
Gözlənilməz qələbə: İranı və dünyanı nə gözləyir?
Yeni prezident əsas mesajını məqaləsinin son cümləsində verib
18 İyul 2024
İbrahim Rəisinin müəmmalı helikopter qəzasında ölümü və türk kimliyini qabardan islahatçı Məsud Pezeşkianın növbədənkənar prezident seçkilərində gözlənilməz qələbəsi İranda bir mərhələnin sonu, yeni mərhələnin başlanğıcı olacaq.
Mərhum İbrahim Rəisi İranda mühafizəkarların təmsilçisi, şəriət qaydalarına güzəştsiz əməl olunmasının qatı tərəfdarı, İslam Respublikasının tarixində Ali Rəhbər Seyid Əli Xameneiyə ən yaxın olan prezident hesab olunurdu. Məhsa Əminiyə qarşı polisin qəddar davranışını sanksiyalaşdıran qanunvericilik aktını - dini geyim qaydalarına aid məhdudiyyətlər siyahısını genişləndirən sərəncamı İbrahim Rəisi Məhsa Əmininin ölümündən cəmi bir həftə öncə, 15 avqust 2022-ci ildə imzalamışdı. Məhsa Əmininin qətlindən sonra şəriət qaydalarına qarşı “Qadın, həyat, azadlıq” şüarı ilə başlayan və bütün İranı bürüyən irimiqyaslı etirazların qəddarlıqla dağıdılmasında Rəisi böyük rol oynamışdı. Buna görə Məhsa Əmininin və etirazların dağıdılması zamanı 500 nəfərdən artıq insanın öldürülməsinin məsuliyyəti məhz onun üzərinə düşürdü.
Etirazların qəddarlıqla dağıdılmasını sərt tənqid edən Pezeşkianın qələbəsinin İranda nəyi dəyişə biləcəyi, bu dəyişikliyin regionda və bütün dünyada nələrə səbəb ola biləcəyi geniş müzakirə olunur.
Öncə qeyd edək ki, Pezeşkianın qələbəsinin İranda hansı dəyişikliklərə səbəb olacağını müzakirə edənlər bu qələbənin İran cəmiyyətindəki dəyişikliklərin nəticəsi olduğunu görmürlər. Məzhəbçi dini kimlik üzərində qurulmuş teokratik rejimin hakim olduğu ölkədə milli kimliyini qabardan Pezeşkianın qələbəsi İran cəmiyyətində ciddi dəyişikliklərin baş verdiyini təsdiq edən ən parlaq hadisədir. İran cəmiyyətinin şəri və sekulyar yaşam tərəfdarlarına bölündüyü, özünü dindar hesab edənlərin cəmiyyətin ancaq 30 faizini təşkil etdiyi, şəriət tərəfdarlarının toplumdakı çəkisinin isə 15 faizə düşdüyü haqqında məlumatların əsassız olmadığı bir daha təsdiq olundu. Pezeşkianın milli kimliyini qabardaraq qalib gəlməsi Qərb ölkələrinə mühacirət edən İran vətəndaşların, digər müsəlman toplumlarından fərqli olaraq, mühacirətdə məscidə getmədiklərini bilənlər üçün təəccüblü olmadı. Məzhəbçi dini kimlik ciddi şəkildə dəyərdən düşdüyü üçün ata-anasının türk olduğunu, evində dövlətin rəsmi dili olan farscada danışmağı qadağan etdiyini bəyan edən Pezeşkian qeyri-fars xalqlar üçün daha doğma namizəd idi. Seçkinin ikinci turunun nəticələri də göstərdi ki, Peşeşkian Azərbaycan vilayətləri ilə yanaşı, kürd, bəluc və ərəb bölgələrində də seçicilərin əksəriyyətinin dəstəyini qazanıb.
