Paşinyan “tarixi hadisə”dən danışdı – regionda həqiqətən yeni dövr başlayır?
Ekspert: Əsl tarixi hadisə Rusiyanın 200 ildən sonra proseslərə müdaxilə imkanını itirməsidir
02 May 2026
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin qarşılıqlı səfərlərini tarixi hadisə hesab edir.
“Armenpress”in məlumatına görə, Paşinyan bunu Ermənistan hökumətinin iclasından sonra keçirilən brifinqdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Ermənistana səfərindən danışarkən bildirib.
“Çox mühüm hadisə baş verdi. Mən iki ölkənin baş nazirlərinin müavinlərinin səfərlərini institusional çərçivədə tarixi sülh prosesinin məntiqi kimi qiymətləndirirəm. Bu mərhələyə çatdığımız üçün çox şadam”, – Paşinyan bildirib.
O, vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münasibətlər daim yaxşılaşmalı, sülh isə tədricən möhkəmlənməlidir.
“Normal münasibətlər qurulmalıdır, uzunmüddətli perspektivdə isə strateji baxımdan mehriban qonşuluq münasibətlərinə nail olunmalıdır”, – baş nazir qeyd edib.
2026-cı il aprelin 29-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların 13-cü iclası keçirilib. İclas Ermənistan baş nazirinin müavini Mger Qriqoryan və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə baş tutub. Komissiyaların əvvəlki iclası da eyni həmsədrlərin iştirakı ilə Azərbaycanda keçirilmişdi.
Vaxtilə düşmən münasibətdə olan iki ölkənin baş nazirlərinin müavinlərinin qarşılıqlı səfərləri sovet dövründən sonra bu səviyyədə ilk rəsmi səfərlərdir. Yəni, Paşinyanın bu hadisəni “tarixi” adlandırması əsaslıdır. Bəs növbəti mərhələdə nə olacaq? Yaxın perspektivdə iki ölkənin birinci şəxslərinin İrəvan və Bakıya qarşılıqlı səfərlərinin şahidi ola bilərikmi?
Belə görünür ki, dünyada silahlı münaqişələrin artdığı, qlobal gərginliyin yüksəldiyi bir dövrdə məhz iki kiçik Qafqaz dövləti düşmənçiliyi aradan qaldırmağın və real qonşuluq münasibətlərinə doğru irəliləməyin mümkün olduğunu nümayiş etdirir.
Mövzu ilə bağlı Pressklub.az-a danışan müstəqil politoloq Xaqani Cəfərli bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin qarşılıqlı səfərlərini tarixi hadisə adlandırması həqiqətə uyğundur. Eyni zamanda o, bu sözlərin regionda baş verən daha genişmiqyaslı dəyişiklikləri tam əks etdirmədiyini düşünür.

“Azərbaycan və Ermənistan arasında münaqişə bu xalqların iradəsinin nəticəsi deyil. Bu qarşıdurma Moskvanın imperialist siyasəti və regionu nəzarətdə saxlamaq istəyi nəticəsində yaranıb və dərinləşib. Konstantin Zatulin və Andranik Miqranyanın Sergey Lavrovun tezisləri əsasında yazdıqları “MDB: tarixin başlanğıcı, yoxsa sonu. Mərhələlərin dəyişməsi” adlı məqalədə qeyd olunurdu ki, Rusiya postsovet məkanını öz təsir dairəsində saxlamaq üçün bütün vasitələrdən, o cümlədən münaqişələrin yaradılması və idarə olunmasından istifadə etməlidir.
Moskvada yaxşı anlayırlar ki, Rusiya Avropa və ABŞ-la müqayisədə postsovet respublikaları üçün cəlbedici deyil. Belə şəraitdə həmin ölkələrin daha cəlbedici mərkəzlərə yönəlməsinin qarşısını almaq üçün Moskva idarə olunan münaqişələr yaradır və bu yolla keçmiş müstəmləkələrin öz təsir dairəsindən çıxmasına imkan vermirdi”, – ekspert qeyd edib.
Onun fikrincə, bu baxımdan ən böyük tarixi hadisə baş nazirlərin müavinlərinin qarşılıqlı səfərləri yox, Rusiyanın regionda münaqişələr yaratmaq və ya idarə etmək imkanını itirməsidir. “Mənim qənaətimə görə, bu, son 200 ildə ilk dəfə baş verən hadisədir. Əgər Rusiya əvvəlki təsirini bərpa edə bilməsə və mane olmasa, Azərbaycan və Ermənistan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək və nəticədə normal qonşuluq münasibətləri formalaşacaq.
Lakin aydındır ki, Rusiya bununla barışmaq istəmir. Putinin uydurma “erməni soyqırımı” ilə bağlı son bəyanatı da göstərdi ki, Moskva regionda sülhə mane olmaq üçün sona qədər çalışacaq. Belə şəraitdə hər iki ölkənin siyasətçilərinin üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, hər iki dövlətdə Rusiyanın oyunlarında alətə çevrilməyə hazır olan siyasətçilər və ictimai xadimlər var. Bu qüvvələr Azərbaycanda geniş fəallıq göstərə bilməsələr də, Ermənistanda hakimiyyətə açıq şəkildə meydan oxuyurlar.
Bu səbəbdən regionda son 200 ildə ilk dəfə yaranmış tarixi vəziyyətin dayanıqlılığı böyük ölçüdə Ermənistandakı siyasi proseslərin inkişafından, xüsusilə də qarşıdan gələn parlament seçkilərinin nəticələrindən asılıdır”, – Cəfərli hesab edir.
Rauf Orucov