Logo
news content

Nüvə müharibəsi Rusiyaya nə vəd edir?
“Pərakəndə düşən rus xalqı sağ qalan güney xalqlarının təzyiqi altında suverenliyini tamamilə itirəcək...”

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya və Vyetnama səfərinin yekunları ilə bağlı Hanoyda keçirdiyi mətbuat konfransında Rusiyanın nüvə doktrinasına yenidən baxmaq niyyətində və Ukraynada “sona qədər getməyə” hazırdır olduğunu bildirib. Putin hesab edir ki, Qərb ölkələri “Rusiyanın döyüş meydanında strateji məğlubiyyətinə” nail olmaq istəyirlər ki, bu da “Rusiya dövlətinin min illik tarixinin sonu” demək olardı. Belə bir ehtimal qarşısında Putin sona qədər getməyin daha yaxşı olduğunu vurğulayaraq, dövlətin mövcudluğuna təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə imkan verən dəyişikliklərin doğru olacağını bəyan edib. 

Rusiyanın bu təhdidlərinə qarşı NATO cavab tədbirləri görmək niyyətindədir. NATO-nun baş katibi Yens Stoltenberq “The Telegraph” qəzetinə müsahibəsində bildirib ki, Rusiya və Çindən gələn təhdidlərin artması fonunda Şimali Atlantika Alyansı üzv ölkələrdə daha çox nüvə silahı yerləşdirmək üçün danışıqlar aparır. Stoltenberq qeyd edib ki, Alyans düşmənlərinə birbaşa mesaj vermək üçün öz nüvə arsenalını dünyaya göstərməlidir. Belə görünür ki, Rusiya Ukraynaya geniş miqyaslı hərbi müdaxilədən sonra Moskva rəsmilərinin və təbliğatçılarının leksikonda nüvə təhdidi ilə bağlı ifadələrin artması və mütəmadi xarakter alması NATO-nu cavab tədbirləri görməyə vadar edir. 

Qeyd edək ki, Ukraynaya qarşı geniş miqyaslı müdaxilə ilk ciddi uğursuzluqlara məruz qaldığı, xüsusilə də Kiyev ətrafında Rusiya ordusunun mühasirəyə düşmə təhlükəsi yarandığı zaman Rusiya rəsmiləri və Kremlin sərt nəzarəti altında olan təbliğat maşını nüvə silahından istifadə edə biləcəkləri ilə bağlı təhdidlər səsləndirməyə başladılar. Hətta belə iddialar var ki, Kreml Kiyev ətrafında mühasirə təhlükəsi ilə üzləşmiş iri qoşun birləşmələrini xilas etmək üçün taktiki nüvə silahından istifadə etmək niyyətinə düşübmüş. İddialara görə, o vaxt Çin, Hindistan, Türkiyə və Səudiyyə Ərəbistanının müdaxiləsi, Ukraynanın mühasirə vəziyyətində olan Rusiya qoşunlarının geri çəkilməsinə imkan verməsi Kremli nüvə silahından istifadə etmək niyyətindən çəkindirib. Bu məsələdə Hindistanın baş naziri Narendra Modinin Putinlə ötkəm üslubda telefon danışığının xüsusi rol oynadığı da iddialar arasındadır. Bu iddiaların gerçəkliyə uyğun olduğunu Kremlin nüvə təhdidinə həmin dövrdə təxminən bir ildən artıq müddət ərzində ara verməsi də təsdiq edir. 

Ötən ilin ikinci yarısından Rusiya rəsmiləri və təbliğatçıları yenidən nüvə təhdidindən istifadə etməyə başladılar. 2023-cü ilin iyununda tarix elmləri doktoru Sergey Karaqanov “Profil” jurnalında “Çətin, lakin zəruri qərar: Nüvə silahından istifadə bəşəriyyəti qlobal fəlakətdən xilas edə bilər”  başlıq məqalə ilə çıxış etdi. 

Məqalənin diqqət çəkən ilk cəhəti elə onun müəllifi ilə bağlı idi. Rusiyanın "beyin mərkəzi" hesab olunan Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin fəxri sədri və qurucularından biri olan Sergey Karaqanov Rusiya prezidentinə ən yaxın şəxs hesab olunur. Rusiya prezidentinin “Seryoja” deyərək müraciət etdiyi Karaqanov Putinin iştirak etdiyi ictimai müzakirələrin bir qayda olaraq moderatorluğunu edir. 

Karaqanov məqaləsində yazırdı ki, Rusiyanın və gələcək dünya nizamının necə olacağı, ümumiyyətlə, dünyanın sağ qalacağı və ya radioaktiv xarabalığa çevriləcəyi Ukrayna çöllərində həll olunur. Məqaləsini “Tarix böyüklüyünü itirmiş güclərin məzarları ilə doludur”  ifadəsi ilə bitirən Karaqanov Rusiyanın hərbi-siyasi elitasına mesaj verirdi ki, bəşəriyyəti nüvə külünə çevrilmək təhlükəsi ilə təhdid edərək Rusiyanın maraqlarının təmin edilməsi yeganə çıxış yoludur, bəşəriyyətin bu təhdidə boyun əyməyəcəyi halda nüvə müharibəsi qaçılmazdır. Karaqanovun məqaləsindən sonra nüvə təhdidi Rusiya rəsmilərinin və təbliğatçılarının çıxışlarının əsasını təşkil etməyə başladı. 

