İlanla ölümcül oyun, təpədəki tənha qəbir, qorxulu nağılın kədərli sonu... – BİR FİLMİN HEKAYƏTİ
“Dedilər ki, bu, onun məzarıdır...”
13 Aprel 2026
Uşaq yaşlarımızın qorxulu nağılı əsasında çəkilmiş və sevimli qəhrəmanları olan bir filmdən söhbət açıram. Kim deyə bilər ki, uşaqkən Tutu üçün göz yaşı tökməyib, Piri Babanı sevməyib, Xədicəyə vurulmayıb...
1966-cı ildə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Qaraca qız” filminin bu il 60 illik yubileyidir.
Əvvəlcə onu deyim ki, həyatı və taleyi nağıllarından da qorxulu olan ədib Süleyman Sani Axundovun 1912-1914-cü ildə yazdığı “Qorxulu nağıllar” silsiləsi onun ən sanballı əsərlərindəndir. Süleyman Sani Axundov imzası məhz “Qorxulu nağıllar” silsiləsinə görə tanınıb. “Qorxulu nağıllar” əsəri isə “Qaraca qız” filminə görə. Silsilə uşaqlar üçün yazılsa da, sözün birbaşa mənasında qorxuludur. Məşhur “Qaraca qız” nağılı Qaraca qızın ölümü ilə, “Abbas və Zeynəb” nağılı bu uşaqların güllələnməsi ilə başa çatır.
S.S. Axundovun özü isə bu hekayələr haqda belə yazırdı: “Bu hekayələr, həqiqətən də, qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədalətin təntənəsini əks etdirirdi”.
İndi keçək “Qaraca qız” filmi haqqında söhbətə. “Ağca qız” Xədicə ilə başlayaq, daha doğrusu, həmin obrazı yaradan Leyli Axundovadan. Bakıdakı 134 nömrəli orta məktəbdə və Asəf Zeynallı adına Musiqi Məktəbinin fortepiano sinfində təhsil alan Leyli ailənin yeganə övladı olub. Atası İsmət Axundov tanınmış rəssam, anası evdar qadın idi. Leyli də sonradan Moskvada Xalq İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. Hazırda Bakı Xoreoqrafiya Məktəbində fortepianodan dərs deyir.
“Qaraca qız” filmin çəkilməyi isə möcüzə olub. Leylinin 9 yaşı varmış: “İkinci sinifdə oxuyurdum. Bir gün dərsdən sonra valideynlərim məni sahil bağına gəzməyə aparmışdılar. Orada bir nəfər atama yaxınlaşıb dedi ki, biz "Qaraca qız" adlı bir film çəkirik. Qızınız filmdəki Xədicə obrazına çox uyğun gəlir. Atamın tərəddüd etdiyini görüb, onun harada işlədiyi ilə maraqlandı və kibrit qutusunun üstünə ev telefonumuzun nömrəsini yazıb götürdü. Sonradan bildik ki, həmin adam "Qaraca qız" filminin quruluşçu rejissoru Ş. Mahmudbəyovun köməkçisi Rəşid müəllim imiş. Aradan bir neçə gün keçdi. Təsadüfdən televizoru açanda belə bir elan eşitdik: "Qaraca qız" filmində Xədicə roluna çəkilmək üçün seçilmiş qızın ev telefonu yazılan kağız itdiyi üçün valideynlərindən kinostudiyaya gəlməsini xahiş edirik". Atam elanı eşitsə də, əhəmiyyət vermədi. Biz ailəliklə istirahətə Kislovodska getmişdik. Dayım Ramizdən teleqram aldıq: "Çox xahiş etdilər ki, sən Leylini də götürüb Bakıya dönəsən". Rejissor köməkçisi atamın iş yerin gedib. Atama Mədəniyyət Nazirliyi adından məktub göndərilmişdi ki, artıq çəkilişlər başlanıb, qız mütləq filmə çəkilməlidir. Beləliklə də istirahətimizi yarımçıq qoyub, Bakıya qayıtdıq. Şamil müəllim məni görən kimi dedi ki, bu, əsl Xədicədir...”
Filmin çox hissəsi Şamaxının Çuxuryurd kəndinə çəkilib. Əvvəl 18 gün uşaqlarla məşq keçiblər. Çəkilişə Moskvadan konsertmeyster Yelena Aleksandrovna və "Rodmen" teatrının aktyorları dəvət olunublar, çünki onlar əsl qaraçı idilər. Filmdəki ayı ilə ilan da onlarla birlikdə Moskvadan gətirilmişdi.
