Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Paralimpiya Oyunlarının açılış mərasimini boykot edəcək

Ukrayna paralimpiya komandası və Milli Paralimpiya Komitəsi Paralimpiya Oyunlarının açılış mərasimini boykot edəcək. Komitə bildirib ki, buna səbəb Rusiya və Belarus idmançılarına öz dövlət bayraqları altında çıxış etməyə icazə verilməsidir. Milli Paralimpiya Komitəsi tədbirdə Ukrayna bayrağından istifadə olunmamasını da tələb edib.

Beynəlxalq Paralimpiya Komitəsindən (BPK) AFP-yə deyildiyinə görə, Paralimpiya Oyunlarına buraxılan Rusiya və Belarus idmançıları öz ölkələrinin bayraqlarından istifadə edə biləcəklər. Tədbirə altı rusiyalı və dörd belaruslu idmançı dəvət alıb.

Ukraynanın Milli Paralimpiya Komitəsi bu qərarı "sinik" adlandırıb. Bəyanatda deyilir ki, nə Rusiya, nə də Belarus Paralimpiya Oyunlarında iştirak üçün lisenziya almaqdan ötrü seçmə mərhələsindən keçib.

Ukraynanın idman naziri Matviy Bidnıy daha öncə deyib ki, idmançılar yarışlarda iştirak edəcəklər, amma heç bir rəsmi təmsilçisi açılış mərasiminə, digər tədbirlərə qatılmayacaq.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da MPK-nın qərarını tənqid edib.

İtaliyanın xarici işlər naziri Antonio Tayani və idman naziri Andrea Abodi birgə bəyanatlarında hökumətin MPK-nın Rusiya və Belarus idmançılarını buraxmaq qərarı ilə qəti razı olmadığını bildiriblər.

Avropa Komissiyasının idman komissarı Qlenn Mikallef MPK-nın addımını "qəbuledilməz" adlandırıb. O, martın 6-da Veronada açılış mərasimində iştirak etməyəcəyini bildirib. "Rusiya Ukraynada təcavüzkar müharibəni davam etdirdiyi müddətdə bu münaqişə ilə möhkəm bağlılığı olan milli simvolların, bayraqların, himnlərin və formaların bərpasını dəstəkləyə bilmərəm", – o, X sosial şəbəkəsində yazıb.

Qış Paralimpiya Oyunları Milan və Kortina-d'Ampezzoda martın 6-dan 15-dək keçiriləcək.