Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ təhlükəsizlik eksperti: "Trampın İranla sazişinin taleyi İsraildən asılıdır"

ABŞ və İran son günlər hərbi qarşıdurmalara baxmayaraq, ilkin razılaşmanın əldə olunması istiqamətində səylərini intensivləşdirib.

Dəniz Strategiyası Mərkəzinin milli təhlükəsizlik üzrə baş müşaviri Mett Rayzener AzadlıqRadiosuna açıqlamasında hərbi təzyiqlərlə diplomatik səylərin eyni vaxtda davam etdirilməsinin səbəblərinə toxunub. O, həmçinin Tehranla imzalanacaq hər hansı bir razılaşmada İsrail amilinin rolunu izah edib.

Bu gün ABŞ və İsrailin İranla qarşıdurması hansı mərhələdədir, gərginlik səngiməyə doğru gedirmi? Rayzenerin fikrincə, ABŞ və İran arasında bir çox fundamental məsələlər üzrə hələ də ciddi fikir ayrılıqları qalmaqdadır. Prezident Donald Tramp açıq şəkildə bildirib ki, İranın nüvə silahı əldə etməsi üçün heç bir etibarlı yol qalmamalıdır. İran isə 2015-ci il nüvə sazişi (JCPOA) ilə üzərinə götürdüyü öhdəliklərdən daha artığını qəbul etmək niyyətində olmadığını göstərir.

Digər tərəfdən, ABŞ Hörmüz boğazının qeyd-şərtsiz açıq qalmasında israr edir, İran isə bu strateji su yoluna nəzarəti əlində saxlamağa çalışır.

"ABŞ-nin mövqeyindən yanaşdıqda belə bir haqlı sual yaranır: əgər sanksiyalar yumşaldılsa və dondurulmuş aktivlər açılarsa, İranın saziş şərtlərinə əməl edəcəyinə necə inanmaq olar? Danışıqlar aparan tərəflərin mənfi tarixi təcrübəsi onların ortaq məxrəcə gəlməsini çətinləşdirir", – ekspert vurğulayır.

Ekspertin fikrincə, Livandakı hərbi əməliyyatlar da sülh sazişinin imzalanması yolunda ciddi əngələ çevrilib.

"Heç biri asan məsələ deyil"

Bəs sülhün çərçivə sazişi üçün ən çətin məqam hansı məsələ olacaq? Rayzener bu problemlərin heç birinin həllini asan saymır.

"Fərz edək ki, İran nüvə proqramına məhdudiyyətlərin qoyulmasını prinsipcə qəbul etdi. Bu halda sanksiyalar proqram ləğv edilməzdən əvvəl, yoxsa sonra yumşaldılmalıdır? Tehran sadə vədlər qarşılığında zənginləşdirilmiş urandan imtina etməyəcək. Bəlkə, mərhələli saziş mümkündür? Yəni İran öz nüvə infrastrukturunun elementlərini təhvil verdikcə, sanksiyalar və blokada da mərhələli şəkildə yumşaldılsın", – təhlilçi bildirir.

Onun fikrincə, İsrail amili bu məsələni daha da qəlizləşdirir. Təl-Əviv İranın nüvə proqramını tamamilə ləğv etməyən, sadəcə məhdudlaşdıran yarımçıq sazişlərlə razılaşmaya bilər: "Baş nazir Binyamin Netanyahu illərdir İranı İsrail üçün varlıq təhdidi kimi təqdim edir. Buna görə də Vaşinqtonun əldə etdiyi yeni razılaşma hər hansı formada 2015-ci ilin nüvə sazişini xatırladarsa, Netanyahunun koalisiyasının sağ qanadının bunu qəbul edib-etməyəcəyi böyük sual altındadır. Əks halda, bu münaqişə bir neçə ay və ya bir neçə ildən sonra yenidən alovlana bilər".