Putinin Hanoydakı səs-küylü bəyanatından bir neçə gün öncə Karaqanovun həmfikirlərindən biri, Xarici və Müdafiə Siyasəti Şurasının tədqiqat proqramları üzrə direktor müavini Dmitri Suslov “Nümayişkaranə nüvə partlayışı haqqında düşünməyin vaxtıdır” başlıqlı məqalə ilə çıxış etdi. “Profil” jurnalında dərc olunan məqaləsində Suslov Rusiya rəhbərliyini Qərbin Ukraynaya dəstəyini dayandırmaq üçün “nümayişkaranə nüvə partlayışı”nın yeganə vasitə olduğuna inandırmağa çalışıb. Suslov qeyd edib ki, Şimali Atlantika Alyansına üzv ölkələr Ukraynanın Rusiyaya Qərb silahları ilə hücum etməsinə icazə verməklə Moskvanın “ən qabarıq qırmızı xətti”ni keçib. Ekspert hesab edir ki, tezliklə NATO Ukraynada nizami ordu birlikləri yerləşdirəcək və Rusiya raketlərini səmada vurmağa başlayacaq. Suslovun fikrincə, bütün bunların qarşısını almaq üçün Rusiya sərt cavab verəcəyini nümayiş etdirməlidir. “Niyyətin ciddiliyini təsdiqləmək və opponentlərimizi Moskvanın eskalasiyaya hazır olduğuna inandırmaq üçün nümayişkaranə nüvə partlayışı həyata keçirməyi düşünməyə dəyər”. Ekspert hesab edir ki, dünyanın bütün televiziya kanallarında canlı yayımlanacaq “nüvə göbələyi”nin siyasi və psixoloji təsiri Qərb siyasətçilərinin nüvə müharibəsi qorxusunu bərpa edəcək. 

Belə görünür ki, Karaqanovun başlatdığı, Suslovun davam etdiyi nüvə təhdidi Kreml üçün yenidən cəlbedici fikrə çevrilib və Rusiya prezidenti də artıq nüvə nüvə doktrinasını dəyişmə niyyətinə düşdüklərini elan edir. 

Krem rəsmiləri və təbliğatçılarının nüvə təhdidini yenidən gündəmə gətirməklərinə, ehtimal olunan nüvə müharibəsini Rusiyanın xilası kimi təqdim etməklərinə baxmayaraq, bu fikrin qəti əleyhinə olan çıxışlar da səslənir. 

Ukraynaya qarşı müdaxilədən bir ay əvvəl, 2022-ci ilin yanvarında prezident Vladimir Putinin Ukraynaya qarşı müharibəyə hazırlaşdığı, bu müharibənin Rusiya üçün fəlakətli olacağı haqqında səsli-küylü bəyanatla çıxış edən general Leonid İvaşov hesab edir ki, nüvə müharibəsi Rusiyanın fəlakəti olacaq.

Karaqanov və Suslovdan fərqli olaraq, Xarici və Müdafiə Siyasəti Şurasının bir qrup nüfuzlu üzvü general İvaşovla həmfikirdirlər və nüvə müharibəsinin Rusiya üçün faciə ilə bitəcəyini bildirirlər. Aralarında akademik Aleksey Arbatov, general-mayor Vladimir Dvorkin, keçmiş diplomat Anatoli Adamişin kimi nüfuzlu şəxslərin olduğu Xarici və Müdafiə Siyasəti Şurasının bir qrup üzvü bəyanatla çıxış edərək, məhdud nüvə zərbəsinin qlobal nüvə müharibəsinin qarşısını alacağına ümid etməyi “məsuliyyətsizliyin zirvəsi” adlandırdılar. Xarici və Müdafiə Siyasəti Şurasının 30-yaxın nüfuzlu üzvünün imzaladığı bəyanatda qeyd edilirdi ki, məhdud nüvə zərbəsi Rusiya da daxil olmaqla Avropa, Çin, ABŞ və başqa ölkələrdə on, bəlkə də yüz milyonlarla insanın məhv edilməsi təhlükəsini yaradacaq. Bu fəlakətli ssenarinin sonunda isə Rusiyanın dağılacağı, pərakəndə düşən rus xalqının sağ qalan Güney xalqlarının təzyiqi altında suverenliyini tamamilə itirəcəyi də bəyanat müəlliflərinin xəbərdarlıqları arasında yer alıb. 

Ukraynaya qarşı cinayətkar müharibəyə başlamaqla Rusiyanın bir dövlət kimi varlığını təhlükə altına atan Putin nüvə müharibəsi ilə rus xalqının da müstəqil subyekt kimi sonunu gətirəcək.