və rəqiblər üçün ciddi itkilərlə nəticələnəcək.
Bu günlərdə Qətərin Livanın energetika sistemi və ordu quruculuğu üçün 434 milyon dollar ayırdığına dair məlumat yayılıb.
Bildirilib ki, son aylarda İslam Respublikası “Hizbullah”ın hərbi potensialının bərpası və gücləndirilməsi üçün müxtəlif yollarla yüz milyonlarla dollar ayırıb.
Bu yardıma yaralıların və əlillərin müalicəsi, qüvvələrin təlimi və reabilitasiyasının dəstəklənməsi, həmçinin "Hizbullah" üzvlərinə və ölənlərin ailələrinə əməkhaqqı ödənişləri daxildir.
İsrail rəsmiləri bildirib ki, “Hizbullah” Livan ordusuna sızmağı və öz elementlərini onun strukturuna daxil etməyi bacarıb. Onların sözlərinə görə, onlar bununla rəsmi siyasətə təsir göstərib, yeni hökumətə təzyiq edərək, onu Qərbin “gözündən salmağa” nail olublar.
“Walla News” bildirib ki, Livan ordusu "Hizbullah"ın fəaliyyətini demək olar ki, nəzarət altında saxlaya bilmir, çünki təşkilatın qüvvələri hələ də yerlərdə aktivdir.
ABŞ-nin Livandakı səfiri Maykl İssa bildirib ki, İsrail ABŞ-nin razılığı olmadan özünü müdafiə etmək hüququna malikdir və Vaşinqton “Hizbullah” terror qrupunun tərksilah edilməsi barədə qərarın yerinə yetirilməsi üçün Beyruta təzyiq göstərir.
Onun sözlərinə görə, ABŞ Livan hökumətinin “Hizbullah”ın tərksilah olunması barədə tarixi qərarı həyata keçirməsində israr edir.
“Hizbullah”la bağlı problem həll olunmadığından İranla Livan arasında münasibətlərdə də soyuqluq yaranıb. Livanın aparıcı siyasi təşkilatı, “Hizbullah”ın müttəfiqi, parlamentin sədr, 1980-ci ildən “Amal” hərəkatının başçısı Nəbih Berri İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xameneidən “Hizbullah”ın dronlarını və dəqiq idarə olunan raketlərini Livan ordusuna təhvil verməsi ilə bağlı fətva verməsini istəmişdi.
O, Tehrandan üç məsələnin həllini istəyib: İranla İsrail arasında gələcək mümkün qarşıdurmadan Livanın uzaq tutulması, Tehranın Vaşinqtonla danışıqlarında Livandan vasitə və ya təzyiq kimi istifadə olunmaması, son müharibədən sonra evlərini, işlərini və gəlir mənbələrini itirən on minlərlə livanlıya təcili yardım edilməsi. Tehran Berrinin ilk iki tələbinə cavab verməyib, yalnız üçüncü tələbi qəbul etmişdi.
Livanın xarici işlər naziri Yusef Raci isə İrana səfər dəvətini rədd etdiyini bildirmişdi. O, İranla danışıqları neytral ölkələrdən birində qarşılıqlı razılaşma əsasında keçirməyi təklif etmişdi. Yusef Raci İrana səfər etməməsini səbəbinin “cari vəziyyət”lə əlaqələndirib. Nazir onu da qeyd etmişdi ki, bu addım İranla dialoqun olmayacağı mənasını vermir.
Beləliklə, İran Livandakı ərazisini, “Hizbullah”ın nəzarəti altında olan bölgəni, İsrailə birbaşa hərbi təsir və təzyiq vasitəsi kimi istifadə etmək imkanından məhrum ola bilər. Bu isə Tehran hakimiyyətinin regionda daha bir dayağını itirməsi, geri daha bir addım atması deməkdir.