Bir gecədə məşhurlaşdı, övladlarını sənətə buraxmadı, həyatdan küskün getdi... – HƏYAT HEKAYƏTİ
“Düzlüyə, həqiqətə, insana inamımı itirmişəm bu sənətdə”
03 May 2026
“Məni çoxmu sevirsən?” - deyə Kamrandan nazlana-nazlana soruşan ərköyün qız, sevgisini vətənin rifahına qurban verən hökmdar qadın, məkrli həyat yoldaşı, unudulmuş balerina və saydıqca çoxalan müxtəlif xarakterli obrazlarda görmüşük, sevmişik onu. Uzun illər Bələdiyyə teatrında böyük bir kollektivə rəhbərlik edib. İstedadlı və güclü qadın. Güclümü? Qadın və güclü anlayışları bir araya sığırmı məgər? Qadının gücü nədədir?
Sağlığında onunla bu və digər suallar ətrafında çox söhbətlər etmişdik... Bu gün o söhbətlər əsasında onun haqqında bir yazı yazmaq istədim. Xalq artisti, Bakı Bələdiyyə Teatrının rəhbəri Amalya Pənahova haqqında.
***
Uşaqlığı Gəncədə keçib, orda dünyaya gəlib. Nənəli-babalı, atalı-analı, bibili-əmili böyük bir ailədə böyüyüb. O doğulanda atasının 17, anasının 15 yaşları olub.
“Özümü anlayanda Nizaminin “Xəmsə”si yeni çapdan çıxmışdı, kitabda qəhrəmanların illüstrativ şəkilləri uşaqlıq hafizəmdə həkk olunub. O qəhrəmanlarda özümü təsəvvür edirdim. Qonşuluqda Gəncə Teatrında işləyən sənətkarlar yaşayırdılar, onların uşaqları ilə oturub-dururdum, teatra tez-tez gedirdik. Adil İsgəndərov, Barat Şəkinskaya, Məmmədrza Şeyxzamanov kimi böyük sənətkarlar Gəncə teatrından Bakıya dəvət olunub gəliblər. Yeganə o teatra sədaqətli qalan Ələddin Abbasov oldu. Atamla da dost olublar, düzdür, atam ondan yaşca kiçikdir. Atam teatr həvəskarı idi, gənc yaşlarında rollar da oynayıb. Sonra hərbi işi üstün tutduğu üçün hərbiçi oldu. Onun işi ilə əlaqədar da mən 10 yaşımda olanda biz ailəlikcə Bakıya köçdük”.
Sənətə həvəsi onu televiziya fəaliyyətə başlayanda “Bənövşə” uşaq xoruna gətirib. Atası teatr dərnəyinə buraxmayıb, amma xora icazə verib. Xorun rəhbəri Əfsər Cavanşirovun köməkliyi ilə sənətə televiziyadan gəlib. Xorda beş il solist olması sonrakı teatr fəaliyyətində ona çox kömək olub. Teatrda İlyas Əfəndiyevin “Unuda bilmirəm” tamaşasında ilk dəfə səhnədə canlı mahnı ifa edib.
Məni sənə bağlayan-bağlayan
Eşqim məhəbbətimdir.
Yollarında saxlayan-saxlayan
Sənə sədaqətimdir.
“Milli Məclisə deputat seçiləndə orda həmkarlarım məni bu mahnı ilə qarşıladılar. İllər sonra da yaddaşlarda qalıb, sevilir.
İlklər həyatımda çoxdur. İlk övlad, nəvə olduğum kimi. Mənim çıxışımla ilk rəngli televiziya efirə çıxıb. Səhnədə ilk canlı ifa edən aktrisayam. İlk dəfə teatr tariximizdə dramaturq aktrisa üzərində rol yazıb. “Sən həmişə mənimləsən” tamaşasında Tofiq Kazımov risk edib, 18 yaşlı tələbə qıza baş rolu verdi. Ondan sonra İlyas Əfəndiyev yeni dram əsərlərində mənim ifam üçün rollar yazdı. Onun teatra təqdim etdiyi 12 əsərinin tamaşasında rol oynamışam. “Mənim günahım” televiziya tamaşasını isə özüm hazırlayıb, baş rolu oynadım. Teatrda həmin tamaşada Ayqızı ifa etmişdim”.
Teatrda ilklərə imza atmasına, parlamasına rəğmən, kinoya daha çox meylli idi. Ona görə Moskva Kinematoqrafçılar İnstitutuna getmək istəyirdi, həm də rus dilində təhsil almışdı deyə Moskva təhsili onu çəkirdi. Atası icazə verməyib.