Xədicəni ilanın vurması səhnəsi kinostudiyanın köhnə binasında - "Hökumət evi"nin yanındakı bağda çəkilib. Bütün çəkiliş prosesində hər iki qızın valideynləri iştirak ediblər, amma həmin səhnə çəkiləndə isə rejissor onları bir bəhanə ilə həmin yerdən uzaqlaşdırıb. Yoxsa, qızının ilanla riskli çəkilişinə heç bir ana razı olmazdı.
Əvvəlcə ilanı Xədicənin-Leylinin ayağının altına atanda uşaq yamanca qorxub.
İlan da dərhal sürüşüb aradan çıxıb. Kadr rejissorun xoşuna gəlmədiyindən eyni səhnə təkrar çəkilməli idi. Leyli qorxusundan Allaha yalvarırmış ki, kaş bu səhnəni çəkməsinlər. Çəkilişə az qalmış görüblər ki, ilan olan yeşiyin ağzı açıq, ilan yoxa çıxıb. Həmin gün o səhnə çəkilməli olmayıb, Şamil müəllim yamanca hirslənib, üstəlik, itən ilana görə rejissor zooparka 200 rubl cərimə ödəyib.
Leyli qorxusundan üç gün qızdırmada yatıb, anası isə onları aldatdığına görə rejissora yamanca təpinib. Nəticədə həm ilan olmadığı, həm də Leylinin anasının qızını o səhnəyə çəkilməyəcəyini qətiyyətlə dediyi üçün məcbur olub rejissorun bəyənmədiyi yeganə kadrdan istifadə ediblər.

Tutunun ölümünə Xədicəni ağlatmaq üçün çəkiliş boyu bir-birilərinə alışmış balaca qızları 4 gün ayrı salıblar, deyiblər Tutu xəstədir. Sonra da qızı bir təpəyə gətiriblər: “Piri baba çox qəmgin halda bir qəbrin yanında əyləşib dərin fikrə dalmışdı. Mənə dedilər ki, bax bu Qaraca qızın qəbridir, o ölüb. Başladım ağlamağa. Piri baba da, rejissor da, operator da ağlayırdı. Çəkiliş qrupu məni sakitləşdirə bilmirdi. Sən demə, biz ora gəldiyimiz andan çəkiliş gedirmiş”.
Leyli Axundova Xədicə roluna görə 1680 rubl qonorar alıb.
Filmin qəhrəmanı Qaraca qızdır. Film onun kədərli, qısa həyat hekayətidir.
Qaraca qız - Tutu obrazını qaraçıya heç bir aidiyyatı olmayan İçərişəhərli Sevil Zeynalova canlandırıb. 1957-ci ilin yanvarında dünyaya gəlib. Atalı-analı, nənəli-babalı bir ailədə iki bacı olublar. 29 saylı məktəbdə oxuyub: “O vaxtı rejissorlar məktəbləri gəzib, filmə çəkilmək üçün uşaqlar seçirdilər. “Sehrli xalat” filminə çəkilən uşaqların əksəriyyətini bizim məktəbdən seçmişdilər. 1965-ci ilin may ayında da bizim sinfin qızlarına nəzər yetirəndə, niyəsə mənim üzərimdə dayandılar. Məni müəllimlər otağına apardılar, sorğu-sual etdilər. Sonra sınaq çəkilişlərinə çağırdılar. Məni qrimləyib, şəkillərimi çəkdilər. Sizə deyim ki, həmin rol üçün çox böyük müsabiqə elan etmişdilər. İştirakçılar da çox idi. Mənim sınaq üçün çəkilmiş şəkillərim bu müsabiqədən keçmişdi. Biz ailəlikcə Soçidə istirahətdə idik. Yadıma gəlir, babam mənim ardımca ora gəldi, xəbər verdi ki, müsabiqədən keçmişəm. Atamı da güclə yola gətiriblərmiş ki, mən həmin filmə çəkilim. Bakıya çəkiliş meydançasına gələndən sonra filmin rejissoru Şamil Mahmudbəyov, Arif Nərimanbəyov və digərləri ilə tanış oldum. 68-ci ilin avqust ayında çəkilişlər başlandı. Onda babamla nənəm hara gedirdimsə yanımda olurdular. Çünki səkkiz yaşım vardı, ikinci sinfə təzə keçmişdim”.
Şamil Mahmudbəyov məşq prosesində bütün ssenarini uşaqlara oxuyub. Çəkiliş qrupu uşaqlarla o qədər mehriban rəftar ediblər ki, hər ikisi o günlərdən sevə-sevə bəhs edir. Çəkiliş meydanında kaprizlərinə görə Sevilə “Sofi Loren” deyirmişlər.
