Müharibədən sonrakı müharibəyə hazırlıq
Tehran rejimi mövcud idarəetməni qorumaq üçün nələrə əl atacaq?
19 Aprel 2026
İnad, hikkə, kin və nifrətlə idarəetmə iqtisadiyyatın çökməsi ilə yanaşı, sosial vəziyyəti də ağırlaşdırır, dövlətin tənəzzülünə, bəzi hallarda hətta parçalanmasına belə səbəb olur.
İkinci dünya müharibəsi zamanı Adolf Hitler 1945-ci ilin aprelinədək elə zənn edib ki, əks-hücuma keçərək, “düşməni” geri otuzduracaqlar. Ancaq onun hikkəsi Almaniyanın parçalanması, ölkə iqtisadiyyatının çöküb, dağılması ilə nəticələndi. AFR ABŞ-nin yardımı ilə 10 il müddətinə bərpa oluna bildi, lakin yaralar bu günədək sağalmır. Almaniya tarixində bu, qara ləkə olaraq, əbədi xatırlanacaq.
1950-ci illərin ortalarında Qərbi Almaniya artıq bərpa olunmuş, 1960-cı illərin əvvəlində isə Avropanın aparıcı iqtisadiyyatına malik olmuşdu. SSRİ-nin nəzarəti altında olan Şərqi Almaniyanın (ADR) bərpası isə çox ləng getdi.
ABŞ və İsrailin İrana qarşı ötən ilki 12 günlük və bu ilki 40 günlük hərbi əməliyyatlar ölkə iqtisadiyyatını iflic hala salıb. Müxtəlif hesablamalara əsasən, bu kampaniyada İslam Respublikasına 270 milyard dollar ziyan dəyib.
Müharibəyədək ölkə iqtisadiyyatı çox ağır vəziyyətdə idi. İnflyasiyanın artması, sosial, mədəni problemlər, işsizlik və s. onsuz da Tehran hakimiyyəti üçün ciddi, həllini gözləyən məsələlər idi.
Rəsmi məlumatlara görə, hazırda inflyasiyanın səviyyəsi 180 faizə çatıb. Hakimiyyət milli valyutanın dollardan yeddi dəfə ucuz denominasiyasını həyata keçirsə də, rial ucuzlaşmaqda davam edir.
Tehran hakimiyyətinin Hörmüz boğazını bağlaması isə başqa tərəfdən ölkə iqtisadiyyatını fəlakətə sürükləyir.
İran əsilli amerikalı analitik Miad Malikinin təhlillərinə əsasan, ABŞ-nin Hörmüz boğazının blokadası İran iqtisadiyyatı üçün gündə təxminən 276 milyon dollar ixrac və gündə 159 milyon dollar idxal itkisinə səbəb ola bilər. Ümumilikdə isə belə bir blokada İslam Respublikası üçün gündə 435 milyon dollar və ya ayda təxminən 13 milyard dollar iqtisadi itki deməkdir.
İranın illik 109,7 milyard dollarlıq ticarətinin 90%-dən çoxu körfəzdən keçir. Neft və qaz hökumətin ixrac gəlirlərinin təxminən 80%-ni və ümumi daxili məhsulun 23,7%-ni təşkil edir. Təkcə Xark adası ildə təxminən 53 milyard dollar gəlir gətirir. Bu, həm də ildə təxminən 78 milyard dollar enerji gəliri deməkdir.
Məlumata görə, İran gündə təxminən 1,5 milyon barel neft ixrac edirdi. Müharibə dövrü qiymətləri ilə gündə təxminən 139 milyon dollar (bir barel üçün təxminən 87 dollar) qazanırdı. Ancaq bank sanksiyaları səbəbindən bu gəlirin yalnız kiçik bir hissəsi ölkəyə qayıdırdı. Blokada bu gəliri, demək olar ki, bir gecədə sıfıra endirəcək. Neft ixracının 92 faizini idarə edən Xark adası Fars körfəzinin dərinliyində yerləşir və praktik alternativi yoxdur. Bu o deməkdir ki, hər gün 139 milyon dollar itirilir.