İran cəmiyyətindəki bu dəyişikliyin əsas səbəbi isə şübhəsiz, məzhəbçi teokratik rejimin təbliğ etdiyi dəyərlərin bəşəriyyətin ən böyük kəşfi olan azadlıq və ədalət dəyərləri ilə rəqabəti uduzması idi. Məhsa Əmininin öldürülməsindən sonra İranı bürüyən etirazların əsas şüarı “Qadın, Həyat, Azadlıq”, Güney Azərbaycanda isə “Azadlıq, Ədalət, Milli hökumət” idi. Sosial-iqtisadi vəziyyətin kəskin pisləşməsi isə rejimin əsaslandığı ideologiyanın dəyərdən düşməsini tətikləyərək, cəmiyyətin rejimə qarşı qətiyyətli müqavimət göstərməsinə səbəb olur. Sosiologiya sübut edib ki, insanların rifah halı yüksək olduğu zaman cəmiyyətin böyük hissəsi hüquqlarının məhdudlaşdırılmasına dözümlü yanaşır, cəmiyyətdə çalxalanmaların onun həyat tərzinə mənfi təsir edəcəyini düşünərək, hakimiyyətə qarşı çıxışlara qoşulmur. Sosial-iqtisadi vəziyyət pisləşəndə isə toplum hüquqlarının pozulmasına daha dözümsüz yanaşır və həyat səviyyəsinin pisləşməsinə görə hakimiyyəti məhkum etməyə başlayır. Qərbin sanksiyaları İran iqtisadiyyatını boğaraq, milli valyutanın sürətlə dəyərdən düşməsinə və həyat səviyyəsinin kəskin pisləşməsinə səbəb olub. Çox zəngin ölkəyə sahib olduqlarına baxmayaraq, yoxsulluq içərisində yaşadıqlarını, üstəlik də hüquq və azadlıqlarının məhudlaşdırldığını görən toplum bütün problemlərin siyasi rejimdən qaynaqlandığı qənaətinə gəlib. Buna görə də rejimin dəyər və simvolları ilə azacıq fərqlilik nümayiş etdirən şəxs - Məsud Pezeşkian toplumun liderinə çevrilə bilib. Bütün bunlar onu deməyə imkan verir ki, Pezeşkianın qələbəsi dəyişikliklərin başlanğıcı deyil, ilk mərhələsinin nəticəsidir. İlk mərhələnin qələbə ilə başa çatması İran cəmiyyətindəki keyfiyyət dəyişikliyini növbəti mərhələyə keçirdi. İkinci mərhələnin hansı istiqamətə hansı sürətlə gedəcəyi dünyada, regionda və İranda gedən proseslərdən, önəmli dərəcədə isə prezident Pezeşkianın qərarlarından asılı olacaq.
Bununla belə, birinci mərhələnin qələbə ilə başa çatması region və dünyadakı proseslərə təsir etmək gücündədir. Beynəlxalq Böhran Qrupunun İran Layihəsinin Direktoru Əli Vaez “Foreign policy” nəşrində dərc olunan “Pezeşkianın qələbəsi ABŞ-İran münasibətlərində isinməyə səbəb olacaqmı?” (“Will Pezeshkian’s Win Lead to a Thaw in US-Iran Relations?) başlıqlı məqaləsində yazır ki, Pezeşkianın qələbəsindən sonra yeni nüvə sazişinin imzalanmasını təsəvvür etmək çətin olsa da, islahatçı administrasiya gərginliyin azaldılması üçün bəzi imkanlar ata bilər.
İspaniyanın keçmiş xarici işlər naziri Ana Palasio (Ana Isabel de Palacio del Valle-Lersundi) İrandakı prezident seçkisinin ikinci turu ərəfəsində “Project Syndicate” media resursunda yayımlanan “İran seçkilərinin qlobal nəticələri” başlıqlı məqaləsində xəbərdarlıq edirdi ki, Pezeşkianın qələbəsi regionda və onun hüdudlarından kənarda əks-səda doğuracaq.
Məsud Pezeşkianın prezident seçkilərinin ikinci turunda qalib gəlməsinə münasibət bildirən ABŞ Dövlət Departamentinin sözçüsü İran İnternational-a açıqlamasında seçkilərin nəticələrinin Bayden administrasiyasının İrana yanaşmasına əhəmiyyətli təsir göstərməyəcəyini bildirib.
