Logo
news content

“Knyaz” ləqəbli nazir, döyüşçü, dahilərdən dərs alan sənətkar... – HƏYAT HEKAYƏTİ
Müharibədə yaralanıb qayıtdıqdan sonra ansambl yaratdı

1965-ci ildən 1970-ci ilədək Azərbaycan Sovet Sosialist Respublikasının Mədəniyyət naziri vəzifəsində çalışdığı müddətdə Xalça Muzeyini, Dövlət Rəqs Ansamblını yaradıb, Dövlət Xor Kapellasının fəaliyyətini bərpa edib. Onun nazir olduğu dövrdə M.F.Axundov adına Opera və Balet Teatrının balet truppası ilk dəfə olaraq Parisə qastrol səfəri edib. "Qrand Opera"nın səhnəsində xoreoqrafiya ustalarımız müxtəlif nömrələrlə çıxış ediblər. Tələbkar parislilər balet truppamızın texniki və artistlik imkanlarını, peşəkar musiqimizin yüksək səviyyəsini layiqincə qiymətləndiriblər. 

Onu nazir olduğu dövrdə keçmiş SSRİ-nin incəsənət aləmində "knyaz" adlandırıblar. SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtsevaya onun gəlməyi barədə məlumat verəndə məhz belə deyirmişlər: "Knyaz" gəlib".

Söhbət SSRİ Xalq artisti, bəstəkar Rauf Hacıyevdən gedir. 

Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-ində Bakı şəhərində anadan olub. Uşaq 3 yaşına qədər dünya işığına həsrət qalıb, gözləri görməyib. 3 yaşının tamamından sonra birdən-birə gözləri açılıb. 

Hamı uzun illər Rauf Hacıyevi böyük maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin nəvəsi zənn edirdi. Rauf Hacıyevin anası Nanə xanım Həsən bəy Zərdabinin qardaşı qızı olub. 3 yaşında ikən onu Zərdabinin xanımı Hənifə xanım himayəyə götürmüş, doğma balası kimi tərbiyə edib təhsil vermiş, böyütmüş, gəlin köçürmüşdü. Yəni Nanə xanımla Zərdabinin doğma qızı Qəribsoltan bir evdə böyüyüb, bacı kimi doğmalaşıblar. Sonradan Nanənin həyat yoldaşı gənc yaşlarında dünyadan köçür. Həyatının ağır dönəmlərində özü də çətinliklər içində qalan və Gəncəyə köçüb orda rahat həyat ümidi ilə yaşayan Qəribsoltan Hanə xanımı və onun oğlu Raufu da götürüb, Zərdaba getməli olur. Hər ikisi orada orta məktəbdə müəllim işləyirlər. Bu hadisələr İkinci Dünya Müharibəsi illərinə təsadüf edirdi. 

Nanə xanım da dünyadan gənc yaşlarında köçdüyündən Rauf Qəribsoltanın himayəsində qalır. O, Raufa öz balası kimi baxır, oxudur, evləndirir. Bəstəkar da Qəribsoltan xanımı yarıda buraxmayıb, onu doğma anası kimi evində saxlayıb, qulluğunda durub. Qəribsoltan dünyadan onun evində köç edib. 

Musiqi duyumu Raufa irsən keçib. Anasının gözəl səsi olub, atası isə yaxşı tar çalarmış. Evdə bəzən atasının solo tar ifası anasının özündən asılı olmadan oxuması ilə gözəlləşərmiş, anası solo oxuyar, atası sadəcə onu müşayiət edərmiş. 

Atası tarzən Qurban Pirimovun tələbəsi olub. Odur ki, Raufun istedadı hələ erkən yaşlarından özünü büruzə verib. İlk əsərlərini elə musiqi məktəbində oxuyarkən yazıb: Fortepiano üçün 3 pyes – “Dağıstan”, “Ləzgihəngi” və “Tarantella”. Onun istedadını yerindəcə anlayan Üzeyir bəyin təlimatı ilə pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı, Azərbaycan SSR xalq artist Kövkəb Səfərəliyeva Raufun ilkin musiqi biliklərinə yiyələnməsinə, musiqi tarixinə imza atmasına kömək edib.