“Burda maraqlandım, yenə xorda olmağım kömək etdi. Xorun məşqlərini etdiyimiz yerdə həm də radio tamaşalar yazılırdı. Orda aktyorları gördüm, mənə dedilər ki, sən aktrisa olmaq istəyirsənsə, əvvəlcə dili bilməlisən. 10-cu sinfi keçdim gecə məktəbinə və gündüzlər gedib teatr institutunda mühazirələr dinlədim. Daxil olanda isə rektorun icazəsi ilə inşanı rus dilində yazdım. Bu da necə oldu. İlk dəfə maraqlanıb instituta gələndə qapı ağzında bir nəfərlə rastlaşdım, soruşdum ki, mən kimə yaxınlaşmalıyam burda oxumaq istəyirəm, amma Azərbaycan dilində təhsil almadığım üçün indidən məsləhət almalıyam. O da mənə dedi ki, gəl mühazirələrə, qəbul vaxtına qədər baxarıq. Soruşdum kimsiniz, məlum oldu rektor Rahib Hüseynovdur.
Adil İsgəndərovun kursuna dinləmələr gəlirdim, qəbul olunandan sonra da onun kursuna düşdüm, çünki o vaxt birinci kursdan sonra Adil İsgəndərov ona verilən kursu bəyənməyib, özü kurs yığmışdı. Mən onun kursunda dörd yox, beş il oxumuş oldum”.
Atası onun instituta daxil olmağını sonradan bilir və o gündən qızı ilə kəlmə belə kəsmirdi. Anası onun fikirlərini Amalyaya çatdırırdı, zərbələri ana özünə götürürdü.
“İlk tamaşama ailəmi, qohum-əqəbanı dəvət etdim, gəldilər. Tamaşadan sonra atam böyük ziyafət verdi və məni təbrik etdi. Dedi ki, istəmirdim sən bu sənətin ətrafında fırlananlardan olasan. Gördüm ki, ilk addımından uğur qazandın. Mən bir gecənin içində çox məşhurlaşdım. Premyera olan ilin son gecəsinin televiziyada “Mavi işığ”ını Əli Zeynalovla mən apardıq.
Tofiq Kazımovun dördüncü kurs rejissorları iki tamaşalarında mənə rol verdilər. Orda Tofiq Kazımov məni gördü və İlyas Əfəndiyevin “Boy çiçəyi”nin tamaşasında Nargilə roluna dəvət etdi. Əvvəlcə əsəri verdi oxumağa. Bir gecənin içində neçə dəfə oxuyub, ağladım. Səhər soruşdu ki, hansı rolu oynamaq istəyirsən? Dedim, əlbəttə, Nargiləni. Gəldim Adil İsgəndərovla məsləhətləşməyə, dedi icazə vermirəm sən teatrda işləyəsən, mən səni kino üçün yetişdirirəm. O dövrdə Adil İsgəndərovun 30 il çox böyük əziyyətlər çəkdiyi Azdramanı onun əlindən almışdılar. Yetişdirdiyi sənətkarlar ona arxa olmadılar, o da incidi o teatrdan. Yeni binanın inşasının təhvilinə az qalmış onu işdən çıxartdılar. Adil müəllim artıq kinostudiyada çalışırdı. Ondan sonra teatr neçə-neçə rejissor dəyişdi, nəhayət, Tofiq Kazımov baş rejissor təyin olundu. Ona görə Adil İsgəndərov mənə icazə vermək istəmirdi. Ondan icazəsiz getdim və uğur qazandım. Əvəzində gənc dövrlərimdə kinoya çəkilmədim, çünki Adil İsgəndərov məndən incimişdi. Yoldaşım Yusif Muxtarov da kinoya deyil, radioya getdiyi üçün onu da kinoya çağırmırdı”.
Teatrda bir-birinin ardınca “Qanlı Nigar”, “Bizim qəribə taleyimiz”, “Unuda bilmirəm”, “Şeyx Xiyabani”, “Təhminə və Zaur”, “Büllur sarayda” və s. böyük uğurla gedən tamaşalarda oynayırdı. O vaxt teatrda Nəcibə Məlikova, Leyla Bədirbəyli, Barat Şəkinskaya kimi nəhənglər vardı. Onlar artıq gənc qız rolunu oynaya bilməzdilər. Amalyanın gəlişi teatr üçün, onların özləri üçün də yaxşı idi, amma müqavimətə də rast gəlirdi. Tamaşaya çıxmalı olanda qrim otağının qapısını bağlayıb açarları itirirdilər. Səhnə paltarını kəsib doğrayan vardı. Ailəsinə qədər müdaxilə edib, dağıtmağa çalışırdılar.
