İranlı deputat: "Hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirərik"
13 May 2026
İranlı deputat ölkəsinin yenidən hücuma məruz qalacağı təqdirdə Tehranın uranı 90 faizə qədər zənginləşdirə biləcəyini bəyan edib. Bu səviyyə birbaşa nüvə silahı istehsalı üçün kifayət edən dərəcə hesab olunur.
Parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, mühafizəkar deputat İbrahim Rzai mayın 12-də "X" sosial şəbəkəsində yazıb ki, İran növbəti hücumlara cavab olaraq uranın zənginləşdirilməsi variantını nəzərdən keçirə bilər. O, parlamentarilərin bu imkanı yaxından araşdıracağını da əlavə edib.
ABŞ prezidenti Donald Tramp isə mayın 11-də verdiyi açıqlamada Vaşinqtonla Tehran arasındakı mövcud atəşkəsi süni nəfəs aparatına bağlı" vəziyyətə bənzədib. Tramp daha əvvəl İranın təkliflərini rədd etdiyini bildirib. O həmçinin iddia edib ki, ABŞ və İsrailin 2025-ci ilin iyununda "12 günlük müharibə" zamanı endirdiyi zərbələr İranın nüvə obyektlərini tamamilə sıradan çıxarıb və ölkənin uran zənginləşdirmə potensialını ciddi şəkildə zəiflədib.
Buna baxmayaraq, hazırda İranın ehtiyatındakı 60 faiz zənginləşdirilmiş 400 kiloqram uranın taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Texniki baxımdan bu material silah səviyyəsi sayılan 90 faizlik həddə çox yaxındır. ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatı müsadirə və ya məhv edilmədiyi müddətcə, İranın nüvə proqramına ciddi zərbə vurmaq mümkün olmayacaq.