İran kimin hesabına dayanır?
Çinin və Rusiyanın dəstəyi, qanunsuz maliyyə sxemləri, qərbdəki emissarlar...
21 May 2026
Təzyiqlər, sanksiyalar, gərginlik davam edərsə, İran iqtisadiyyatının çökşü qaçılmazdır. Bu isə mövcud hakimiyyət üçün fəlakət ola bilər.
İslam Respublikası Statistika Mərkəzinin məlumatına əsasən, ölkədə illik inflyasiya kəskin şəkildə yüksəlib. Gündəlik tələbat, xüsusən ərzaq məhsullarının qiymətində böyük artım qeydə alınıb. Məlumata görə, əridilmiş bərk bitki yağı keçən ilin aprel ayı ilə müqayisədə 375% bahalaşıb. Bu, qida məhsullarının qiymətində qeydə alınan ən böyük artım sayılır. Duru bitki yağının qiyməti 308%, idxal edilən düyünün qiyməti isə 209% bahalaşıb.
Nəzərə almaq lazımdır ki, İran əhalisi bir sıra ölkələrlə müqayisədə daha çox düyü istehlak edir. Məlumatlara əsasən, ötən il ölkədə illik düyü istehlakı təxminən 3 milyon ton olub. Hesabat dövründə adambaşına illik düyü istehlakə təxminən 35 kq qiymətləndirilir. Daxili istehsal ehtiyacların böyük hissəsini ödəyir. Ölkə üzrə ildə təxminən 2,2–2,6 milyon ton düyü, çəltik istehsal olunur. Qalan hissə isə idxal edilir. Başqa sözlə, ölkədə ehtiyacların təxminən 85% təmin edilir. Bu dənli bitki əsasən şimal əyalətlərində, Gilan, Mazandaranda əkilir.
İranda ildə 30-32 milyon ton taxıl istehlak olunur. 14 milyon tonla əsas pay buğdaya düşür. Sonra arpa və düyü gəlir. İran daxili bazarın tələbatını ödəmək məqsədi ilə onu fəal şəkildə idxal edir. Ən çox taxıl Rusiyadan idxal olunur. İranın özündə taxıl istehsalı vaxtaşırı olaraq azalır. 2024-cü ildə taxıl istehsalı təqribən 24,5 milyon ton təşkil edib. 2024-cü ilin avqust ayında adambaşına taxıl istehlakı 8–10 kq təşkil edib.
Bu ilin martında taxılın aylıq bir tonu 283 dollar olub. Martın əvvəlində isə bu rəqəm 238 dollar təşkil edirdi.
Rəsmi olmayan məlumatlara əsasən, ölkədə un və un məmulatlarının qiyməti günü-gündən artır.
Ən az artım isə kərə yağı (48%), quru süd (71%) və makaronda (75%) olub.
Məlumatlara əsasən, Tehran 80 milyon litr yanacaq itirib. Əyalət valisi Məhəmmədsadiq Mütəmadian bildirib ki, ilin əvvəlində yanacaq saxlama çənlərinin məhv edilməsi nəticəsində 80 milyon litrədək yanacaq itirilib. Tehran əyaləti hökumətinin başçısı su, elektrik, qaz və yanacaq istehlakına qənaət edilməsi üçün ictimai iştirakın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, fərdi nəqliyyatdan istifadənin azalması və ictimai nəqliyyata üstünlük verilməsi səbəbindən yanacaq istehlakı təxminən 50 faiz azalıb.
İran neftinin nəqlində də problem yaşanır. Bildirilib ki, ABŞ ordusunun həyata keçirdiyi “sürətli ələ keçirmə” əməliyyatından sonra təxminən 1,05 milyard dollar dəyərində İran nefti daşıyan tankerlər və yüklər İslam Respublikasının limanlarına geri qaytarılıb.
Bir neçə gün öncə yayılmış məlumata görə, ABŞ Sahil Mühafizəsi Hind okeanında təxminən 380 milyon dollar dəyərində neft yükünü ələ keçirib. Həmin yükün Ştatlara göndərildiyi ehtimal olunur.
Qiymətlərin bahalaşması ilə yanaşı, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranın üç valyuta şirkətini və əlaqəli qurumları “İqtisadi qəzəb” proqramı çərçivəsində qara siyahıya daxil edib.
İdarənin yaydığı açıqlamada bildirilib ki, sanksiyalar İran neftinin Çin yuanı ilə satışından əldə edilən gəlirlərin İran ordusu və tərəfdaşları tərəfindən istifadə üçün daha əlverişli valyutalara çevrilməsində əsas rol oynayan valyuta mübadiləsi məntəqələrini hədəf alıb.
Bütün bu kimi təzyiqlərə baxmayaraq İran iqtisadiyyatını ayaqda saxlayan nədir?
Tehranın sanksiyalardan yayınmaq, onun təsirinin azaltmaq üçün müxtəlif qanuni və qanunsuz yollardan istifadə etdiyinə dair məlumatlar yayılır.
