"İran inqilabi anın başlanğıcındadır" - Müsahibə
10 Yanvar 2026
İran ruhani hakimiyyətinə son illərin ən böyük etirazları ilə çalxalanır, hakimiyyət sərt repressiyaya əl atır. Küçə etirazları, İran bazarlarda tacirlərin tətili 1979-cu il İslam İnqilabından öncəni xatırladır.
İranda baş verənlər İslam Respublikasının sonunu gətirə bilərmi? AzadlıqRadiosu bunu Corc Meyson Universitetinin ictimai siyasət professoru, inqilablar və sosial dəyişikliklər üzrə dünyanın aparıcı tədqiqatçılarından biri Cek Qoldstoundan soruşub.
"Bəzi müşahidəçilər deyirlər ki, İran inqilaböncəsi və ya inqilabi vəziyyətdədir. İnqilabı nə müəyyən edir?", - "Radio Fərda"ın jurnalisti Hanna Kavianinin bu sualına cavabında Qoldstoun deyib ki, inqilabın başlaması üçün çoxlu sayda insan rejimin legitimliyinə meydan oxumalı, onun sonunu tələb etməlidir: "Bu, artıq baş verib. Ona görə də biz inqilabi bir anın başlanğıcındayıq. Amma İranda bunu dəfələrlə görmüşük və rejim etirazları dayandırmaq üçün lazımınca amansız davranıb".
Bununla belə, təhlilçi bu dəfə durumu rejimə ən böyük təhdid sayır. Nümayişləri coğrafi, müxtəlif sosial qrupların iştirakı baxımından 2009-cu ildə mübahisəli prezident seçkisindən sonrakı kütləvi etirazlardan bəri gördüyü ən genişmiqyaslı aksiyalar adlandırır.
Bəs, inqilab sayılması üçün əhalinin neçə faizi küçələrə çıxmalıdır? C.Qoldstoun bundan ötrü dəqiq rəqəm olmadığını deyir. Bir meydan adamla dola bilər, 100 min nəfər ölkəni idarə edəni qorxuda və o, Ukraynada olduğu kimi, qaça bilər. Onun fikrincə, burada əsas məsələ SEPAH-ın, "Bəsic"in qətiyyətindən asılıdır.
Etirazçılar hamını təmsil edirlər?
C.Qoldstoun inqilabın bir proses olduğunu, alına, yaxud alınmaya biləcəyini deyir. Uğur qazana, sonradan əks proses gedə bilər. Bəs İranda hansı faktorlar inqilaba gətirə bilər?
"Xamenei bütün həyatını inqilabın müdafiəsinə həsr edib. O, inqilabı qorumağı müqəddəs bir məsuliyyət sayır. Buna görə də gərəkən hər şeyi edəcək. Sual budur ki, etirazçılara atəş açmaq əmri verdiyi müxtəlif qruplar indi də bu əmrlərə tabe olacaqlarmı?", – təhlilçi bildirir. Onun sözlərinə görə, bu dəfə, demək olar, hamı etirazlara qoşulub deyə, "Bəsic", hətta SEPAH-ın etirazçılara atəş açması çətinləşir: "Onlar getdikcə hiss edirlər ki, etirazçılar hamını təmsil edirlər, cəmiyyətin bir seqmentini deyil".
Tədqiqatçı iqtisadi problemlərin, milli valyutanın iflasının, İranı xarici hücumdan qoruya bilməməyin rejimin əhali arasında etimad və legitimliyini itirməsinə səbəb olduğunu söyləyir. Dediyinə görə, SEPAH da rejimə inamını itiribsə, onda Xamenei və ruhanilərə deyə bilər ki, kənara dursunlar və özləri yeni hökumət formalaşdırmağa çalışa bilərlər.
Misir müqayisəsi
C.Qoldstoun İranda baş verənləri 2010-cu ilin yanvarında Misir inqilabı ilə müqayisə edir. Onda camaat "Təhrir" meydanına yığışmışdı və ordunun xalqı, yoxsa rejimi dəstəkləcəyini bilmirdi.
"Fikrimcə, indi İranda da eyni vəziyyətdir. Dəyişikliyə böyük ümid var. Amma İnqilab Keşikçilərinin rejimə bütün gücü ilə dəstək verib-verməyəcəyini bilməyənəcən bundan sonra nə baş verəcəyini demək mümkün deyil", – o əlavə edir.
Bəs, ABŞ və digər ölkələrin İranda baş verənlərdə hansısa rolu varmı? Təhlilçi bunun belə olmadığını düşünür və etirazların İran xalqı ilə ölkə rəhbərliyi və ordu arasında baş verdiyini deyir. Onun fikrincə, bir neçə günə ordunun keçmişdəki kimi zorakılıqla davranıb-davranmayacağı bəlli olacaq.
"2022-ci ildə ("Qadın, Həyat, Azadlıq" etirazları zamanı) hərbçilər yüzlərlə insanı öldürdü, minlərlə adamı həbs etdi. İndi də eyni addımları atmalı olacaqlar, bəlkə də, daha sərt. Ona görə də onların buna hazır olub-olmadığını görməliyik. Xamenei günahı xarici təsirlərdə görür. Etirazçıları millətin düşməni kimi göstərməyə çalışır. Amma məncə, onun hazırkı dinamikanı dəyişəcək sözü yoxdur. Çox güclü, repressiv reaksiya olmasa, etirazlar böyüyəcək", – C.Qoldstoun deyir.