Vaşinqtonun bu mövqeyindən fərqli olaraq, Avropanın əksər paytaxtlarında Pezeşkianın qələbəsini Qərblə İran arasında münasibətlərin yumşaldılması üçün bir şans hesab edənlər çoxdur. Xüsusilə ilə də OPEK-in üçüncü ən böyük neft istehsalçısı olan İranın qlobal enerji bazarlarında əvəzolunmaz rolu islahatçı Peşezkianın qələbəsindən sonra daha böyük əhəmiyyət kəsb edir. Rusiyanın neft-qaz sektoruna qarşı sanksiyaların dünya enerji bazarına mənfi təsirinin azaldılmasına çalışan Qərb, Pezeşkianın prezidentliyi dövründə Tehranla əməkdaşlığa daha çox maraq göstərməyə başlayacaq. Xüsusilə də son iki ildə Bayden administrasiyasının qlobal neft tədarükünün azalmasından və buna görə benzinin qiymətlərinin yüksəlməsindən ehtiyat edərək İranın xam neft tədarükünə qarşı sanksiyaları yumşaltdığını nəzərə alsaq, Rusiya ilə qarşıdurmanın şiddətləndiyi bir zamanda islahatçı prezidentin iqtidarda olduğu İrana münasibət əvvəlki kimi ola bilməz. Bu mənada, Dövlət Departeminin sözçüsünün seçkilərin nəticələrinin Bayden administrasiyasının İrana yanaşmasına əhəmiyyətli təsir göstərməyəcəyi barədə açıqlamasının tezliklə unudula biləcəyi istisna deyil. Əlbəttə, Qərbdə İranın xarici sərmayə və texnologiyadan asılılığının həyati əhəmiyyət daşımağa başladığını görürlər. Buna görə də İranın islahatçı hökuməti ilə daha asan anlaşa biləcəklərini düşünürlər. Qərblə münasibətləri yumşaltmadan Pezeşkian iqtisadi böhranın dərinləşməsinin qarşısını ala bilməyəcək. Seçki kampaniyası zamanı seçicilərə verdiyi vədi həyata keçirmək üçün Qərblə münasibətləri normallaşdırmağa başlamalıdır. Bunun üçün İsrailə qarşı ritorikanın yumşaldılması, İsraili və Qərbin regiondakı maraqlarını hədəf alan radikal dini qruplara dəstəyin azaldılması və Rusiya ilə münasibətlərə məsafə qoyulması, xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verməmək, ən əsası isə nüvə proqramını genişləndirməmək lazım gələcək. Pezeşkianın bu addımları atıb-atmayacağını zaman göstərəcək, biz yalnız belə bir zərurətin olduğunu qeyd edirik.
İran daxilində siyasi islahatların başlanması isə Pezeşkianın Qərbdə mövqelərinin güclənməsinə təsir göstərən xoş iradə kimi qəbul oluna bilər.
Prezident seçildikdən sonra “Tehran Times” qəzetində dərc olunan “Mesajım dünyaya çatdı” sərlövhəli məqaləsini Pezeşkian çox incə bir mesajla, İran xalqının ona beynəlxalq arenada konstruktiv fəaliyyət göstərməyi ciddi tapşırdığı fikri ilə tamamlayıb. Bu mesaj həm ölkə daxilinə, həm də beynəlxalq aləmə verilib. Çünki Pezeşkian Səid Cəlilini prezident kimi görmək istəyən və hazırda İrana tam nəzarət edən mühafizəkarla toqquşacağını bilir. Şəriət qaydalarına və İsrailə münasibətdə yumşalmanı qətiyyətlə rəd edən Ali rəhbər, Parlament və İslam İnqilabı Keşikçiləri Korpusu Pezeşkianın əl-qolunu bağlamağa çalışacaq. İranın gələcəyinin dəyişikliklərdən asılı olduğunu bilən və toplumun dəyişiklik istəyən kəsiminin güclü dəstəyinə sahib olan Pezeşkian vədini həyata keçirməyə başladıqca teokratik sistemlə toqquşmağa başlayacaq. Bu mübarizənin taleyini tərəflərdən hansının daha sürətlə hərəkət etməsi həll edəcək. Pezeşkian prezident səlahiyyətlərinin icrasına başladığı andan sürətlə islahatlar keçirməli, cəmiyyətdəki dəstəyini artırmaqla yanaşı, rəqiblərinin mövqelərini zəiflətməlidir. Ona mane olunacağı halda istefa edəcəyini və xalqı siyasi prosesdən çıxmağa çağıracağını bəyan edən Pezeşkian bu fikrini siyasi fəaliyyətə çevirsə, tarixə İranı dəyişən lider kimi düşəcək.
Türk kimliyini qabardan Məsud Pezeşkianın qələbəsinin region və dünya siyasətində Azərbaycan amilinə necə təsir edəcəyinə isə növbəti yazıda aydınlıq gətirməyə çalışacağam.