
Raşizm təhlükəsinin qarşısını necə almalı?
Rusiyanın de-imperializasiyasına başlanmalıdır...
15 İyun 2024
Ukraynada törədilən hərbi və insanlıq əleyhinə cinayətlər raşizm təhlükəsinin nə qədər qorxunc olduğunu göstərir. Bu təhlükənin qarşısını necə almaqla bağlı isə ortaq fikir mövcud deyil. Denazifikasiya və ya demokratikləşmə ilə raşizmə qalib gəlməyin mümkün olmayacağı əksər fikir adamları və beyin mərkəzləri tərəfindən qəbul edilsə də, dövlət liderləri Rusiyanın denezifikasiya tədbirləri ilə demokratikləşə biləcəyinə ümidlərini üzməyiblər.
Denazifikasiya (nasizmdən təmizlənmə) İkinci Dünya Müharibəsindən sonrakı alman və Avstriya cəmiyyətini, mədəniyyətini, mətbuatını, iqtisadiyyatını, təhsilini, hüquq və siyasətini nasist ideologiyasının təsirindən təmizləməyə yönəlmiş tədbirlər kompleksi idi. Müasir alman ictimai fikrinin əsas simalarından olan professor Jan Filip Reemtsmanın (Jan Philipp Fürchtegott Reemtsma) qeyd etdiyi kimi, Nürnberq Hərbi Tribunalının önəmi ondan ibarət idi ki, bu proses siyasi motivin cinayətə bəraət qazandırmayacağı ənənəsini yaratdı. Çünki Nürnberq Hərbi Tribunalında mühakimə olunanların əksəriyyəti məsuliyyəti Hitlerin və onun qurduğu rejimin üzərinə atmağa çalışır, peşman olduqlarını bildirirdilər. Ancaq bu bəhanə və peşmanlıq hətta Hitlerin sevimli memarı Albert Speerin 20 il müddətinə azadlıqdan məhrum edilməsinin qarşısını almadı. Nasist cinayətkarların müharibədən sonrakı məhkəmələri mühüm presedentlər yaratmaqla yanaşı, belə cinayətlərlə bağlı beynəlxalq hüququn da yaranmasına səbəb oldu.
Rusiyanın denazifikasiyasının zəruri olduğunu irəli sürənlər mövqelərini Rusiyanın faşist (raşist) dövləti olması ilə əsaslandırırlar. Ancaq son zamanlar Rusiyanın denazifikasiyasının bu ölkənin demokratik dövlətə çevrilməsi üçün yetərli olmayacağı önə çıxıb. Bu mövqedə olanlar hesab edirlər ki, hərbi cinayətkarların beynəlxalq tribunallarda mühakimə olunması denazifikasiyanın başlanğıcı ola bilər, ancaq raşizm təhlükəsini tamamilə aradan qaldırmayacaq.
Çünki Rusiya təhlükəsinin Putindən gəldiyini düşünmək sadəlövhlük olardı. Rusiya təhlükəsinin mənbəyi rus nasizmidir. Rus nasizminin islah oluna biləcəyini düşünmək isə fəlakətli səhv olar. Rus nasizmi son bir neçə əsrdə, əsasən son 400 ildə formalaşıb. Bu müddətdə ruslar ukraynalılara, Ahıska türklərinə, tatar, azərbaycanlı, çeçen, inquş, çərkəz və digər xalqlara qarşı bir neçə dəfə soyqırımı həyata keçiriblər. Araşdırmaçıların ümumi rəyinə görə, yalnız sovet dönəmində on bir xalqa qarşı soyqırımı həyata keçirilib. Rus nasizminin “qida”sı isə bu soyqırımlarında məhv edilən on milyonlarla insanın canı və qanıdır. Son 30 ildə çeçen xalqına qarşı törədilən iki soyqırımın, Ukraynadakı qətliamların səbəbi rus nasizminin yaşaması üçün yüz minlərlə insanın qanına ehtiyac duymasıdır. Buna görə rus nasizminin islah olunacağı ilə bağlı illüziya pislənilməlidir. Rusiyanın müxalif siyasətçilərinin Rusiyanı indiki sərhədləri daxilində saxlamaq cəhdlərinin rus nasizmini qoruyub saxlamağa xidmət edəcəyi də bütün müzakirələrdə ifadə edilməlidir. Rusiyanın bütövlüyünün qorunub saxlanılması daha böyük fəlakətlərin yolunu açmaq demək olar.
Raşizmə son qoymaq üçün ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, general Ben Hodcesin (Frederick Benjamin "Ben" Hodges III) dediyi kimi, hədəf Rusiyanın “de-imperializasiyası” olmalıdır. Çünki raşizmin yaranması və yaşaması Rusiyanın irrasional dərəcədə böyük əraziyə sahib dövlətin olmasından qaynaqlanır. Ötən əsrdə iki dəfə Rusiyanın liberallaşmasına cəhdin daha totalitar rejimlərin yaranması ilə başa çatması da bunun təsdiqidir.
Putin 2020-ci ilin 17 mayında “Rossiya 1” televiziyasına müsahibəsində bəyan etmişdi ki, Rusiya sadəcə bir ölkə deyil, əlahiddə bir mədəniyyəti və sivilizasiyadır. Bu, Rusiyada raşizmin bərqərar olmasını təmin edən ictimai-siyasi düşüncədir. Rusiyanın əlahiddə bir mədəniyyət və sivilizasiya, rus xalqının müstəsna hüquqlarının olması fikri Rusiyada liberallaşmaya imkan vermir. Rusiyanın irrasional böyük əraziyə malik olması fikirlərdə onun ölkə deyil, qitə olduğu düşüncəsini yaradıb. Buna görə də rusiyalı diplomat Viktor Tatarintsev utanmadan bəyan edir ki, Rusya ölkə deyil, qitədir.