İkinci Dünya müharibəsində, o vaxtkı bütün sovet vətəndaşları kimi, Rauf Hacıyev də cəbhəyə könüllü yollanıb, ancaq çox keçmədən yaralanıb və Bakıya qayıtmalı olub. Axı, bəstəkar niyə əlinə avtomat alsın ki…

1944-cü ildə Yanğından Mühafizə İdarəsinin estrada ansamblını yaradıb. Ansambl fəaliyyətini 1949-cu ilə qədər davam etdirib.

1948-ci ildə Rauf Hacıyev Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Daha sonra bir illiyə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında oxuyub, ardınca təhsilini Bakıda davam etdirib.

Tələbəlik illərində Rauf Hacıyev maestro Niyazi ilə birlikdə çalışıb. "Kolxoz səhəri" (1949) vokal-simfonik süitasını və "Bahar" kantatasının (1950, S.Vurğun, S.Rüstəm və M.Rahimin şeirlərinə) onların birgə əməyinin məhsuludur. 

Rauf Hacıyevin əsərlərində müəllimindən - Qara Qarayevdən təsirlənmək açıq-aydın sezilir. Xüsusən, irihəcimli əsərlərinin üslubunda.1952-ci ildə tamamladığı  "Violin və simfonik orkestr üçün konsert", konservatoriyanı bitirdiyi ildə diplom işi kimi təqdim etdiyi "Gənclik simfoniyası" belə əsərlərdəndir. Təsirlənməkdir, yoxsa Qara Qarayevin tələbələrinin diplom işlərinə birbaşa təsir etməsidir, bu, artıq onların arasında olan söhbətdir, amma hər halda, bu təsir böyük bəstəkarın bütün tələbələrində var. 

Azərbaycan musiqili komediyasının inkişafında Rauf Hacıyevin xidməti çox böyükdür. Ümumiyyətlə, bir bəstəkar kimi çox xoşbəxt bir dövrdə yaşayıb, yaradıb. Sağında Q. Qarayev, solunda Üzeyir bəy, arxasında Niyazi, yanında Kövkəb Səfərəliyeva. Böyük bəstəkar olmaması mümkünsüz görünürdü. Bəstəkarlığın hansı qolunda desən uğuru qaçılmazdır. Rauf Hacıyevin istedadı daha çox operetta janrında püxtələşib. Onun operettalarında vokal simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə bağlıdır. Rauf Hacıyev musiqisinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olması onun əsərlərinə əbədi uğur gətirib. 

Rauf Hacıyev yaradıcı və yenilikçi bəstəkar olub. 1956-cı ildə özü doğum gününə maraqlı bir hədiyyə edib. Həmin gün caz orkestrini yaradıb. Orkestrin solistləri arasında Mirzə Babayev, Lütfiyar İmanov, Elmira Rəhimova kimi sənətkarlar olub. Yəni sonradan sənətkar olacaq bu imzalar ilk addımlarını həmin orkestrdə atıblar. Orkestr bütün SSRİ-ni gəzib, konsertlər verirdi. 

Bundan sonra bəstəkarın yüksək təşkilatçılıq və idarəetmə bacarığı üzə çıxdığından onu müxtəlif vəzifələrə çəkiblər. 1964-cü ildə isə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor təyin edilib.

Rauf Hacıyevin ən çox sevdiyi musiqi janrı mahnı və operetta olub. Vasif Adıgözəlov onun haqqında xatirələrində yazır: “Bu gün fortepianoda çalmağı öyrənən gənclər özləri də bilmədən Rauf Hacıyev üslubunda çalırlar”.

Demək, Rauff Hacıyev həm də məktəb olub. 

Onun yaradıcılığında kinonun xüsusi yeri var. Bir çox məşhur Azərbaycan filmlərinin musiqisini Rauf Hacıyev yazıb: "Əhməd hardadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Qaraca qız", "Kölgələr sürünür", "Qara daşlar" və sair filmlərin uğurunda bu musiqilərin rolu danılmazdır. 

Bəstəkarın Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” əsəri olub. Şamil Mahmudbəyov 1963-cü ildə bu əsər əsasında film çəkib. Bəstəkar həmçinin “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm” kimi operettaların da müəllifidir. Finlandiyalı satirik yazıçı Marti Larnin onun romanı əsasında eyniadlı - "Dördüncü fəqərə" operettasını yaratmış azərbaycanlı bəstəkarın ecazkar musiqisinə qulaq asdıqdan sonra deyib: "Bu, gözəl müasir musiqidir. O, təkcə əsərin əsas qayəsini əks etdirmir, həmçinin öz ifadə vasitələri ilə əsəri daha da zənginləşdirir”.

