Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada azərbaycanlının mənzili müsadirə edilib, miqrantları saxta qeydiyyata saldığı bildirilir

Sverdlovsk vilayətinin Alapayevsk şəhərində yaşayan, Rusiya vətəndaşlığı almış azərbaycanlının mənzili müsadirə olunub. O, əcnəbilərin saxta miqrasiya uçotuna alınması üzrə cinayət işində fiqurlardan birinə çevrilib. Xəbəri "Current Time" regional E1 nəşrinə istinadla yayıb.

İttihama görə, o, doqquz həmvətənini 2024 və 2025-ci illərdə 46.6 kvadratmetrlik ikiotaqlı mənzilinə qeydiyyata salıb. Mənzildə ailəli kirayəçi də yaşayırmış. Mənzildə qeydiyyata alınanların hamısı qonşu yaşayış məntəqəsindəki taxta sexində işləyiblər, faktiki mənzildə yaşamayıblar. Ev sahibinin sexdə usta kimi çalışan tanışı ona belə bir xahiş edib, qarşılığında kommunal xərcləri ödəyib.

Məhkəmə azərbaycanlını təqsirli bilərək ona 200 min rubl (4 min 472 manat) cərimə kəsib, təxminən 2 milyon rubl (44 min 737 manat) dəyərində olan mənzilini müsadirə edib.

Vəkili Zarina Adıyeva apellyasiya şikayəti hazırlayıb. "Bu halda mənzil cinayətin törədilməsi vasitəsi sayıla bilməz, buna görə də müsadirə edilə bilməz. Bu məntiqlə yanaşsaq, onda qətl və ya zorlamaların törədildiyi mənzilləri də müsadirə edək", – o bildirib.

E1 qeyd edir ki, regionda ilk dəfə deyil belə hal yaşanır. 2025-ci ilin sonunda Nijni Taqil şəhər sakininin fərdi evi və həmin evin yerləşdiyi torpaq sahəsi müsadirə edilib. O, əcnəbinin saxta uçota alınmasında, eləcə də Rusiya vətəndaşının yaşayış yeri üzrə saxta qeydiyyata salınmasında təqsirli bilinib.

"Sever.Realii" isə Rusiya Ali Məhkəməsinin məlumatları əsasında hesablayıb ki, son beş ildə — 2020-2024-cü illərdə əmlakı müsadirə olunan məhkumların sayı 9.3 dəfə artıb, 2 min 580 nəfərdən 24 min 78 nəfərə yüksəlib.