Putin son 9 ilin ən böyük payız çağırışına sərəncam verib
01 Oktyabr 2025
Rusiya prezidenti Vladimir Putin sentyabrın 29-da bu ilin sonunadək 135 min nəfərin hərbi xidmətə çağırılması barədə sərəncam imzalayıb. "The Moscow Times" bunun son 9 ilin ən böyük payız çağırışı olduğunu yazır.
2016-cı ilin payızında Putin orduya 152 min nəfərin çağırılmasını əmr etmişdi. 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan sonrakı üç ildə hər payız orta hesabla 127 min nəfər xidmətə çağrılıb.
Rusiyada ildə iki dəfə hərbi çağırış keçirilir. 18-30 yaş arası kişilər bir il müddətində məcburi xidmət keçirlər.
Adətən yaz çağırışı daha geniş olur, çünki bu dövrdə məktəbi və ya universiteti bitirənlərin sayı çoxalır.
Çağırışçılar yalnız Rusiyanın daxilindəki hərbi hissələrdə xidmət etməlidirlər.
Kreml və Müdafiə Nazirliyi çağırışçıların döyüşə göndərilmədiyini iddia edir. Amma Ukrayna dəfələrlə Rusiya ordusunda çağırışçıların əsir alındığını bildirib.
Putin də 2022-ci ildə müharibənin əvvəlində bəzi çağırışçıların səhvən cəbhəyə göndərildiyini etiraf etmişdi.
Rusiya Ukraynadakı müharibəyə yüz minlərlə müqaviləli hərbçi cəlb edib. Onlara yüksək maaşlar, bonuslar təklif olunur.
Putinin göstərişi ilə 2026-cı ilədək Rusiya ordusunda 1.5 milyon aktiv hərbi qulluqçu olmalıdır.
Rusiyada orduya çağırış ilboyu aparılacaq
Dövlət Duması ötən həftə ilk oxunuşda qəbul etdiyi qanun layihəsində gələn ildən ilboyu hərbi çağırış sisteminə keçid nəzərdə tutulub.
Qanun hərbi komissarlıqlara imkan verəcək ki, ilboyu çağırışçılarla bağlı tibbi müayinələr və psixoloji seçim aparsın, çağırış komissiyalarının iclaslarını keçirsin. Çağırış vərəqələri də konkret ayla bağlı olmadan göndəriləcək. Bu, çağırış məntəqələrinə düşən yükün bərabər paylanmasına, çağırışın keyfiyyətinin artırılmasına imkan yaradacaq, - qanun layihəsinin izahında belə deyilir.
Çağırışçıların hərbi hissələrə əvvəlki kimi ildə iki dəfə – yazda və payızda göndəriləcək.
Qanunun 2026-cı il yanvarın 1-də qüvvəyə minəcəyi gözlənilir.