Raşizm qlobal hərbi təhlükənin və demokratiyaya qarşı mübarizənin lokomotivi olduğu kimi, qlobal korrupsiyanın da təşkilatçısıdır. Avropa və ABŞ-da ifrat sağ və sol təşkilatların maliyyələşdirilməsi, siyasətçilərin satın alınması qlobal korrupsiya nəticəsində mümkün olub. Bütün bunlar isə onu deməyə əsas verir ki, Rusiyanın de-imperializasiyası qlobal hərbi təhlükənin aradan qalxmasına səbəb olacağı kimi, demokratikləşmə və korrupsiya ilə mübarizdə də qalıcı nailiyyətlərin yolunu açacaq. Rusiya vahid dövlət kimi mövcudluğunu saxladığı müddətdə, Avropada olduğu kimi, bütün dünyada kollektiv təhlükəsizliyin və uzunmüddətli sülhün yaranması mümkün deyil.
Yalnız Rusiyanın süqutu tamamilə yeni dünya nizamının yaranmasına səbəb ola bilər ki, bu da bütövlükdə bəşəriyyətin maraqlarına tam uyğundur. Birinci Dünya Müharibəsindən sonra müasir beynəlxalq hüquqda formalaşan xalqların öz müqəddəratını təyinetmə prinsipi XX əsrin ikinci yarısında BMT Nizamnaməsində, 1975-ci il ATƏM-in Yekun Aktında öz əksini tapıb. Rusiyada 2021-ci il əhalinin siyahıyaalınmasının nəticələrinə görə, 147.2 milyon nəfərdən yalnız 105.6 milyonu milliyətinin rus olduğunu, 25 milyonu başqa millətlərə aid olduğunu göstərmiş, 16.6 milyon nəfər isə milli mənsubiyyətlərini qeyd etməmişlər. Milli mənsubiyyətini göstərməyənlərin qeyri-rus olma ehtimalı, onların rus olma ehtimalından artıqdır. Çünki bir dövlətdə bir şəxs dövlətin yaradıcısı olan titul xalqa aid deyilsə və başqa millətə mənsubluğun onun üçün cəmiyyətdə hansısa problemlər yaradacağını düşünürsə, hökmən milli mənsubiyyətini gizlədəcək. Bu isə onu deməyə əsas verir ki, Rusiyada yaşayan 40 milyondan artıq insan özünü rus xalqına aid hesab etmir.
Rusiyanın “de-imperializasiyası” (müstəmləkəsizləşdirilməsi) qeyri-rus xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınmasından başlamalıdır. Dünyanın aparıcı ölkələri və təşkilatları rus müstəmləkəsində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır. Bu zaman Post-Rusiya Azad Xalqlarının Forumunun qərarları əsas götürülə bilər.
Haşiyə: Forumun birinci konfransı 8-9 may 2022-ci ildə Varşavada (Polşa), ikinci konfransı 22-24 iyul 2022-ci ildə Praqada (Çexiya), üçüncü konfransı 23-25 sentyabr 2022-ci ildə Qdanskda (Polşa), dördüncü konfransı 7-11 dekabr 2022-ci ildə Helsinqborqda (İsveç), beşinci konfransı 31 yanvar 2023-cü ildə Brüsseldə (Belçika) Avropa Parlamentinin binasında, altıncı konfransı 25-28 aprel 2023-cü ildə ABŞ-ın üç əsas siyasi mərkəzində, Vaşinqton, Nyu-York və Filadelfiyada, yeddinci konfransı 7 avqust 2023-cü ildə Tokioda (Yaponiya) keçirilib.
Forumda təmsil olunan milli hərəkatlar Rusiyanın 41 dövlətə bölünməsinə çalışırlar. ABŞ Konqresi, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və NATO Parlament Assambleyası, eləcə də Böyük Britaniya, Yaponiya, Avstraliyanın parlamentləri 41 milli hərəkatın təmsilçisi olduqları xalq və millətlərin öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır.
Bundan başqa, ABŞ Konqresi və Avropa Parlamenti Ukrayna Ali Radası kimi “İçkeriya Çeçenistan Respublikasının” suverenliyini tanımalı, İçkeriyanı BMT Nizamnaməsinə zidd olaraq silahlı təcavüz nəticəsində Rusiya tərəfindən müvəqqəti işğalı olunmuş ərazi kimi tanımalıdır.
Rusiyanın “de-imperializasiyası” (müstəmləkəsizləşdirilməsi) çərçivəsində üçüncü addım Rusiyanın işğalı altında olan torpaqların gerçək sahibləri olan dövlət və xalqların bu torpaqlarla bağlı iddialarının tanınması olmalıdır. Məsələn, Yaponiyanın Şimal torpaqları (Kuril adaları) üzərində, Finlandiyanın Kareliya üzərində haqqı ilə yanaşı, Azərbaycanın Rusiya işğalı altında olan Şimal torpaqları (Dərbənd) üzərində suverenlik haqqı tanınmalıdır.
Tarixin məntiqi sarsılmazdır. Tarixin məntiqi deyir ki, bütün imperiyalar dağıldığı kimi, Rusiya imperiyası da dağılacaq.