Rusiyanın dekolonizasiyası qərarı ciddiləşir
Növbəti addım İçkeriya Çeçenistan Respublikasının tanınması ola bilər
07 İyul 2024
Şimali Amerika, Avropa və Mərkəzi Asiyada yerləşən 57 ölkəni birləşdirən, təhlükəsizlik sahəsində dünyanın ən böyük regional təsisatı olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü soyqırımı kimi tanıyan və davamlı sülhün bərqərar olması üçün Rusiyanın dekolonizasiyasının (müstəmləkəsizləşdirilməsi) zəruri şərt olduğunu qeyd edən qətnamə qəbul edib.
Bu qətnamənin önəmini qeyd etməzdən öncə Rusiyanın beynəlxalq aləmdə məhkum edilməsi ilə bağlı bir neçə hadisəni qeyd etmək lazımdır.
Şimali Atlantika Alyansı (NATO) Parlament Assambleyası 22 may 2023-cü ildə Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı olaraq, Rusiya rejimini terrorçu və “raşizm” (rus faşizmi) kimi tanıyaraq, Vladimir Putinin mühakiməsi üçün xüsusi tribunalın yaradılmasını dəstəkləyən qətnamə qəbul etdi. NATO ölkələrinin parlament nümayəndə heyətlərinin yekdilliklə səs verdikləri bu qətnamə müharibə nəticəsində Ukraynaya dəymiş zərərə görə Rusiya tərəfindən təzminat mexanizmlərinin təsis edilməsini də nəzərə tuturdu.
NATO Parlament Assambleyasının bu qətnaməni qəbul etməsindən təxminən 11 ay sonra, 2024-cü ilin aprelin 17-də Avropa Şurası Parlament Assambleyası Rusiyadakı rejimi diktatura kimi tanıyan və Rusiyanın dekolonizasiyasına, bu ölkədəki azsaylı xalqlarının müstəmləkəsizləşdirilməsinə çağıran qətnamə qəbul etdi. Qətnamədə Vladimir Putin müxalifət lideri Aleksey Navalnının ölümündə təqsirli hesab edilərək, Rusiyada şəxsi diktaturasını qurmaqda ittiham olunurdu. Rusiyanın qonşu ölkələrin demokratik seçiminə və siyasi müstəqilliyinə hörmət etmədiyini qeyd edən qətnamədə Rusiyanın yerli azsaylı xalqların məcburi ruslaşdırılmasını və assimilyasiyasını apardığı, bütün bunların qarşısının alınması və Rusiyada demokratiyanın bərqərar olması üçün dekolonizasiyanın zəruri şərt olduğu qeyd edilmişdi.
NATO və Avropa Şurası Parlament Assambleyalarının bu qətnamələri nə qədər önəmli olsa da, ATƏT Parlament Assambleyasının qətnaməsi siyasi və hüquqi əhəmiyyətinə görə müstəsna xarakter daşıyır. NATO Parlament Assambleyası siyasi-hərbi bloku, Avropa Şurası Parlament Assambleyası Avropa qitəsini təmsil etdikləri halda, ATƏT Parlament Assambleyası Şimali Amerika, Avropa və Asiyada yerləşən 57 dövləti təmsil edir. ATƏT bu coğrafiyada ən nüfuzlu beynəlxalq təşkilat olmaqla yanaşı, “soyuq müharibə” dövründə Avropada böyük müharibənin qarşısının alınmasında, münaqişələrin həllində və insan hüquqlarının müdafiəsində müstəsna rol oynadığı üçün digər təsisatlardan fərqli olaraq, çox güclü siyasi və hüquqi təsirə malikdir. Buna görə də ATƏT Parlament Assambleyasının Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü soyqırımı kimi tanıyan və davamlı sülhün bərqərar olması üçün Rusiyanın dekolonizasiyasının (müstəmləkəsizləşdirilməsi) zəruri şərt olduğunu qeyd edən qətnaməsinin önəmi digər təsisatların qərar və qətnamələri ilə müqayisə oluna bilməz. Tam əminliklə demək olar ki, ATƏT Parlament Assambleyasının bu qətnaməsi Rusiyanın dekolonizasiyasını hüquqiləşdirməklə yanaşı, onu geridönməz prosesə çevirir. Bu qətnamə, eyni zamanda, Rusiya əsarətində yaşayan bütün xalqların öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsini legitimləşdirir və təşviq edir. Bununla da Rusiyanın dekolonizasiyası uğrunda mübarizə aparan “Rusiyanın Azad Xalqlarının Forumu”nun fəaliyyəti də beynəlxalq hüquq çərçivəsinə daxil edilir. Forumun Rusiya Federasiyasında yaşayan xalqların yeganə legitim təmsilçisinə və beynəlxalq münasibətlərin subyektinə çevrilməsi prosesi bu qətnamə ilə növbəti mərhələyə keçdi.