1971-ci ildə Rauf Hacıyev SSRİ Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasının mədəniyyət qrupuna rəhbərlik edib. O zaman Əlcəzairdə ilk dram teatrı hələ yenicə açılıb və eyni zamanda Milli Musiqi Teatrı yaradılmışdı. Teatr kollektivi üçün ilk milli baleti Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə Rauf Hacıyev yazıb. Balet o qədər uğurlu olub ki, bəstəkar sonradan “Alov” və “Hürriyyət” adlı 2 balet də bəstələyib. Bundan başqa, "Əlcəzair silsiləsi”ndə skripka ilə orkestr üçün konsert, fortepiano və müxtəlif musiqi alətləri üçün pyeslər, orkestr və xor üçün 15 xalq mahnısı işləyib, "Əlcəzair süitası" yaradıb.

Əlcəzair musiqi mədəniyyətinin inkişafına görə Rauf Hacıyevə minnətdar olmaya bilməz. Tarixi həqiqət yerindədir. 

Bəstəkarın son əsəri böyük Üzeyir bəy Hacıbəyliyə həsr etdiyi “Ordan-burdan” əsəridir. 

Bir qədər də ailəsi barədə danışmaq yerinə düşər. Rauf Hacıyev 20 yaşında olanda ilk övladı Fuad dünyaya gəlib. İndi həmin Fuad həyat yoldaşı Zəminə ilə Türkiyədə yaşayır. 

R.Hacıyevin kiçik qızı, 7 nömrəli musiqi məktəbinin fortepiano müəllimi Nanə xanım atası ilə bağlı xatirələrindən danışarkən deyir: "Atamın bütün operettaları əvvəlcə Moskvada tamaşaya qoyulurdu, sonra bizim Musiqili Teatrda. Fuadla Zəminənin müəllifi olduqları tamaşalar da təxminən belə taleyi yaşayır. Onlar Rauf Hacıyevin "Ana, mən evlənirəm" operettasına Peterburq teatrında, "Kavkazskaya plemyannitsa" tamaşasına Moskva Operetta Teatrında, "Qağayı" pyesinə, "Arşın mal alan" operettasına Türkiyə teatrında quruluş veriblər. Fuadla Zəminə tamaşaçıların dönə-dönə maraqla seyr etdikləri "Ordan-burdan" telemüzkl tamaşasının libretto müəllifləridir. Qızları Nərminə də babası kimi bəstəkardır. Bacım Natəvan teatrşünasdır. Bizim İncəsənət İnstitutundan sonra Moskvada Teatr Sənəti İnstitutunu da bitirib. Yoldaşı Cahangir Ələkbərov Finlandiya konservatoriyasının professorudur. Qızları Günayın müğənniliyə həvəsi var. Vaxtaşırı Bakıya gəlirlər. Yadıma gəlmir ki, bizim ailədə yersiz mübahisələr, dilxorçuluqlar olsun. Atam olduqca həyatsevər, anam olduqca təmkinli insanlar idi. 54 il mehriban ailə həyatı yaşayıblar. Onların tanış olmağı Romeo ilə Cülyettanın əhvalatına bənzəyir. Bünyad Sərdarov küçəsindəki yaşadıqları vaxt eyvanları üzbəüz imiş. Gözəl ev xanımı olan anamın çox yaxşı da səsi var idi. Atamın bəstələrinin qaralama not vərəqələrinin üzünü köçürürdü. Atam elə olurdu ki, nəzm parçası seçib ona musiqi bəstələyirdi, elə də olurdu ki, bəstələdiyi musiqi üçün uyğun nəzm əsəri tapırdı".

Rauf Hacıyevin oğlu Fuad Hacıyev Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, məşhur rejissordur. 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gedib. Orada teatr bölümünün əsasını qoyub. Konya Selçuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı, Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib. Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevlərin tələbələri rejissorluq edir. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu Fuad Hacıyev atasının adını özünə təxəllüs götürüb, Fuad Rauf.

Musiqinin bütün janrlarınauğurlu əsərlər yazan, bəsəkar Rauf Hacıyev 1995-ci il, sentyabrın 19-da ömrünün 73-cü ilində Bakıda vəfat edib. Fəxri Xiyabanda uyuyur.