Tutu roluna Sevildən başqa da qızlar çəkilib. Sevil xanım o barədə deyir: “Filmin əvvəli zəlzələ səhnəsi ilə başlayır. Zəlzələ üçün də böyük maketlər quraşdırılmışdı. Dağıntılar arasından ağlaya-ağlaya bir qız çıxır. O qız mənim yadımdadır. Sonra onu valideynləri apardılar, nəsə çəkilmədi. Bundan sonra ikinci səhnə üçün başqa bir qız gəldi. O da dağıntılar arasında oturur. Filmdə Yusif deyir, bu qız kimdir, Yasəmən cavab verir ki, atasız-anasız qızdır, mən onu öyrədəcəm. Bu iki epizoda iki ayrı qız çəkilib. Bu qızlar, Tutunun körpəlik vaxtıdır və epizodik rollardı. Sonrakı çəkilişlərdə artıq Tutu azərbaycanlı qız kimi düşür qaraçıların içinə. Yasəmən onu öyrədir. Bu yerlərdən etibarən artıq mən çəkilirəm”.
Qonorarının nə qədər olduğunu Sevil xanım xatırlamır, “pulu mən yox, valideynlərim aldı” - deyir.
Sən demə, Şəfiqə Məmmədova ümumiyyətlə Tutuya sillə vurmayıb. Onu da deyim ki, Pəricahan rolu Şəfiqə Məmmədovanın kinoda ilk obrazıdır. Ona deyiləndə ki, Tutunu sillə ilə vurmalısan, qəti etiraz edib. Filmdə o hissə sırf montaj işidir.

Sevilin ən çox qorxduğu səhnə Yusifin Tutunun üstünə gəlməyi olub: “Yasəmənin evdən qaçış səhnəsindən sonra Yusif Tutunun üstünə yeriyir, ondan soruşur ki, Yasəmən hanı?! Bax, həmin o səhnə çəkiləndə, Yusif rolunu oynayan aktyor Oleq Xabalov məni çiyninə qaldırır ki, yerə çırpsın. Onda qaraçılar qışqırıb-ağlaşır və məni onun əlindən alırlar. Həmin səhnədən çox qorxurdum. Hündür aktyor idi. İki, üç dubl həmin səhnəni çəkdilər. Sonra həmin aktyor mənə yaxınlaşıb deyirdi ki, qorxma, mən heç səni yerə vuraram, biz hamımız səni çox istəyirik. Atdan da çox qorxurdum. Atla olan səhnələrimin çoxu montaj olunub. Leyli ilə qayalıqdakı çəkilişimizdə az qalmışdı ki, yıxılım”.
Piri baba rolunun ifaçısı Cabbar Əliyev Milli Dram Teatrının aktyoru idi. Çox zəhmli olduğundan qızlar ondan çəkinirmiş. O da tez-tez qızları alıb dizinin üstünə, onlarla söhbət edirmiş, müxtəlif oyunlar oynayarmış.
Sonradan Sevil Zeynalova Mədəniyyət və İncəsənət Universitetini bitirsə də bir daha filmə çəkilməyib: “Aktyorluq mənim canımda vardı. Ona görə də universiteti fərqlənmə diplomu ilə başa vurdum. Diplom tamaşamıza da Adil İsgəndərov gəlmişdi. Mənə yüksək qiymət verərək, universitetdə müəllim kimi saxladılar. Qırx il universitetdə çalışdım”.
Filmin premyerası "Nizami" kinoteatrında olub. Ssenari müəllifləri İosif Prut və Şamil Mahmudbəyov, quruluşçu rejissoru Şamil Mahmudbəyov, quruluşçu operatoru Arif Nərimanbəyov, quruluşçu rəssamı Nadir Zeynalov, bəstəkarı Rauf Hacıyev, filmin direktoru Bəşir Quliyevdir.
Rollarda Sevil Zeynalova, Leyli Axundova, Şəfiqə Məmmədova, Raisa Udovikova, Cabbar Əliyev, Fateh Fətullayev, Mirzə Babayev, Firəngiz Şərifova və başqaları çəkilib.
Onu da deyim ki, film kinoalmanaxa daxil olan iki filmdən biridir. Kinoalmanax iki qısametrajlı - "Liftçi Qız" və "Qaraca Qız" adlı filmlərdən ibarətdir. Bütövlükdə almanax 1967-ci ildə Tbilisidə Zaqafqaziya respublikaları və Ukraynanın I zona kinofestivalının və Gürcüstan LKGİ MK-nın Diplom və Prizini alıb.