
Tramp, yoxsa Harris? - TƏHLİL
Noyabr seçkiləri həm dünyadakı vəziyyətdən asılıdır, həm də onu müəyyən edəcək
29 İyul 2024
Cozef Baydenin prezidentlik uğrunda mübarizədən çəkilməsi və vitse-prezident Kamala Harrisin namizəd göstərilməsini dəstəkləməsindən sonra noyabr seçkisi ərəfəsində vəziyyət tamamilə dəyişdi. Baydenlə debatı və Ali Məhkəmənin qərarı ilə məhkəmə təqibindən qismən toxunulmazlıq qazandıqdan, eləcə də uğursuz sui-qəsddən sonra Tramp təxminən 100 gün sonra keçiriləcək seçki ərəfəsində təşəbbüsü ələ ala bilmişdi.
Ancaq 4 il əvvəl Trampın ikinci dəfə dövlət başçısı seçilməsinin qarşısını almaq üçün prezident seçkisində iştirak edən Cozef Bayden bu dəfə eyni məqsədlə seçki kampaniyasından çəkildi. Bayden bu addımı ilə təşəbbüsü Trampın əlindən ala bildi. Tramp Kamala Harrisə qalib gəlməyin daha asan olacağını bəyan etsə də, keçmiş prezidentin bu olaydan razı qalmadığı aydın görünür.
Trampı narahat edən və keçmiş prezidentin tərəfdarlarında bədbinlik yaradan məqamlar isə kifayət qədərdir. Həmin məqamlardan birincisi odur ki, son 24 il ərzində keçirilən 6 prezident seçkisinin yalnız birində, 2004-cü ildə o zaman prezident olan kiçik Corc Buş ölkə üzrə seçicilərin əksəriyyətinin səsini qazana bilmişdi. Corc Buş 62 milyondan bir qədər artıq seçicinin səsini aldığı halda, demokratların namizədi Con Kerrini cəmi 59 milyondan azacıq çox seçici dəstəkləmişdi. Halbuki, 4 il öncə kiçik Corc Buş ilk dəfə prezident seçildiyi 2000-ci il seçkilərində seçicilərin əksəriyyətinin səsini ala bilməmişdi. Demokratların namizədi, o zaman vitse-prezident olan Albert Qor 51 milyondan artıq seçicinin dəstəyini qazandığı halda, Çorc Buş ondan 543 min az seçicinin səsini almışdı.
Demokratların namizədi Barak Obama 2008-ci ildə keçirilən seçkilərdə 69.5 milyon seçicin səsini qazandığı halda, onun respublikaçı rəqibi Con Makkeyn 60 milyona yaxın seçicinin səsini qazanmışdı. Dörd il sonra keçirilən seçkidə Barak Obama 66 milyona, onun respublikaçı rəqibi Mitt Romni 61 milyona yaxın seçicinin səsini qazanmışdı. .
Trampın Ağ Evə yolunu açan 2016-cı il seçkilərində respublikaçıların namizədi 63 milyona yaxın, Demokratlar Partiyasının namizədi xanım Hillari Klinton 66 milyona yaxın seçicinin dəstəyini qazanmışdı.
Cozef Bayden 2020-ci ildə ABŞ tarixində rekord həddə - 81 milyondan artıq seçicinin səsini aldığı halda, prezident Donald Trampı yalnız 74 milyondan bir qədər çox seçici dəstəkləmişdi.
Göründüyü kimi, son 24 ildə respublikaçıların namizədləri bircə dəfə demokrat rəqiblərindən çox seçicinin səsini alıb. Qalan 5 seçkidə demokratların namizədləri daha çox seçicinin dəstəyini qazanıblar.
Son 24 ildə keçirilən prezident seçkilərinin təhlili göstərir ki, ABŞ-də birbaşa seçki sistemi olsaydı, respublikaçılar çox nadir hallarda Ağ evə sahiblənə bilərdilər. Corc Buşun 2000-ci ildə, Donald Trampın 2016-cı ildə demokrat rəqiblərindən az seçicinin səsini qazandıqları halda prezident olmaları, Trampın 2020-ci ildə Cozef Baydenlə müqayisədə 7 milyon az səs almasına baxmayaraq seçkinin nəticəsini mübahisələndirməsi ABŞ-də mövcud olan seçki sistemindən irəli gəlir. ABŞ gerçək federal dövlət olduğu və prezident dolayı seçki sistemi vasitəsilə seçildiyi üçün seçicilərin əksəriyyətinin dəstəyi yetərli deyil. Ağ ev uğrunda mübarizənin taleyini ştatlar müəyyən edir. Bu zaman isə həlledici rolu “tərəddüd edən ştatlar” oynayır. Arizona, Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Viskonsinin seçimi, sonuncu prezident seçkilərində olduğu kimi, 5 noyabrda keçiriləcək seçkidə böyük önəm kəsb edəcək. Bu ştatların, xüsusilə də Pensilvaniya, Miçiqan və Corciyanın seçimi həlledici olacaq. Bu ştatlardan ikisinə, Pensilvaniya və Miçiqana demokrat qubernatorlar rəhbərlik edir. Pensilvaniyanın qubernatoru Coş Şapiro Harrisin prezidentlik yarışında qalib gəlməsi üçün mümkün olan hər şeyi edəcəyini bəyan edib. Miçiqan qubernatoru xanım Gretxen Vitmer demokratların namizədinin qalib gəlməsi, Donald Trampın məğlub edilməsi üçün hər şeyi edəcəyini bəyan edib. Bu, Kamala Harrisə ciddi dəstək deməkdir. Trampın təkrar Ağ evə sahiblənməsinə “vəba xəstəliyinin yenidən yayılma qorxusu” kimi baxan demokratların bütün nüfuzlu təmsilçiləri xanım Harrisə dəstək ifadə ediblər. Keçmiş prezidentlər Bill Klinton və Barak Obamanın, ölkənin ən böyük və ən varlı ştatı olan Kaliforniyanın qubernatoru Qevin Nyusomun dəstəyi Kamala Harrisin mövqeyini gücləndirir.