Hələ 2006-2008-ci illərdə İran Avropa banklarından 75 milyard dollar məbləğində maliyyə vəsaitini çıxarıb. 2018-ci ildə isə Almaniyada 300 milyon avronu nağdlaşdıraraq çıxarıb.
Ehtimal ki, bunlar hələ məlum olan faktlardır. Onların sayının daha çox olduğu istisna edilmir. Elə Babək Zəncani və Rza Zərrabinin “maliyyə əməliyyatlarını” da xatırlamaq yerinə düşər.
Babək Zəncaninin İran hakimiyyəti ilə “əməliyyatlar”ə 2010-cu ildə İnqilab Keşikçiləri Qvardiyasının əsas qoşunu sayılan “Xatəm-ül-Ənbiya”nın ona müraciət etməsilə başlayıb. O, öz bankı vasitəsilə 40 milyon dollar pulu xaricə çıxarır. Həmin vaxtdan sonra da dövlət təşkilatları Zəncaniyə “sifariş” etməyə başlayır. Etirafına görə, bu işi bir neçə gün içində həll edib: “Mində 7 komissiya ilə pul transferləri bir milyard dolları aşır”. Bununla da Tehran hakimiyyəti ilə işgüzar əlaqələrə yollar açılır. İş o yerə çatır ki, Zəncani İran hökuməti kabinetinin yığıncaqlarına qatılıb. Neft naziri Rüstəm Qaseminin işləri onunla birlikdə icra etdiyi da deyilirdi. Zəncani Tacikistanda, Ərəb Əmirliyində, Malaziyada, Çində iş qurur. İranda "Qeshm Air" hava şirkətinə, eləcə də "Sorinet Group"a (holdinq kosmetika, infrastruktur, bank, otelçilik, kommersiya aviasiya, tikinti materialları, məlumat texnologiyaları və beynəlxalq əmlakın inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərir), "Rah Ahan" Tehran futbol klubuna, Malaziyada "First İslamic Bankına", "International Safe Oil"ə, Ərəb Əmirliklərində Sorinet "Commercial Trust Bankers"ə, Tacikistanda "Kont Building" şirkətinə sahiblənmişdi. .
Qeyd edək ki, "Kont Building" şirkətinə "Kont Bank investment" bankı, Düşənbə avtovağzalı olan "Asian Express Terminal"ı, "Asian Express Airline" hava şirkəti, "Kont tourism Tajikistan" daxildir. Bundan əlavə, şirkət Tacikistanda "Mərkəzi savdo" hipermarketləri tikməyə başlayıb. Ərazisi 3 hektar olan layihəyə 30 milyon dollar investisiya qoyduğu bildirilir.
İddialara görə, Zəncani əlindəki bütün vasitələrdən sanksiya altındakı İran neftini xaricə satmaq üçün yararlanıb. Belə ki, o, Dubay, Türkiyə və Malayziyadakı 64 şirkətdən ibarət olan “hörümçək toru”undan yararlanaraq, milyonlarla barrel İran neftini xaricə, o cümlədən Sinqapur, Malayziya, Hindistana satıb. Əldə edilən gəlir Zəncaniyə məxsus, Malayziyada fəaliyyət göstərən "First İslamic Bank"ı üzərindən leqallaşdırılıb. Bütün bunlar ABŞ və Avropa İttifaqı İslam Respublikasına sanksiyalar tətbiq edərək, İranı çökdürəcəklərini düşündükləri zamanda baş verirdi.
Babək Zəncani deyib: “İran Mərkəzi Bankı pulsuz qalmışdı. Məndən neft pulunu İrana gətirməyimi, bununla da sistemin həmin maliyyə vəsaitini istifadəsini mümkünləşdirməyi istədilər. İşim sanksiyaya qarşı əməliyyatlar idi”.
Bu, ictimaiyyətə məlum olan hadisələrdən biridir. Sonralar İran hakimiyyəti Babək Zəncanidən milyardlarla dollar məbləğində “oğurlanmış” maliyyə vəsaitini tələb etdi. Buna görə “iş adamı” barəsində məhkəmə də qurulmuşdu. Onun barəsində ölüm hökmü çıxarıldı. Sonradan cəza 20 illik həbslə əvəzlənib.
“National Interest”in məlumatına əsasən, İran liderləri milyardlarla vəsaiti ofşor şəbəkələrdə gizlədir. Bildirilib ki, Tehran hakimiyyətinin gəlirləri gizlətmək və beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə mürəkkəb maliyyə sxemlərindən istifadə edir. Məlumata əsasən, bu sxemlər neft gəlirləri də daxil olmaqla çoxmilyardlı pul axınlarını əhatə edir və həmin vəsaitlər İranın xarici siyasətinə, həmçinin hərbi proqramlarına yönəldilir.
