Qızıl bazarında "məzənnə yarışı": Qiymətlər hər gün dəyişir - VİDEO
08 Mart 2026
Qlobal iqtisadiyyatda baş verən dalğalanmalar yerli qızıl bazarına da təsirsiz ötüşmür.
Xəzər TV xəbər verir ki, əvvəllər qızılın qiyməti həftələrlə sabit qalırdısa, indi vəziyyət tamamilə dəyişib. Satıcılar bildirirlər ki, artıq hər gün fərqli qiymətlərlə satışa başlayırlar.
Başqa sözlə, bir gün ucuzlaşan qızıl növbəti gün yenidən bahalaşa bilir. Bu isə alıcılar üçün büdcə planlaşdırmasını çətinləşdirir.
Satıcılar qiymət artımını əsasən dünya miqyasında baş verən hərbi münaqişələr və qlobal bazarlardakı qeyri-sabitliklə əlaqələndirirlər.
Qiymət artımı ilə yanaşı, bazarda mövsümi durğunluq da müşahidə olunur. Toyların az olması və Ramazan ayı satış həcminə birbaşa təsir göstərib.
Hazırda həm satıcıların, həm də alıcıların ümidi mart ayına və qarşıdan gələn bayramlara bağlanıb. Lakin qlobal siyasi vəziyyət dəyişmədiyi təqdirdə qızıl bazarındakı qeyri-sabitliyin bir müddət də davam edəcəyi ehtimal olunur.