“Yoldaşımla birinci kursda tanış olduq, nişanlandıq. O, başqa bir ali təhsil almışdı. Dostunun yanına bizim instituta gəlib məni görəndən sonra sənəd verib, daxil oldu və mənimlə bir kursa düşdü. Yusiflə nişanlı olduq, institutu bitirəndən sonra evləndik. Bir qızımız, bir oğlumuz var. 48 il birgə çox xoşbəxt yaşadıq. O da xalq artisti idi, Bələdiyyə Teatrını birgə yaratmışdıq.
Uşaqlarımız bizim sənətə meyillənirdilər, mən imkan vermədim. Oğlum diplomatdır. Nəvələrim də istədilər, icazə vermədim. İlk nəvəm iki ali məktəb bitirib. Oğlumun oğlu atasının yolu ilə gedib diplomat olmaq istəyir. Kiçik nəvəm deyəsən bizim sənətə gələcək, çox böyük istedadı və qətiyyəti var.

Çətin sənətimiz var. Düzlüyə, həqiqətə, insana inamımı itirmişəm bu sənətdə. Teatr mənim hər şeyimdir, amma gördüyüm haqsızlıqları övladımın yaşamasına qıymaram. Mənim yoldaşım sarıdan dayağım oldu, harada o qarantiya var ki, onların da dayağı olacaq. Ətrafda o qədər istedadsızlar qaragüruhu əmələ gəlir ki, baş açmağa çətinlik çəkirsən. Öz sənətimdən doktorluq müdafiə elədim. Hamıdan gec xalq artisti oldum. Repertuar hamısı çiynimdə idi. 20 tamaşadan 16-sında baş rolda olduğum bir vaxtda hər şeyi atıb, çıxdım teatrdan. 84-cü ildə yaşım 40-ı keçmişdi “Nişanlı qız”da Zərifəni oynadım. 1992-ci ildə çox çətin bir dövrdə teatr çox düşmüşdü, istəyirdim ki, teatrla cəbhələrdə çıxış edək. Nəhayət ki, çıxıb, öz teatrımızı yaratdıq. İlk tamaşamız “Medeya” olmuşdu. Sonralar teatrdan ixtisara düşən qocaman sənətkarları da ətrafıma topladım”.
Sonralar kinoya ardıcıl dəvət olunurdu, bununla belə istədiyi qədər deyil. Cəmi 30 filmə çəkilib, bəzi filmlərdə özü yox, səsi iştirak edirdi. Televiziyada, radioda çox miqdarda tamaşalarda oynayırdı.
Beş il millət vəkili oldu.
“Elə bilirəm ki, orda da boş yer tutmadım. Sənətimiz özü elə siyasətə xidmət edir. Biz xalqa xidmətdəyik, sənətdə də, diplomatiyada da. Sənətkar elə siyasətçidir. Necə siyasət deyil ki. Sovet vaxtı İlyas Əfəndiyevin əsərləri ilə səhnədən o tay, bu tay Azərbaycan deyirdik. Xalq sevdiyi sənətkara inanır, siyasəti məhz o yeridə bilər. Cəbhə bölgələrində bizim tamaşadan əsgər silahını götürüb birbaşa döyüşə yollanırdı”.

1998-ci ildə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında onun da adı qeyd olunmuşdu.
Aktrisa rejissor kimi də fəaliyyət göstərib. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib. Bəziləri hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul"unu xatırlayıram.
1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmış aktrisa həyat yoldaşını itirəndən sonra həyatdan küskünləşdi. Teatrda da dayağını tapa bilmirdi. Bələdiyyə teatrını Şəhriyar adına Mədəniyyət evindən uçulub-dağılan “Dostluq” kinoteatrına köçürdülər.
“Onunla birgə dayağım, dostum-həmdəmim getdi. Ürək sevinmir, gülmür. Ailəm başsızdır, o missiya mənim çiyinlərimə düşdü. O, ən pessimist vaxtlarımda məni həyata ruhlandırıb. Bu gün yoxdur”.
Teatrı evi bilirdi, yoldaşından sonra teatrla bağlı arzuları irəliləmədi. “Bələdiyyə Teatrı mənim həyatımdır” - deyirdi: “20 ildən artıq burda canımı qoyuram. Bilirəm ki, bir gün mən olmayanda bu teatr yaşayacaq, çünki təməli möhkəmdir”.

Azərbaycan teatrının və kinosunun parlaq ulduzu, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013), professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi, Xalq artisti Amalya Pənahova 2018-ci ilin 8 noyabrında ağır xəstəlikdən dünyasını dəyişdi. Fəxri xiyabanda uyuyur...