Bundan sonra ATƏT-ə üzv ölkələr Qətnaməyə istinad edərək, Rusiya əsarətindəki xalqların öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsinə dəstək vermək üçün çox böyük imkanlar qazanır. Bu günə kimi Moskva “Rusiyanın Azad Xalqlarının Forumu”nun fəaliyyətinə dəstək verən ölkələri separatizmi dəstəkləməkdə və Rusiyanın daxili işinə qarışmaqda ittiham edirdisə, qətnamədən sonra Kremlin bu ittihamı əhəmiyyətini itirir. Rusiya əsarətində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsinə dəstək verən ölkələr Moskvanın isterik reaksiyalarına qarşı güclü dəlil əldə etdilər. Bu isə o deməkdir ki, bundan sonra ATƏT-ə üzv ölkələrin Rusiyanın dekolonizasiyasına dəstəyi yeni mərhələyə daxil olaraq, daha böyük miqyas alacaq.
Rusiyanın dekolonizasiyası ilə bağlı növbəti qərar isə İçkeriya Çeçenistan Respublikasının Rusiya tərəfindən “müvəqqəti işğal olunmuş” ərazi sayılaraq, suverenliyinin tanınması ilə bağlı ola bilər.
Qeyd edək ki, Ukrayna Ali Radası İçkeriya Çeçenistan Respublikasını Rusiya tərəfindən “müvəqqəti işğal olunmuş” sayaraq, onun suverenliyini tanıyıb. Bu hadisənin əhəmiyyəti ondan ibarətdir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin soyqırımı kimi tanınması da Ukrayna Ali Radasının iki il öncə, 14 aprel 2022-ci ildə qəbul etdiyi qərarla başlamışdı. Ukrayna Ali Radasının qərarında deyilirdi ki, Rusiya Silahlı Qüvvələrinin törətdiyi əməllərin sadəcə təcavüz cinayəti olmadığı kimi, Ukrayna xalqının sistemli və ardıcıl məhv edilməsi, onun kimliyindən və öz müqəddəratını təyinetmə hüququndan, eləcə də müstəqil inkişaf imkanlarından məhrum edilməsidir. Bu isə Ukrayna xalqının soyqırımıdır. Ukrayna Ali Radasının qərarında BMT, AŞPA, Avropa Parlamenti, ATƏT və NATO Parlament Assambleyasına, xarici dövlətlərin hökumət və parlamentlərinə Rusiya hərbçilərinin hərəkətlərinin soyqırımı kimi tanınması ilə bağlı müraciətlərin göndərilməsi nəzərdə tutulmuşdu. Məhz Ukrayna Ali Radasının müraciətindən sonra bir sıra ölkələrin parlamentləri, NATO, Avropa Şurası və ATƏT-in Parlament Assambleyaları Rusiyanın Ukraynaya qarşı təcavüzünü soyqırımı kimi tanıyan qətnamələr qəbul etdilər.
Ukrayna Ali Radasının İçkeriya Çeçenistan Respublikasının suverenliyini tanıması və ATƏT PA-nın sözügedən qətnaməsi İçkeriyanın suverenliyinin Qərb ölkələri tərəfindən tanınması ilə bağlı münbit şərait yaradır. Çox böyük ehtimalla, qarşıdakı aylarda Çeçenistan Respublikasının suverenliyinin tanıması ilə bağlı Qərb ölkələrinin qanunvericilərinin təşəbbüslərinin şahidi olacağıq.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün soyqırımı kimi tanınması, davamlı sülhün bərqərar olması üçün Rusiyanın dekolonizasiyasının zəruri şərt olduğunu təsbit edən qərar və qətnamələrin qəbulu ilə bağlı proses göstərir ki, Rusiyanın bölünməsi ilə bağlı prosesin hüquqi əsaslarının yaradılması başa çatmaqdadır. Bundan sonra Rusiyanın dekolonizasiyasının növbəti mərhələsi başlayacaq.