ABŞ-nin Hörmüzü blokadaya alması İslam Respublikası iqtisadiyyatını çökdürə bilər.
Bu ziyanı da müharibə nəticəsində dəyən ziyana əlavə edilsə, o zaman mənzərə daha acınacaqlı olar.
AFR ABŞ-yə, ADR isə SSRİ-yə arxayın idi, yaxud onların sponsoru Vaşinqton və Moskva sayılırdı. Çünki parçalanmış Almaniyanın dirçəlməsi daha siyasi-ideoloji mahiyyət daşıyırdı.
O zaman İranın dağılan, çökülən, çökməkdə olan iqtisadiyyatının bərpasına kim və niyə yardım edəcək? Bu sırada daha çox Çinin adı hallana bilər. Ancaq rəsmi Pekinin İslam Respublikasına Vaşinqtonun və Moskvanın AFR və ADR-yə yanaşdığı kimi yanaşmayacağı sirr deyil.
Onsuz da 2021-ci il martın 27-də İranla Çin arasında münasibətlərin gələcək inkişafı üçün 25 illik 400 milyard dollarlıq strateji tərəfdaşlıq müqaviləsi imzalanıb
Məlumata görə, müqaviləyə əsasən, Çinə İran ərazisində 5 000 çinli əsgəri yerləşdirmək və İran neftini endirimli qiymətə almağa icazə verir. Halbuki İran konstitusiyasının 146-cı maddəsinə əsasən, dinc məqsədlər üçün belə, İran torpaqlarında xarici hərbi bazaların olması qadağandır.
Deməli, perspektivdə Çin İranı bütün istiqamətlərdə “işğal” edə bilər. Bu, Ştatların və sovetlərin parçalanmış Almaniyaya münasibətindən daha ağır, təhqiredicidir. Yeri gəlmişkən, ÇXR-nin inzibati strukturu rəsmi olaraq 34 əyalət səviyyəli inzibati vahiddən, o cümlədən 23 əyalət, beş muxtar rayon, dörd mərkəzi tabeli şəhər və iki xüsusi inzibati rayondan ibarətdir. Quandun əhalisi ən çox olan əyalətdir. 2020-2025-ci ilin siyahıya alınmasına əsasən, onun əhalisi 126-127 milyon nəfərdir.
Bu baxımdan, İran ÇXR-in himayəsi altında keçsə, de-fakto 85 milyon əhali ilə 35-ci əyalət ola bilər.
Ancaq bunlar sonra baş verəcəyi ehtimal olunan hallardır.
Çünki İslam Respublikası ilə ABŞ əbədi düşmən vəziyyətdə qalmayacaq. Bu qarşıdurma gec-tez bitəcək. İranın postmüharibə dövrünün daha acınacaqlı olacağı istisna edilmir.
ABŞ və İsraillə müharibədə İran tərəfi 3300 nəfər canlı qüvvə itirdiyini bildirir. Ancaq onların sayının göstəriləndən daha çox olduğu da iddia olunur.
Müharibədən əvvəl İranda etiraz aksiyası keçirilmişdi. 2025-ci il dekabrın 28-dən 2026-cı il yanvarın ortalarınadək sosial tələblərlə keçirilmiş nümayiş və yürüşlərin tələbləri təmin olunmayıb.
Odur ki, İslam Respublikasını post-müharibə dövründə gözləyən problemləri aşağıdakı kimi sadalamaq olar:
-yaşayış səviyyəsinin yaxşılaşdırılması;
-əmək haqlarının atırılması;
-siyasi, ictimai azadlıqların təmin olunması;
-milli-mədəni hüquqların təmini;
-müharibə nəticəsində vətəndaşların mülkünə dəyən ziyanın ödənilməsi;
-müharibə nəticəsində ölən hərbçiləri, rəsmi şəxslərin və mülkü vətəndaşların ailələrinə kompensasiyanın, təqaüdün verilməsi;
-hərbi sənaye kompleksinə aid dağılan obyektlərin bərpası;
-hərbi və mülki kadrların yenidən komplektləşdirilməsi;
-yeni ali rəhbərin (səlahiyyətini icra edə bilsə) təbliğatı;
-ölkənin əvvəlki kimi idarə olunmasına cəhdlər;
-hakimiyyətlə cəmiyyət arasında uçurumun aradan qaldırılması;
-proksi qüvvələrin maliyyə və başqa istiqamətlərdə təchizatı;
-tərəfdarlarının rəğbətinin yenidən qazanılması və s.
