Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda "Oskar"a namizəd filmin ssenari müəllifi saxlanılıb

Yanvarın 31-də İranda "Oskar"a namizəd "Sadə təsadüf" filminin ssenari müəlliflərindən biri, hüquq müdafiəçisi Mehdi Mahmudian saxlanılıb. Xəbəri ABŞ-də yerləşən İranda İnsan Haqları Fəalları (HRAI) təşkilatı yayıb.

Mahmudianın nədə ittiham olunduğu hələlik bəlli deyil. "The Associated Press" yazır ki, onun yanvarın 28-də 16 nəfərlə birlikdə imzaladığı bəyanatda İranın ali dini rəhbəri Əli Xamenei, rejimin etirazları amansızlıqla yatırması pislənir.

İranlı hüquq müdafiəçilərinin bildirdiyinə görə, həmin bəyanatı imzalayan daha iki nəfər – Vida RəbbaniAbdulla Momeni də həbs edilib.

"Sadə təsadüf" filminin rejissoru Cəfər Pənahi Mahmudianın həbsini pisləyib. "Mehdi Mahmudian sadəcə hüquq müdafiəçisi və vicdan məhbusu deyil. O, şahiddir, dinləyicidir və nadir mənəvi varlıqdır, onun yoxluğu həm həbsxana divarları içində, həm də kənarda dərhal hiss olunur", – Pənahi deyib.

Pənahi də 28 yanvar tarixli bəyanatı imzalayıb. Bəyanatda deyilir ki, "Qanunsuz rejimə son qoymaq üçün cəsarətlə küçələrə çıxan vətəndaşların kütləvi və sistemli qətli dövlətin insanlığa qarşı təşkilatlanmış cinayətidir".

HRAI bildirir ki, fevralın 1-dək İranda etirazlarda 6 min 842 nəfərin öldüyü təsdiqlənib, daha 11 min 280 hadisə araşdırılır, 11 mindən çox insan xəsarət alıb. Digər mənbələr fərqli rəqəmlər göstərir. Amma bütün mənbələr minlərlə qurbanın olduğunu bildirir.

Rəsmilər isə 3 min civarında insanın öldürüldüyünü təsdiqləyib.