Nəşrin yazdığına görə, İran rəsmiləri müxtəlif ölkələrdə yurisdiksiya dəyişikliklərindən, ofşor şirkətlərindən istifadə etməklə maliyyə əməliyyatlarının izini itirməyə çalışırlar. Məqalədə bu fəaliyyətlər “çirkli pulların yuyulması üzrə master-klass” kimi xarakterizə olunub.
Son zamanlar İran hakimiyyətinin yuxarı eşelonunda təmsil olunan məmurların qohumlarının, övladlarının ABŞ və Avropa ölkələrində saxlanıldığı və oradan deportasiya olunduğuna dair məlumatlar yayılır.
ABŞ-də İranın Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın oğlu həbs edilib. Məlumata görə, onun oğlu İsa Haşeminin daimi yaşayış icazəsi (“Green card”) ləğv edilib və o, həbs olunub. ABŞ Dövlət Departamentinin məsələ ilə bağlı açıqlamasında bildirilib ki, Haşeminin həyat yoldaşı və oğlu da saxlanılıb. Həmin şəxslər ABŞ-yə 2014-cü ildə gəlib, 2016-cı ildə isə “Green card” qazanıblar.
Bundan başqa, İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Qüds qoşunlarının keçmiş komandanı, general Qasım Süleymanin yaxın qohumları da ABŞ-də saxlanılaraq, deportasiya olunublar.
İranın milli təhlükəsizlik və müdafiə şuralarının katibi olmuş, ABŞ-nin hücumları nəticəsində ölmüş Əli Laricaninin oğlu və qızının da ABŞ-də yaşadığı bildirildi.
Son aylarda belə məlumatların sayı artır.
Ehtimal etmək olar ki, onlar ABŞ-də yaşayaraq, həm də ölkələrinə sanksiyadan yayınmaq üçün müxtəlif qanunsuz addımlarla yardım ediblər. Bu baxımdan, İran rəsmilərinin övladları ABŞ-də İslam Respublikasının gizli amilləri rolunda çıxış ediblər. İran vətəndaşları ABŞ-də qeyri-hökumət təşkilatları, xeyriyyə cəmiyyətləri adı altında İslam Respublikasının mənafeyini müdafiə ediblər. Bunu onlarla bağlı qurulmuş məhkəmələr təsdiqləyib.
İranın əsas dayağının Çin olduğuna şübhə yoxdur. Bu qənaət ABŞ-İsrail tandemi ilə İran arasında fevralın 28-də başlamış, hazırda atəşkəs rejimində olan hərbi münaqişə zamanı bir daha təsdiqlənib.
Odur ki, İran iqtisadiyyatının çökməsinin qarşısını alan başlıca amil ÇXR-dir. O, İranla bütün istiqamətlərdə ticarət əlaqəsi saxlamaqdadır.
İslam Respublikasının digər tərəfdaşı isə hələ də Rusiyadır.
“The New York Times” qəzetinin yazdığına əsasən, RF Xəzər dənizi vasitəsilə İrana zəruri mallar və silahlar göndərir: “Rusiya ABŞ hücumları qarşısında Tehranı dəstəkləməyə davam edərək Xəzər dənizindən hərbi və kommersiya təchizatı üçün istifadə edir”.
Qəzetin iddiasına əsasən, Xəzər dənizi sanksiyalardan və ABŞ-nin Hörmüz boğazındakı dəniz blokadasından yayınmaq üçün İrana həyati əhəmiyyətli bir dəhlizə çevrilib.
ABŞ rəsmiləri bildirib ki, Rusiya bu marşrut vasitəsilə dronlar üçün komponentlər tədarük edir: “Əvvəllər beynəlxalq kanallarla gələn buğda, qarğıdalı və bitki yağı kimi vacib mallar müharibə şəraitində ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün Xəzər dənizindəki fəaliyyətdə olan İranın 4 limanı vasitəsilə daşınır”.
Son günlər Donald Trampın köməkçilərinə İran iqtisadiyyatını zəiflətmək məqsədi ilə ölkəyə qarşı uzunmüddətli mühasirəyə hazırlaşmaqla bağlı əmri verdiyinə dair məlumatlar yayılıb.
Son illər kölgə donanmasına qarşı ABŞ-nin apardığı mübarizə, Venesuelada Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması kimi hadisələr İran iqtisadiyyatına ciddi təsir göstərən amillər sayıla bilər.
Bununla belə, İran hakimiyyəti ölkə iqtisadiyyatının çökməsinə hələ ki, “qara bazar” hesabına imkan vermir. Ancaq Bəşər Əsədin Suriya və Səddam Hüseynin İraqdakı qanunsuz maliyyə-iqtisadi əməliyyatları bu üsulun ömrünün uzun olmadığını isbatlayıb. Bu, daha çox zənbil alverinə oxşayır. Tehran rejiminin 90 milyona yaxın əhalini bu yolla uzun müddət dolandıracağı ağlabatan deyil…