Qeyd edək ki, Trampın inkarçılığına baxmayaraq, ABŞ iqtisadiyyatı son 24 ilin ən yaxşı günlərini yaşayır. Ölkədə işsizlik son 24 ilin ən aşağı səviyyəsindədir. ABŞ-də seçicilərin seçiminə təsir edən birinci məsələ də məhz budur. Tramp isə seçiciləri ölkədə vəziyyətin pis olduğu haqqında demaqogiyasına inandırmağa çalışır. Üstəlik, bunun səbəblərindən biri kimi də demokratların qanunsuz miqrant axını ilə bağlı siyasətini göstərir. Çox maraqlıdır ki, Trampın bu demaqogiyasına inananlar var. Belələri inanır ki, haradasa kimlərinsə vəziyyəti pisdir. Bu nə qədər inanılmaz olsa da, Amerikanın gerçəklərindən biridir.
Hamiləyin dayandırılmasına qarşı Trampın, xüsusilə də onun vitse-prezidentliyə namizədliyini irəli sürdüyü Ceyms Devid Vensin mövqeyi respublikaçıların əleyhinə işləyir. Respublikaçılar partiyasında əksəriyyət Vensi vitse-prezidentliyə uğursuz namizəd hesab edir.
Kamala Harrisinin Tramp qarşısında digər üstünlüyü ondan təxminən 20 yaş gənc olmasıdır. Sorğulara görə gənc nəsilin 60 faizi Kamala Harrisinin namizədliyini dəstəkləmək niyyətindədir. Afrika və Asiya mənşəli amerikalıların da əsas seçiminin də Kamala Harrisdən yana olacağı gözlənilir. Trampın ənənəvi elektoratı isə zavod və fabriklərin Çin, Hindistan kimi ölkələrə “köçməsi” nəticəsində iş yerlərini itirmiş, ucuz işçi qüvvəsi olan qanunsuz miqrantları iş tapmalarına ən böyük təhlükə hesab edən yetərli təhsili olmayan amerikalılardır. Çox maraqlıdır ki, bu qəbildən olan insanların uzun müddət seçimi demokratlardan yana olub. Tramp iş yerlərini, zavod və fabrikləri geri qaytarmağa vadar edəcəyini bəyan etməklə onları öz tərəfinə çəkə bilib.
ABŞ-dəki seçki sistemi və “tərəddüd edən ştatlar” amili seçkinin nəticələrini əvvəlcədən dəqiq proqnozlaşdırmağa imkan vermir. Ancaq belə görünür ki, hələlik vəziyyət Kamala Harrisin xeyrinədir. Demokratların cəbhəsində səfərbərlik və birlik olduğu halda, Respublikaçılar haqqında bunu demək çətindir. Keçmiş vitse-prezident Mayk Pens başda olmaqla, nüfuzlu respublikaçıların bir çoxu Trampı demaqoq, populist və Putinpərəst hesab edərək, onun qələbəsini istəmir.
Noyabrın 5-də keçiriləcək seçkinin nəticəsinə bundan sonra təsir edəcək bir neçə amil də var. Harris vitse-prezidentliyə namizəd olaraq Pensilvaniyanın qubernatoru Coş Şapiro kimi nüfuzlu bir şəxsi namizəd göstərsə, Bayden administrasiyası enerji daşıyıcılarının, xüsusilə də benzinin qiymətinin bahalaşmasına imkan verməsə və Ukrayna Rusiyaya qarşı müəyyən uğurlar əldə etsə, Tramp məğlubiyyətdən yaxasını qurtara bilməyəcək. Avropa dövlətlərinin, xüsusilə də Böyük Britaniyanın da Trampın hakimiyyətə qayıtmasında maraqlı olmaması Kamala Harrisin xeyrinə işləyir. Vitse-prezidentliyə uğursuz namizəd hesab olunan Vensin Böyük Britaniyanın yeni hökuməti ilə yaratdığı siyasi qalmaqal Trampın əleyhinə işləyir. Bütün bunlar 5 noyabr seçkilərinə təxminən 100 gün qaldığı bir vaxtda Kamala Harrisin öndə olduğunu göstərməsə də, daha əlverişli vəziyyətdə olduğunu söyləməyə imkan verir.
P.S. Noyabrın 5-də ABŞ-də prezident seçkiləri ilə yanaşı Senatın üçdə birinin də seçkisi keçiriləcək. Senata bu seçkilərlə bağlı məsələyə gələn yazıların birində aydınlıq gətirməyə çalışacağam.