Ötən illərdə, xüsusi ilə 2022-ci ilin payızında başlamış və 2025-ci ilin əvvəlinədək davam etmiş rejimin hicab qaydalarına, 2025-ci ilin dekabrından 2026-cı ilin yanvarın ortalarındək davam etmiş etiraz aksiyalarının tələblərinə əməl etməkdə Tehran hakimiyyəti acizlik göstərirdi. O, çıxış yolunu dinc nümayişləri silah, dəyənək və zor gücü ilə dağıtmaqda görmüşdü. Ancaq həmin aksiyaların tələbləri indiyədək yerinə yetirilməyib. Bu baxımdan, zənn etmək olar ki, İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları Tehran üçün saman çöpü, yaxud göydəndüşmə oldu. Ona görə İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) müharibədən əvvəlki hadisələrə qayıtmamaq üçün daha çox müharibəyə diqqəti yönəldir. Müxalif düşüncəli qüvvələri həbs, təqib, edam edir. Bununla da müharibədən sonrakı potensial etirazçıları müharibənin gedişində “casus” kimi ittihamlarla ya həbs edir, ya da dar ağacından asır. Bununla da cəmiyyətdə gələcək üçün İslam Respublikası xofunu yaşadır.
ABŞ ilə müharibəni bitirmək istəməməsinin səbəblərindən biri də rejimin aqibəti ilə bağlı narahatlıqdır. Düzdür, bu məsələ danışıqlar mövzusu deyil. Olsa belə açıqlanmır. Ancaq Tehranın başlıca məqsədi hakimiyyətin müharibədən sonrakı dövrdə qorunmasıdır. Belə ehtimal etmək olar ki, İran hakimiyyəti ABŞ-nin onu dəyişməyəcəyinə dair öhdəlik götürməsini də istəyir. Bu baxımdan, nüvə proqramı, yaxud 60 faizdən çox zənginləşdirimiş uran təhdidləri Tehranın əlində İslam Respublikası idarəetmə üsulunu qorumaq üçün çəkindiricilik alətidir.
Vaxtı ilə Almaniya Avropanı, sovetlərin bir hissəsini işğal etmişdi. İran hakimiyyəti də HƏMAS vasitəsi ilə Qəzza zolağını, Hizbullahla Livanın cənubunu de-fakto idarə edir, Bəşər Əsəd rejimi ilə Suriyaya, “Həşd-e-Şəbi” qüvvələri ilə İraqa təsir etmək imkanı əldə etmişdi. İndi bu ərazilər demək olar ki, Tehranın nəzarətindən çıxır. Yəməndə husi qiyamçıları, bir də İran ərazisi hazırda onun nəzarətindədir. Ancaq Adolf Hitler Almaniyanı bunkerdən idarə etməyə başlamaqla həm də III Reyxin süqutunu nümayiş etdirdi.
Düzdür, Tehran hakimiyyəti ilə Reyx arasında fərq çoxdur. Ancaq müharibə, onun nəticələri, özündən güclü tərəfə hikkə ilə yanaşmaq, özündən razılıq kimi meyarlarda oxşarlıqları az deyil.
Bu baxımdan, post münaqişə dövründə İslam Respublikasının bir neçə yolu var: cəmiyyətin tələblərinə əsasən yenilənmək, yeni qüvvələrin hakimiyyətə gəlişi, ya da çöküş.
Qurtuluş üçün hələ başqa yol görünmür. Xomeyni vaxtı ilə İslam Respublikası üçün “üçüncü yol” təklif etmişdi. Ancaq 47 il ərzində Tehran o yolu heç tapmadı ki, getsin də...