Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Iran Human Rights": İranda azı 26 etirazçı ölüm cəzasına məhkum edilib

İranda azı 26 etirazçı ölüm cəzasına məhkum edilib. Məlumatı Norveçdə yerləşən "Iran Human Rights" hüquq-müdafiə təşkilatı yayıb.

Yetkinlik yaşına çatmayan şəxslər daxil, yüzlərlə etirazçı isə ölüm cəzası nəzərdə tutulan cinayətlərdə ittiham olunurlar. Hüquq müdafiəçiləri bildirirlər ki, təqsirləndirilən şəxslər və onların ailələri bu məlumatların ictimaiyyətə açıqlanmaması üçün təzyiq və təhdidlərlə üzləşirlər.

Təşkilatın bildirdiyinə görə, fevralın 16-da İranın məhkəmə hakimiyyətinin rəhbəri "iğtişaş və terror aktlarının əsas günahkarlarını təqib etmək və cəzalandırmaq" əmri verildiyini təsdiqləyib.

ABŞ prezidenti Donald Tramp ötən ay bəyan edib ki, İran hakimiyyəti antihökumət aksiyalarının iştirakçılarını edam etməyi planlaşdırmır. Amma həm də xəbərdarlıq edib ki, edamlar başlarsa, çox sərt tədbirlər görüləcək.

Barəsində ölüm hökmü çıxarılan etirazçıların sayını müstəqil təsdiqləmək mümkün deyil. Rəsmi qurumlar bu haqda açıqlama verməyiblər.

İranda etirazlar dekabrın sonunda rialın kəskin ucuzlaşması fonunda başlayıb. İqtisadi tələblər sonradan hakimiyyətə qarşı şüarlara keçib.

ABŞ-də yerləşən "Human Rights Activists in Iran" (HRAI) təşkilatı İranda azı 53 min nəfərin həbs edildiyini bildirir. "Radio Fərda" məhkəmə sistemi təmsilçisinə istinadla etirazçılar barəsində azı 23 min cinayət işi açıldığını xəbər verir. "Iran Human Rights" isə etirazlarla əlaqədar azı 8.8 min ittiham aktı irəli sürüldüyünü bildirib.